Banco.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Müəllif: Gülnar Əhmədli, Banco.az
Ali təhsil almaq və universiteti bitirmək gənclərin əmək bazarına daxil olması üçün vacib addımlardan biri olsa da, bu, hər zaman iş tapmağa zəmanət vermir. Bir çox işəgötürən vakansiyalar üzrə namizədlərdən iş təcrübəsi tələb edir ki, bu da əmək fəaliyyətinə yeni başlayan məzunlar üçün çətinlik yaradır. Təcrübəsi olmayan gənclər işə qəbul olunmaqda çətinlik çəkərkən, təcrübəni harada və necə qazanmalı olduqları sualı da açıq qalır. Bəs yeni məzunlar ilk işlərini tapmaq üçün hansı addımları atmalı və işəgötürənlərin tələblərinə necə uyğunlaşmalıdırlar?
İnsan Resursları üzrə mütəxəssis Günay Əskərova Banco.az-a açıqlamasında bildirib ki, burada əsas məsələ yeni məzunların işə qəbulunun çətin olması deyil, onların əmək bazarının tələblərinə uyğunlaşma prosesidir:
"Universitet gənclərə nəzəri biliklər verir, amma iş həyatı bu bilikləri praktikada tətbiq etməyi, komanda ilə işləməyi, məsuliyyət götürməyi və real iş situasiyalarında düzgün qərarlar verməyi tələb edir. İşəgötürənlər də namizəd seçərkən yalnız diplomuna deyil, onun bacarıqlarına, öyrənməyə açıqlığına və potensialına diqqət yetirirlər".
"Bəs iş elanlarında niyə tez-tez təcrübə tələb olunur? Çünki şirkətlər, xüsusilə də müəyyən vəzifələr üzrə, işə daha tez uyğunlaşa bilən əməkdaş axtarırlar. Lakin hesab edirəm ki, burada işəgötürənlərin də üzərinə məsuliyyət düşür. Əgər hər kəs namizəddən təcrübə tələb edirsə, bəs həmin təcrübəni qazanmaq üçün gənclərə kim imkan yaradacaq?
Mənim yeni məzunlara əsas tövsiyəm budur: Universiteti bitirməyi karyeranın başlanğıcı hesab edin, son nöqtəsi yox. Təhsil aldığınız müddətdə təcrübə proqramlarında, könüllü layihələrdə, təlimlərdə və real iş mühitinə yaxın fəaliyyətlərdə iştirak edin. İxtisasınız üzrə praktiki bacarıqlarınızı inkişaf etdirin, CV-nizi düzgün hazırlayın və müsahibələrə ciddi hazırlaşın.
İş təcrübəniz yoxdursa, bunu yalnız çatışmazlıq kimi görməyin. Universitet layihələrinizi, könüllü fəaliyyətinizi, bildiyiniz proqramları, dil bacarıqlarınızı və əldə etdiyiniz nəticələri göstərin. Çünki təcrübə yalnız rəsmi iş yerində qazanılmır.
Unutmayaq ki, hər bir təcrübəli mütəxəssis bir zamanlar təcrübəsiz olub. Gənclərə yalnız nəyi bacarmadıqlarına görə deyil, nələri öyrənə və nələrə nail ola biləcəklərinə görə də şans vermək lazımdır. İşəgötürənlər üçün də vacib məqamlardan biri gənclərin potensialını düzgün qiymətləndirməkdir", - mütəxəssis bildirib.
Onun sözlərinə görə, bəzən namizədin geniş iş təcrübəsi olmaya bilər, lakin onun öyrənməyə həvəsi, məsuliyyət hissi, təşəbbüskarlığı və inkişaf potensialı yüksək ola bilər: "Düşünürəm ki, düzgün seçim və inkişaf imkanları yaradıldıqda, bu gənclər gələcəkdə şirkətlər üçün dəyərli kadrlara çevrilə bilərlər. İşəgötürənin tələblərindən asılı olaraq işə qəbul prosesində bəzən namizədin təcrübəsinə o qədər fokuslanırıq ki, onun potensialını, öyrənmək istəyini və inkişaf etmək bacarığını ikinci planda qoyuruq. Halbuki, hər birimiz bilirik ki, heç kim iş həyatına tam hazır mütəxəssis kimi başlamır. Bəzi bacarıqlar məhz iş prosesində, təcrübə qazandıqca formalaşır. Ona görə də düşünürəm ki, namizədə yalnız bu gün nələri bacardığına görə deyil, sabah nələri bacara biləcəyinə görə də şans vermək lazımdır. Bəzən düzgün insana verilən bir fürsət həm həmin insanın karyerasında dönüş nöqtəsi olur, həm də şirkət gələcəkdə özünün dəyərli əməkdaşlarından birini qazanır".
Bizi sosial şəbəkələrdən izləyin!!