Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir. "Son illərdə Xəzərdə suyun səviyyəsinin enməsi müşahidə olunur.
Bu da əsasən, Volqa çayında baş verən proseslərlə bağlıdır. Ümumiyyətlə, Rusiya ərazisində Volqa çayından həddindən artıq su götürülür".
Bu fikirləri Redaktor.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) yanında İctimai Şuranın sədri Amin Məmmədov Xəzərdə suyun səviyyəsindən bəhs edərkən bildirdi.
Onun sözlərinə görə, Volqa çayında iqlim dəyişikliklərinin təsiri ilə son illər qlobal istiləşmə nəticəsində buxarlanma həddindən artıq çoxalıb: "Rusiya Federasiyası bunu bu cür izah edir.
Amma əslində, ehtiyac və tələbat artdığı üçün sənaye, məişət və kənd təsərrüfatında suya olan tələbat yüksəlib, buna görə də çaydan daha çox su götürülür.
Xəzər dənizində suyun 80 faizdən çoxunu Volqa təmin etdiyinə görə, dənizə əvvəlki illərdə, onilliklərdə olduğu qədər su daxil olmur.
Ümumilikdə, müəyyən temperatur artımına görə isti fəsillərdə buxarlanma da intensiv olur.
Amma bu, elə bir səbəb deyil ki, səviyyə bu qədər aşağı düşsün".