Yeni Fərmanın 3 sütunu: Rəqəmsal reyestr, sərt cəza, real turizm

02.02.2026

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 2 fevral, AZƏRTAC

2026-cı ilin yanvar ayı Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikasında milli-mənəvi dəyərlərin qorunmasını təmin edən müasir mədəniyyət modelinin yaradılması, mədəniyyət sahəsində sistemli və dayanıqlı inkişafın təmin olunması, mədəniyyət sahəsində qanunvericilik bazasının gücləndirilməsi, qəbul olunmuş qanunların işlək mexanizmlərə çevrilməsi məqsədilə bir sıra həllivacib məsələlərə dair fərman və sərəncamların imzalanması ilə də əlamətdar oldu.

Bu fikirlər sənətşünaslıq üzrə fəlsəfə doktoru Qalib Qasımovun AZƏRTAC-a təqdim etdiyi “Yeni Fərmanın 3 sütunu: Rəqəmsal reyestr, sərt cəza, real turizm” sərlövhəli məqalədə yer alıb. Yazını təqdim edirik.

Yanvarın 14-də “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası” təsdiqləndi. Konsepsiyanın təsdiqindən 14 gün sonra isə “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” və “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 30 dekabr tarixli qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı imzalandı.

Hüquqi baxımdan Fərman mövcud qanunvericiliyin boşluqlarını doldurmağı və sənədin əhatə dairəsinə daxil olan məsələlərlə əlaqəli məsuliyyət mexanizmlərini sərtləşdirməyi nəzərdə tutur. Artıq “Mədəni irs abidələrinin milli elektron reyestri” yaradılacaq və əvvəllər kağız daşıyıcılar üzərində olan abidələrin qeydiyyatı bu reyestr üzərindən həyata keçiriləcək. Reyestrin yaradılması hüquqi baxımdan abidənin sərhədlərinin dəqiq müəyyən edilməsi və mülkiyyət növündən asılı olmayaraq dövlət mühafizəsinə alınmasını təmin edəcəkdir. Eyni zamanda abidələrə zərər vuran tikinti şirkətləri və ya fiziki şəxslər üçün cərimələr simvolik xarakter daşımaqadan kənara çıxacaq və hüquqi şəxslər üçün fəaliyyətin dayandırılmasına qədər kəskin sanksiyalar tətbiq olunacaq.

Fərmanın 2-ci bəndində Nazirlər Kabinetinə Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” və “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 30 dekabr tarixli qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi barədə tapşırıq verilib.

Bundan sonra qorunma altında olan zonalarda aparılan istənilən qazıntı və tikinti işləri artıq yerli icra hakimiyyətlərinin deyil, birbaşa Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəyi əsasında həyata keçiriləcək. Bu isə öz növbəsində qoruma altında olan mədəni irs nümunələrinə nəzarətin gücləndirilməsinə, monitorinq və preventiv tədbirlərin görülməsinə şərait yaradacaqdır. Artıq abidələrə zərər dəydikdən, iş-işdən keçdikdən sonra deyil, daha operativ qaydada nəzarət edilməsi və dəymiş zərərlə bağlı daha tez reaksiya verilməsi mümkün olacaqdır. Fərmanın mühüm nüanslardan biri də budur ki, abidələrin və mədəni irs nümunələrinin qorunmasında "ictimai iştirakçılıq" prinsipi ön plana çıxır. Bu isə öz növbəsində, könüllülərin və yerli sakinlərin öz bölgələrindəki abidələrin keşikçisinə çevrilməsi üçün hüquqi zəmin yaradır.

Başqa diqqət çəkən bir məqam isə maliyyələşmə məsələsidir. Artıq yalnız dövlət büdcəsindən deyil dövlət-özəl tərəfdaşlığı (PPP) modellərinin tətbiqinə icazə verilir. Keçmiş təcrübə göstərir ki, tarixi abidələrin bərpası zamanı bəzən kosmetik təmirlə kifayətlənirdilər, müəyyən hallarda orijinallığın itirilməsinə yol verilirdi. Artıq bərpa UNESCO-nun da qəbul etdiyi beynəlxalq standartlara uyğun şəkildə aparılmalıdır. Hamımıza məlumdur ki, əvvəllər abidələrin mühafizəsi daha çox "sahibkar-məmur" münasibətləri müstəvisində həll olunur və bu zaman neqativ hallarda yol verilirdi. Fikrimcə yeni Fərman bu prosesi şəffaflaşdıraraq ictimai nəzarətin və rəqəmsal izləmənin predmetinə çevirməlidir.

Qarabağ və Şərqi Zəngəzurda məhv edilmiş abidələrin vəziyyətinin sənədləşdirilməsi, elektron daşıyıcılara köçürülməsi Fərmandan irəli gələn mühüm məsələdir. Bu, sadəcə abidələrin, mədəni irs nümunələrinin restavrasiyasiyası deyil, eyni zamanda Ermənistanın həyata keçirdiyi "mədəni soyqırım"ın beynəlxalq hüquq müstəvisində sübuta yetirilməsi üçün zəruri olan elmi-hüquqi bazadır.

Cəmiyyətimizi düşündürən məsələlərdən biri də bu idi ki, bəzən abidələrə sadəcə keçmişin “daş yığını” kimi baxılırdı. Halbuki, dünyanın bir çox ölkələrində mədəni irs və turizm simbiozu uğurla tətbiq olunur. İtaliya, Türkiyə, İordaniya, Mərakeş və s. ölkələr bu modeli artıq çoxdan tətbiq edir və uğurlu nəticələr əldə edirlər. Fərman mədəni irs nümunələrinin "iqtisadi dövriyyəyə cəlb edilməsi"nə şərait yaratmış olacaq. Bununla da mədəni irs nümaunələrinin turizm potensialı olan bir resurs kimi idarə oluna, tarixi karvansaraların və ya hamamların funksionallığını qorumaqla onların müasir turizm infrastrukturuna inteqrasiyası təşviq edilir bilər.

Proqnozlaşdırmaq olar ki, yeni Fərman 3 əsas sütunu gücləndirəcəkdir: rəqəmsal reyestr, sərt cəza, real turizm. Fərman Azərbaycanın mədəniyyət siyasətində, mədəni irs nümunələrinin istifadəsində və qorunmasında konservasiyadan menecmentə keçidi təmin etdirəcək. Azərbaycanın tarixi abidələr xəritəsi rəqəmsallaşacaq, qanunsuz tikinti layihələrinin tarixi irsə müdaxiləsinin qarşısı alınacaq, mədəni irs nümunələri ilə "daş yığını" kimi davranılmasının qarşısı alınacaq və onlar turizm potensialına malik “canlı” mədəniyyət obyektlərinə çevriləcəkdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью