Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur sürətlə dirçəlir, şəhərlər, kəndlər bərpa edilərək yeni simasına qovuşur. Genişmiqyaslı quruculuq işləri nəticəsində uzun illər Vətən həsrəti ilə yaşamış keçmiş məcburi köçkünlərin mərhələli şəkildə ata-baba yurdlarına qayıdışı daha geniş vüsət alır. Bir vaxtlar ölüm qorxusu altında ev-eşiklərindən didərgin düşmüş insanlar indi sevinc və qürur hissilə ata-baba yurdlarına dönürlər.
Noyabrın 27-də Xocalı, Ağdərə və Xocavənd rayonlarında növbəti qayıdış sevinci yaşanıb. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, bu mərhələdə Xocalı rayonunun Xanyurdu kəndinə 32 nəfərdən ibarət 9 ailə, Xanabada 8 (33 nəfər), Badaraya 4 (7 nəfər), Ağdərə rayonunun Çıldıran kəndinə 49 nəfərdən ibarət 15, Vəngliyə 10 (43 nəfər), Kolatağ kəndinə 2 (6 nəfər), Heyvalıya 1 (1 nəfər), Xocavənd şəhərinə 30 nəfərdən ibarət 7 , rayonun Quzeyxırman kəndinə isə 17 ailə (71 nəfər) köçürülüb.
Xocalı şəhərində doğma yurdlarına dönən keçmiş məcburi köçkünlərə yeni mənzillərin açarları təqdim olunub. Açarların təqdim edilməsi və qarşılanma mərasimində Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəliyinin, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları, xocalılılar iştirak ediblər.
Bildirilib ki, köçürülən sakinlər üçün evlər yenidən bərpa olunub və yaşayış üçün zəruri şərait yaradılıb. Mənzillər elektrik enerjisi, qaz və su xətləri ilə təmin edilib, kəndlərdə müasir infrastruktur qurulub, o cümlədən yüksəksürətli internet xətti çəkilib.
Xocavənd şəhərinə və Quzeyxırmana qayıdan sakinlərə də yeni evlərinin açarları təqdim edilib. Mərasimdə Prezidentin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, eləcə də Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları iştirak ediblər. Burada da keçmiş məcburi köçkünlər müasir tələblərə cavab verən evlərlə təmin ediliblər.
Hər iki mərasimdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları sakinlərə mina və partlamamış hərbi sursatların təhlükəsi barədə ətraflı məlumat veriblər. Onlara tanımadıqları naməlum əşyalar və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları zaman aidiyyəti qurumlara xəbər vermələri tövsiyə olunub.
Keçmiş məcburi köçkünlər onlar üçün yaradılan şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirərək, uzun illərdən sonra ata-baba torpaqlarına qovuşmağın həyəcanını yaşadıqlarını qeyd ediblər. Eyni zamanda, xalqımıza tarixi qələbələr bəxş edən, torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızın əziz xatirəsi ehtiramla anılıb.
Xocalı rayonunun Xanabad kəndinə qayıtmış Rəsul Alışov sevincini oxucularımızla bölüşüb, bu xoşbəxtlik hissslərini yaşayacağına hər zaman inandığını deyib:
– Bu inam məndə hələ ümummilli lider Heydər Əliyev Azərbaycanın ən ağır günlərində xilaskar kimi hakimiyyətə qayıdanda yaranmışdı. Əmin idim ki, torpaqlarımız işğaldan azad olunacaq, Vətən həsrətimiz sona çatacaq. Allah Ulu öndərin layiqli davamçısı, möhtərəm Prezident İlham Əliyevi qorusun! Onun sayəsində daha məcburi köçkün deyiləm. Həyəcandan əllərim əsir...
Şəhid qızı, Birinci Qarabağ müharibəsi zamanı anasını itirmiş Rəqsanə Qurbanova da sevincdən qəhərlənərək, Qarabağa qayıtmağın sözlə ifadə edilə bilməyəcək xoşbəxtlik olduğunu bildirib:
– Çox şükür, daha öz torpağımızda ev sahibiyik, bundan sonra doğma kəndimizdə yaşayacağıq. Bu, elə bir hissdir ki, ancaq yaşayanlar bilər. Dövlətimiz var olsun, burada bizə hər şərait yaradılıb. Allah şəhidlərimizə rəhmət eləsin! Bu gün anamın da ruhunun şad olduğu gündür. Biz Prezidentimizi sevirik, hər zaman onun ətrafında “Dəmir yumruq” olacağıq. Çünki məhz Müzəffər Ali Baş Komandanımızın sayəsində Qarabağımıza qovuşmuşuq və bu gün qürurla “Xoş gördük, əziz yurdumuz” deyirik!
Deyilənlərə onu da əlavə edək ki, Xocalı, Ağdərə və Xocavəndə növbəti qayıdış mərhələsində də əsasən respublikanın müxtəlif ərazilərində yataqxanalarda, sanatoriyalarda, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrin köçürülməsinə üstünlük verilib. Müntəzəm şəkildə davam etdirilən köç prosesi, doğma yurdlarına qayıdan insanlar üçün yaradılan şərait dövlətimizin bu sahəyə prioritet fəaliyyət istiqamətlərindən biri kimi yanaşmasının, Böyük Qayıdış proqramının uğurla icrasının, həmçinin işğaldan azad edilmiş ərazilərdə həyatın yenidən canlanmasının, dayanıqlı məskunlaşmanın təmin edilməsinin göstəricisidir.
Mahir RƏSULOĞLU,
XQ-nin Qarabağ müxbiri