Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı və İrəvan, nəhayət, böyük sülhün astanasına gəlib. Amma deyəsən, bu mənzərə hamını sevindirmir. Avropa Parlamentinin bəzi dəhlizlərində hələ də köhnə münaqişənin külünü eşələyib, ondan “siyasi alov” çıxarmaq istəyənlər var. Brüsselin Azərbaycana qarşı tutduğu mövqe bizə məlum acı bir həqiqəti xatırladır.
Qərb paytaxtlarında beynəlxalq hüquq və insan haqları tərəzisi hələ də əyri çəkir. Regionda baş verən köklü dəyişiklikləri görməzdən gəlmək artıq, sadəcə, siyasi korluq deyil, reallığı zorla öz maraqlarına uyğun əymək cəhdidir. Azərbaycan öz gücünə ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Münaqişənin hərbi-siyasi səhifəsi birdəfəlik bağlanıb. İndi Bakı və İrəvan münasibətləri normallaşdırmaq, bağlı yolları açmaq və sülh müqaviləsinə imza atmaq yolunda irəliləyir.
Amma qəribəsi odur ki, region sülhə doğru addımladıqca, Avropa Parlamentindəki bəzi qüvvələr əks istiqamətə qaçır. Sanki Brüssel üçün əsas məqsəd münaqişəni bitirmək yox, onu süni nəfəs aparatına qoşub siyasi gündəlikdə saxlamaqdır. Bunun adı qərəzli yanaşma və ikiüzlülükdür.
Sülhə dəstək, yoxsa...
Avropa Parlamentinin Azərbaycanla bağlı hazırladığı 2026/2147(INI) saylı sənəd layihəsi bu siyasi oyunun nümunəsidir. Məruzəçi rumıniyalı deputat Dan Barna, məsul qurum isə Xarici Əlaqələr Komitəsidir. Ən maraqlı və düşündürücü məqam isə məruzəçinin “məsləhət aldığı” ünvanlardır. Rəsmi sənədlərdə Ermənistanın Aİ yanındakı nümayəndəliyi ilə yanaşı, Azərbaycanlı Siyasi Mühacirlərin Koordinasiya Mərkəzinin (ASIMKOM) də adı hallanır. Təkcə bu fakt sənədin qərəzli olduğunu deməyə kifayət etməsə də, məsləhətləşmələrin kimlərlə aparıldığı və mətnin ümumi ruhu hər şeyi açıq-aydın göstərir.
Bəs niyə Avropa Parlamenti qərəzli mövqe tutur, regionun yeni reallıqlarına və birbaşa danışıqların ruhuna yox, keçmiş münaqişə dövrünün toz basmış, nəm çəkmiş baxışlarına söykənir? Əgər məqsəd doğrudan da sülhə töhfə verməkdirsə, ərazi iddiaları, revanşist xəyallar və sülhü baltalayan ritorika qınanmalıdır. Amma biz nə görürük? Azərbaycana qarşı barmaq silkələyib sərt tələblər qoyurlar, “Dağlıq Qarabağ” terminindən istifadə edir, insan hüquqlarından danışırlar. Ermənistanın öhdəliklərinə gəldikdə isə ya göz yumurlar, ya da başını sığallayırlar.
Eyni prinsiplərə fərqli yanaşmalar
İkili standartların ən aydın göründüyü yer məhz ərazi bütövlüyü məsələsidir. Avropa ölkələri öz sərhədlərinin toxunulmazlığını prinsipial şəkildə qoruyur. Bəs söhbət Azərbaycandan gedəndə bu prinsip niyə unudulur? Bu barədə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov mediaya açıqlamasında deyib: “Qarabağ məsələsində bizi ədalətsiz sülhə sürükləyirdilər. Misli görünməmiş bir vəziyyət yaranmışdı. Bizə “siz razılaşın, onsuz da bu reallığı dəyişdirmək mümkün deyil. Bu şəkildə sizə kömək edəcəyik” deyirdilər”.
30 il Azərbaycan torpaqları işğal altında qaldı, BMT qətnamələri icra olunmadı, yüz minlərlə insan öz yurdundan didərgin düşdü. Həmin illərdə Avropa Parlamentində bugünkü sanksiya çağırışlarının ondabiri qədər səs eşidilmirdi. İndi isə Azərbaycan öz torpaqlarını azad edəndən sonra Bakıdan ard-arda güzəştlər tələb edirlər. Ərazi bütövlüyü ümumbəşəri prinsipdirsə, hamıya münasibətdə eyni cür işləməlidir. Dövlətlərin suverenliyi parlament fraksiyalarının kaprizlərinə və lobbi qruplarının sifarişlərinə qurban verilə bilməz.
Hətta “Reuters” və “Associated Press” kimi nüfuzlu agentliklər noyabrın 23-də yazdılar ki, Ermənistanın yeni konstitusiya layihəsi Bakının əsas hüquqi narahatlıqlarından birini aradan qaldırır. Belə bir həssas məqamda Qarabağ mövzusunu köhnə çərçivədə yenidən qızışdırmaq sülhə yox, revanşistlərin maraqlarına xidmət edir.
