Bizimyol saytına istinadən Icma.az xəbər verir.
Politoloq Oqtay Qasımov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, İsrail- Fələstin münaqişəsinin həlli 80 ilə yaxındır davam etməkdədir və hələ də öz həllini tapmır: “Bu məsələdə tərəflərin məsələnin həllinə baxışları tamamilə bir birindən fərqlənir. Baxmayaraq ki, BMT Fələstin münaqişəsinin həlli ilə bağlı çox sayda qətnamələr, qərarlar qəbul edib, amma bunlar icra olunmayıb”.
Oqtay Qasımov
Qəzzadakı vəziyyətlə bağlı politoloq bildirib ki, Qəzzada atəşkəs rejiminə əməl olunur və “Tramp planı” artıq masaya yatırılıb: “Bununla bağlı Misirin Şarm Əl-Şeyx şəhərində oktyabr ayında beynəlxalq konfrans keçirildi və “Trampın sülh” planı qəbul olundu və bu planı bölgə ölkələrinin və marağı olan ölkələrinin əksəsriyyəti qəbul edib. Hazırda bu planın ikinci mərhələsinə keçidlə bağlı proses yaşanmaqdadır. Bu baxımdan Yaxın Şərqdəki İsrail-Fələstin münaqişəsinin həlli hələ uzun zaman tələb edən bir münaqişədir. Bu gərginlik eyni zamanda özündə həm də regional gərginliyi ehtiva edir. Hər zaman məhz Fələstin münaqişəsi üzərindən regionda bir savaşın çıxacağı ilə bağlı təhlükələr ehtimalı nəzərdə saxlanılır”.
Politoloqun fikrincə, hazırda Qəzza zolağında "HƏMAS" xeyli dərəcədə zəiflədilib, bununla yanaşı İranın proksi qüvvələrindən biri olan "Hizbullah" da ciddi şəkildə zəiflədilib, "Husilər"ə də ciddi zərbələr vurulub: “Bu baxımdan İsrail xeyli dərəcədə təhlükəsizlik baxımdan əlini gücləndirmiş olsa da, amma İranla bağlı məsələ açıq qalmaqdadır”.
Oqtay Qasımov regional müharibə təhlükəsindən danışarkən bildirib ki, müharibə ABŞ prezidenti Donald Trampın qərarından asılı olacaq: “İran sahillərinin yaxınlığında Amerika donanması cəmləşdirilib və bu böyük bir qüvvəni özündə əhatə edir. Hazırda Tramp da İran tərəfini danışığa məcbur etmək üçün məhz bu güc faktorundan təzyiq vasitəsi kimi istifadə edir. Amma mümkün az da olsa, ehtimallardan biri ondan ibarətdir ki, bölgəyə cəlb olunmuş bu hərbi qüvvələrdən istifadə oluna bilər. İrana zərbələr endirilə bilər. Bu halda regional müharibə təhlükəsi ciddi şəkildə yüksəlmiş olacaq. Çünki İran bəyan edib ki, əgər ona hücum ediləcəksə və zərbələr endiriləcəksə, o zaman bu savaş İran sərhədlərini aşacaq və Amerika Birləşmiş Ştatlarının bölgədəki hədəfləri vurulacaq”.
Beynəlxalq sistemin ikili standartları ilə bağlı politoloq Oqtay Qasımov qeyd edib ki, bunu ən yaxşı hiss edənlərdən biri elə Azərbaycan dövləti və Azərbaycan cəmiyyətidir.
“Dünya sisteminin reallığını qəbul etmək lazımdır ki, hər zaman belə olub. İkili standartlar olub. Yəni bir tərəfə tətbiq olunan standart bir cür olub, digər tərəfə tamamilə fərqli bir standartlar tətbiq olunub. Ona görə də məhz Yaxın Şərq münaqişəsində, Fələstin münaqişəsində də biz bu ikili standartları görməkdəyik. Bu baxımdan burada təəccüblü bir məsələ yoxdur.
Ümumiyyətlə, dünya var olduğu müddətdə elə böyük güclər, adətən öz maraqları naminə ikili standartlardan istifadə edirlər. Biz belə ikili standartlardan birinin nümunəsini elə ötən günlərdə də gördük. Avropa Şurası Parlament Assambleyası heç bir əsası olmadan yenidən Azərbaycanla bağlı bir qərar qəbul etdi. Azərbaycanda mühakimə olunan ermənilərlə bağlı çağırış etdi. Halbuki, artıq Ermənistan və Azərbaycan arasında məsələ böyük ölçüdə öz həllini tapıb və tərəflər sülh istiqamətində addımlar atmaqdadırlar. Ermənistan özü tərəfindən dilə gətirilməyən məsələlər, məhz beynəlxalq qurum statusu daşıyan AŞPA tərəfindən dilə gətirildi”-deyən politoloq bildirib ki, bu da ikili standartların ən açıq, bariz nümunələrindən biridir.
İradə Cəlil, Bizimyol.info