Icma.az, Lent az portalına istinadən məlumat verir.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə Bakıda silsilə oğurluqlar etməkdə təqsirləndirilən Aysel Zeynalova və Vüsal Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Lent.az xəbər verir ki, məhkəmə zərərçəkənlərin ifadəsi ilə davam edib.
Şahid E. A mənzilində olan oğurluğu marketdən qayıtdıqdan sonra gördüyünü bildirib: "Anamla birlikdə marketdən qayıdırdım. Açarı yerinə salanda elə asanlıqla fırlandı ki, buna özüm də məəttəl qaldım. Yenə də ürəyimə heç nə gəlmədi, evə daxil olduq. Yağış bütün üst-başımızı islatmışdı. Anam şkafdan quru corab, geyim götürmək üçün otağa keçəndə qəfildən "Aman, allah, bizi talayıblar" deyə çığırdı. Tez içəri qaçıb komoddan 22 000, 8 000 manatlıq boyunbağımın, bilərziyim, 3 000 dollarlıq saatımın, 30-35 000 dollarlıq brilyant komplektimin yoxa çıxdığını gördüm".
Zərərçəkmiş şəxs Ə.E ifadəsində təqsirləndirilən Aysel Zeynalovanı tanıdığını bildirib:
"Mən qızıl alıb-satıram, onu da iki ildir müştəri kimi tanıyırdım. Bir gün Aysel yanında bir qadın və kişi ilə gəlib, "Rolex" markalı qızıl bir saat göstərdi, dedi ki, rəfiqəsinin saatıdır. Saatın ortası çökmüşdü. Dəyərləndirdik, satası olmadığını deyib getdilər. Ondan şübhələnmək ağlıma gəlmədi; yaxşı geyinib-keçinmiş qadından necə şübhələnə bilərdim?"
Növbəti proses 9 fevral 14:30-a təyin olundu.
Xatırladaq ki, 27 yanvar 2025-ci il tarixində Nərimanov rayonunda polis əməkdaşlarının həyata keçirdikləri digər tədbirlə ev və otellərdən silsilə oğurluqlar edən Aysel Zeynalova və Vüsal Zeynalov saxlanılıblar. Bu şəxslər paytaxt sakini olan üç vətəndaşdan ümumilikdə 276 min manat dəyərində qızıl-zinət əşyaları, 1 000 manat və 2 ədəd mobil telefon oğurlayıblar. A.Zeynalova oğurluq əməllərindən sonra hadisə yerlərini tərk edərkən kameralardan yayınmaq üçün xüsusi geyimlərdən istifadə edib.Faktla bağlı hər iki təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.3.2 ( Oğurluq - küllü miqdarda ziyan vurmaqla törədildikdə) 145.1( Adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmə, iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) 180.2.2 ( Soyğunçuluq- təkrar törədildikdə) 180.2.5 (Zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə—
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) maddələri ilə ittiham olunublar.