Yalançının evi yanacaq... Şübhə Dövrü başladı

28.01.2026

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Dünyamız sürətlə dəyişir. İndi informasiya daha əlçatan, daha sürətli və daha rəngarəngdir. Amma bu sürət və rəngarənglik bəzən insanları yanıltmaq üçün də istifadə olunur. Son illərdə süni intellektin yaratdığı görüntü və videoların "deepfake-lərin" gündəlik həyatımıza daxil olması ilə biz artıq “gördüyümüzə” tam inanmaqda çətinlik çəkirik.
Əvvəllər xəbərlər cəmiyyət üçün obyektiv informasiya mənbəyi sayılırdı. İnsanlar jurnalistlərin təqdim etdiyi məlumatı müəyyən bir səviyyədə doğru qəbul edirdi. İndi isə vəziyyət başqadır. Süni intellekt görüntüsü hər an gerçək hadisə kimi təqdim oluna bilər, bir neçə dəqiqə ərzində yayıla bilər.
Müasir dövrün ən böyük problemi artıq yalanın çoxluğu deyil, həqiqətin inandırıcılıq gücünü itirməsidir. Deepfake texnologiyası elə bir səviyyəyə çatıb ki, bir siyasətçinin heç vaxt demədiyi sözləri onun ağzından eşidir, bir hadisənin heç vaxt yaşanmamış görüntüsünü "canlı" izləyirik. Bu vizual manipulyasiyalar kütlələrin şüuruna elə bir şübhə toxumu əkir ki, insanlar artıq "görmək inanmaqdır" fəlsəfəsindən imtina etmək məcburiyyətində qalırlar. Saxta kontentin bolluğunda sabah həqiqi fəlakət və ya mühüm hadisə baş verdikdə, cəmiyyət onun da süni intellekt məhsulu olduğunu düşünüb reaksiya verməyə bilər.
Bu, yalnız texnologiyanın təsiri deyil. Psixoloji olaraq insan beyni, “həqiqi” ilə “yalan” arasındakı fərqi ayırmaqda çətinlik çəkəndə, ümumi inam sarsılır. Yəni, gerçək hadisələr də şübhə ilə qarşılanmağa başlayır. Hətta doğruluğu dəqiq təsdiqlənmiş məlumatlar belə “bəlkə yalandır” düşüncəsi ilə qəbul olunur.
Belə bir vəziyyət “Yalançının evi yandı” misalını xatırladır. Uşaqlıqda eşitdiyimiz bu nağılın mesajı sadə idi, yalan danışmaq sonda inamın itirilməsinə gətirib çıxarır. Bugünkü dövrdə isə yalanın həcmi və texnologiyanın sürəti bu misalı qlobal miqyasda təkrarlayır. İnsanların həqiqəti də sorğuladığı dövran gəlib.
Bəs çıxış yolu nədir? Ən vacib məsələ təhsildən başlayır. İnsanlar informasiya savadlılığı ilə silahlanmalıdır. Gördüklərini yoxlamaq, mənbəyə diqqət yetirmək və süni intellekt texnologiyalarını tanımağı bilməlidir. Eyni zamanda media qurumları da daha şəffaf olmalı, məlumatın doğruluğunu sübut edən mənbələri təqdim etməlidir.
Texnologiya dayanmadan inkişaf edir, amma inamı itirmək, qazanmaqdan çox çətindir. Bu səbəbdən, cəmiyyət olaraq “görünən hər şey həqiqət deyil” mesajını qəbul etməli, eyni zamanda həqiqəti qorumaq üçün gücümüzü artırmalıyıq. Əks halda, gələcəkdə həqiqi xəbərlərin də inandırıcılığı “yalançının evi yandı” misalı kimi unudulacaq.
İslam
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью