Icma.az bildirir, 525.az portalına istinadən.
Polyak rejissor Malqojata Şumovskanın 2018-ci ildə ekranlara çıxan “Üz” bədii filmi 68-ci Berlin kinofestivalında “Gümüş Ayı” mükafatına layiq görülüb.
Filmin sujetinə görə, Polşa kəndlərindən birində İsa Məsihin heykəli qoyulur. Məqsəd İsa Məsihin ən nəhəng heykəlini düzəltməkdir. Əsas qəhrəman, kənddə hamının sevimlisi olan Yatsek (Mateuş Kostsyukeviç) də heykəlin qoyulması prosesində iştirak edir. İş zamanı Yatsek yıxılır və onun üzü zədə alaraq tamamilə tanınmaz hala düşür. Və ona yeni üz transplantasiya edirlər. Lakin üzünün tam bərpası üçün gənc oğlan daha bir neçə əməliyyat keçirməlidir. Evə qayıdandan sonra ətrafın ona münasibəti dəyişir. Yatsekin üz ifadələri ilə emosiyalarını ifadə edə bilməməsi (adamlar onun ciddiliyini və ya gülməyini ayırd edə bilmirlər), aydın danışmaması münasibətlərdə də çətinlik yaradır. Doğmaları onu qəbul etmək istəmir, dövlət onun müalicəsi üçün pul ayırmağa vəsaitin olmadığını deyir. Jurnalistlər isə onun faciəsindən şou düzəldirlər. Yatsek düşdüyü vəziyyəti dəyişməkdən ötrü qərar qəbul etməli olduğunu anlayır...
Hazırda polyak kinosunun parlaq nümayəndələrindən biri Malqojata Şumovska filmini müasir Polşada baş verənlərə metafor adlandırır. Müəllif bunu dedikdə polyakların yad adam qarşısında qorxu hissi duymasını nəzərdə tutur. Yəni cəmiyyətin mədəni, milli, dini fərqliliyinə görə onlardan seçilən insanlara münasibətini, bir növ qəbul etməməsini. Məsələ ondadır ki, polyak intellektuallarını ölkədə sağ ideyaların təbliği, mühafizəkarların güclənməsi narahat edir. Xüsusən də, ölkədə katolik kilsə hakimiyyət və toplum üzərində əhəmiyyətli təsirə malikdir. Rejissora görə mövcud durum ölkədə qapalı mühit yaradır və o, filmini ölkədəki ictimai-siyasi mühitə reaksiya kimi çəkdiyini deyir. Təsadüfi deyil ki, əhvalatın əsas xətlərindən biri katolik kilsənin sərt tənqidi, müəllifin ona satirik yanaşmasıdır. Kilsə, dini ayinlər və s. kənd əhalisinin həyatının əsas mənasıdır. Rejissor müxtəlif situasiyalar vasitəsilə dinin riyakarlığını göstərir. Misalçün, İsa Məsihin heykəlinə baş çəkən katolik dini rəhbər heykəlin başının düz qoyulmadığını, onun düzəldilməsini tələb edir. Bunun əvəzində isə o, tikinti işində müsəlmanların qeyri-leqal işləməsinə göz yumacağını deyir.
Keşiş Yatsekin anasına xəstəlik zamanı valideynin övladının yanında olmasının dində vacib sayıldığını bildirir. Amma Yatsekin anası dindar olmasına rəğmən, oğlunu qəbul etmək istəmir. Ona elə gəlir ki, oğlunun bədəninə şeytan girdiyi üçün o, hər şeyə başqa cür baxır və onun bədənindən şeytanı çıxarmaq üçün kilsə ayini keçirir.
“Üz” daha çox sevgi haqdadır. Yatsek qəzaya uğrayandan sonra ona həqiqi münasibət üzə çıxır. Əslində əsl sevginin mövcud olub-olmadığı məhz çətin vəziyyətlərdə aydınlaşır. Normal şərtlərdə isə sevgi daha çox imtiasiyadır. Və Yatsek də çətin günlərində doğma adamlarından sevgisizlik görür.
Filmin maraqlı epizodlarından biri, ekspozisiyada təsvir olunan endirim kampaniyasıdır. Uzun növbədə dayanan alıcılar mağaza açılan kimi ora cumur, soyunaraq malları alırlar. Onlar daha çox mal əldə etmək üçün bir-birini itələyir, tapdalayır, ayaqlayırlar. Üzü normal adamlar nə qədər eybəcər göründüklərinin fərqində deyillər. Onların fonunda üzü eybəcərləşmiş Yatsekin ruhu isə təmiz və gözəldir. Və o, cəmiyyət tərəfindən qəbul olunmayan, lağa qoyulan, dövrünün müasir İsa Məsihidir.
https://www.youtube.com/watch?v=V2i1A5X00dI
https://www.youtube.com/watch?v=bGEmiX80FA8
https://m.ok.ru/video/1105845553764
Sevda SULTANOVA