Qaynarinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir. "Layihənin rentabelli olma ehtimalı çox da yüksək deyil”.
Qaynarinfo-ya açıqlamasında bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Rəşad Həsənov deputat Qüdrət Həsənquliyevin səsləndirdiyi Xəzərin dibi ilə avtomobil və dəmiryolunun çəkilməsi təklifini şərh edərkən deyib.
İqtisadçının fikrincə, bu, kifayət qədər böyük xərc tələb edən layihədir: "Bununla bağlı yalnız ciddi iqtisadi qiymətləndirmə, onun ətraf mühitə təsirləri, orta və uzun müddətli dövrdə icrasının mümkünlüyü, geosiyasi şərtlərin uyğunluğu, layihəyə qoyulan investisiyanın özünü doğrultma ehtimalları qiymətləndirildikdən sonra fikir bildirmək daha doğru olar.
Sadalanan bu istiqamətlər üzrə hələlik heç bir araşdırma, qiymətləndirmə yoxdur.
Bu olmadığından layihə ilə bağlı konkret fikir bildirmək də çətindir”.
Ekspertə görə, verilən təklifdə məqsəd ölkənin tranzit gücünün artırılması və onunla paralel siyasi mövqeyinin gücləndirilməsidir: "Amma hələlik bu istiqamətdə aparılan təşəbbüslərin rentabelliyi çox da yüksək deyil.
Tranzit gəlirlərin tədiyyə balansındakı payına baxanda bunu daha aydın şəkildə görə bilərik. Hazırda kifayət qədər alternativ layihələr var.
Onlarla müqayisədə əldə edilə biləcək üstünlüklər, layihənin özünün əvəzedicisi məsələsini nəzərə almaqla ilkin olaraq ehtimal etmək olar ki, layihənin rentabelli olma ehtimalı çox da yüksək deyil”.