İnsan hüquqları, yoxsa siyasi təzyiq?
Avropa Parlamentinin sənədlərində insan hüquqları və “siyasi məhbus” mövzusu tez-tez yer alır. Bu məsələlərin müzakirəsi normaldır, çünki heç bir dövlət tənqiddən kənarda deyil. Lakin insan haqları siyasi alver predmetinə və təzyiq vasitəsinə çevrilməməlidir. 2026-cı il oktyabrın 8-də Avropa Parlamenti Azərbaycanda bəzi şəxslərlə bağlı qətnamə qəbul edib. 492 lehinə, 23 əleyhinə səslə təsdiqlənən bu sənəddə hədəfli sanksiyalar və gələcək tərəfdaşlığın insan haqları şərti ilə məhdudlaşdırılması təklif olunub. Bu, artıq ayrı-ayrı deputatların emosional çıxışı deyil, bütöv parlamentin rəsmi mövqeyidir.
Bəs Ermənistandakı vəziyyət necədir? Oradakı insan haqları, siyasi həbslər, müxalifətə təzyiqlər və məhkəmələrin müstəqilliyi niyə eyni ciddiliklə araşdırılmır? Qanun və ədalət heç bir ölkə üçün istisna tanımamalıdır. Məsələ Avropa Parlamentinin Azərbaycandakı problemlərdən danışmasında deyil. Əsl problem bu qurumun insan haqlarına ikili standartlarla yanaşmasıdır.
Məhkəmə işlərinə münasibətdə də vahid ölçü olmalıdır. Kimlərinsə azadlığa buraxılması üçün edilən siyasi çağırışlarla konkret cinayətə görə verilən hüquqi cəza bir-birinə qarışdırılmamalıdır. Xüsusilə ağır cinayətlərə görə məhkum olunmuş şəxslərdən danışanda zərərçəkənlərin pozulmuş hüquqlarını və məhkəmə qərarlarını görməzdən gəlmək ədalətsizlikdir. Bununla bağlı S.Seyidov qeyd edib ki, Avropa Parlamentinin müstəqil ölkənin hüquq-mühafizə və məhkəmə orqanlarına göstəriş vermək cəhdi beynəlxalq hüquqa və daxili işlərə qarışmamaq prinsiplərinə ziddir: “Onlar insan hüquqlarından, demokratiyadan və qanunun aliliyindən dövlətlərə təzyiq göstərmək üçün istifadə edə bilməzlər”.
Hədə-qorxu, yoxsa ədalət?
Görünən odur ki, bu gün Cənubi Qafqazda davamlı sülhün bərqərar olmasına əsas maneə region ölkələri yox, prosesi kənardan özlərini dar siyasi ambisiyalarına uyğun yönəltmək istəyən dairələrdir. Bu qüvvələr üçün əsas məqsəd bölgədə sabitlik yaratmaq deyil, köhnə münaqişə ocaqlarını süni şəkildə gündəmdə saxlamaqla öz təsir rıçaqlarını qorumaqdır.
Artıq tarixin arxivinə gömülmüş separatizm mirasına süni nəfəs vermək, revanşist meylləri şirnikləndirmək və açıq-aşkar birtərəfli mövqe tutmaq beynəlxalq sülhyaratma prinsiplərinə daban-dabana ziddir. Tarix artıq öz qəti sözünü deyib. Artıq Azərbaycan beynəlxalq hüquqa söykənərək ərazi bütövlüyünü və suverenliyinibərpa edib. Bu gün regionun gələcəyini uzaq paytaxtlardan gələn diktələr, kağız üzərində qalan tələblər deyil, məhz Bakı ilə İrəvan arasındakı birbaşa, vasitəçisiz dialoq müəyyənləşdirir. Avropa Parlamentinin reallıqdan uzaq, qərəzli və ikiüzlü qətnamələri nə bu sahədəki vəziyyəti, nə də yeni geosiyasi düzəni dəyişmək gücündədir.
Brüssel üçün seçim, əslində, çox sadədir: ya köhnə stereotiplərdən, lobbi təsirlərindən və ikili standartlardan əl çəkib regionun aparıcı və söz sahibi olan aktoru ilə qarşılıqlı hörmət əsasında əməkdaşlıq etmək, ya da qərəzli siyasi oyunların əsirinə çevrilərək Cənubi Qafqazdakı təsir imkanlarını, vasitəçilik statusunu və etimadını tamamilə itirmək.
Unutmaq olmaz ki, sülhə və əməkdaşlığa gedən yol sanksiya hədələrindən, siyasi təzyiq ritorikasından yox, məhz ədalətdən, obyektivlikdən və dövlətlərin suveren hüquqlarına hörmətdən keçir. Avropa institutları bu həqiqəti nə qədər tez dərk etsələr, həm regionun təhlükəsizliyinə, həm də öz nüfuzlarının xilasına bir o qədər töhfə vermiş olarlar.
Pünhan ƏFƏNDİYEV
XQ