Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.
Bəzi insanlar yatmazdan əvvəl spirtli içki qəbul etməyin daha tez yuxuya getməyə kömək etdiyini düşünür. Hətta bunu rahatlamaq və günün yorğunluğunu atmaq üsulu kimi görənlər də var. Lakin mütəxəssislər bu vərdişin yuxunun keyfiyyətinə, ürək-damar sisteminə və ümumi sağlamlığa mənfi təsir göstərə biləcəyi barədə xəbərdarlıq edirlər.
Mövzu ilə bağlı “Yeni Sabah”a açıqlama verən qida məsələləri üzrə ekspert Fərid Səfərov bildirib ki, spirtli içki mərkəzi sinir sisteminə təsir edərək ilkin mərhələdə süstlük və yuxululuq yaradır. Lakin bu, orqanizmin sağlam şəkildə istirahət etməsi demək deyil:
“Alkoqol ürək döyüntülərini sürətləndirə, qan təzyiqinə təsir göstərə, susuzlaşmaya səbəb ola bilər. Həmçinin sidik ifrazını artırdığı üçün insanın gecə ərzində bir neçə dəfə oyanmasına şərait yaradır. Reflüksü gücləndirə, xoruldama və yuxu apnesi kimi tənəffüs problemlərini ağırlaşdıra bilər. Alkoqolun yaratdığı yuxululuq təbii yuxu prosesi ilə eyni deyil. İnsan daha tez yuxuya getsə də, yuxunun strukturu pozulur. Xüsusilə REM yuxusu, yəni beynin emosional emal və yaddaş prosesləri üçün vacib olan mərhələ zəifləyir. Alkoqolun təsiri azaldıqca gecənin ikinci yarısında yuxu səthiləşir, tez-tez oyanmalar baş verir. Nəticədə insan səhər yorğun, halsız və diqqəti dağınıq vəziyyətdə oyana bilər. İnternet mağaza
Yatmazdan əvvəl müntəzəm spirtli içki qəbul etmək zamanla alkoqoldan psixoloji və fiziki asılılıq riskini artırır. Orqanizm təsirə alışdıqca əvvəlki yuxululuğu əldə etmək üçün daha çox içkiyə ehtiyac yarana bilər. Uzunmüddətli alkoqol istifadəsi yüksək qan təzyiqi, ürək ritminin pozulması, qaraciyərin yağlanması və zədələnməsi, immun sisteminin zəifləməsi, depressiya və yaddaş problemləri ilə əlaqəlidir. Bundan əlavə, alkoqol bir sıra xərçəng növlərinin riskini də artırır”.
Ekspert qeyd edib ki, ümumiyyətlə, yatmazdan ən azı 4–6 saat əvvəl alkoqol qəbulunu dayandırmaq tövsiyə olunur:
“Lakin bu müddət alkoqolun tamamilə orqanizmdən xaric olması demək deyil. Qaraciyər orta hesabla bir standart alkoqol porsiyasını (təxminən 14 qram saf spirt) emal etmək üçün təxminən 2 saat və ya daha çox vaxta ehtiyac duya bilər. Bu müddət qəbul edilən miqdardan, içkinin növündən, bədən çəkisindən, qaraciyərin fəaliyyətindən və digər fərdi amillərdən asılıdır. Qəhvə içmək, duş qəbul etmək və ya su içmək alkoqolun parçalanmasını sürətləndirmir.
Əsas məqam budur ki, spirtli içki yuxuya getməyi asanlaşdırsa da, sağlam və bərpaedici yuxu vasitəsi deyil. Günün yorğunluğunu aradan qaldırmaq üçün alkoqola müraciət etmək əvəzinə, müntəzəm yuxu rejimi yaratmaq, yatmazdan əvvəl ekran istifadəsini azaltmaq və rahatlaşdırıcı vərdişlər formalaşdırmaq daha sağlam yanaşmadır”.