Yerin tarixindən bir milyard ildən çox müddət silinib Alimlər yeni izah tapdı

20.11.2026

Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır.

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Yer kürəsinin geoloji tarixində bir milyard ildən artıq dövrə aid sübutların bəzi süxur qatlarında görünməməsinin səbəbi ilə bağlı yeni elmi izah irəli sürülüb. Tədqiqatçılar hesab edirlər ki, bu sirrin arxasında milyonlarla il davam edən qitə hərəkətləri və güclü eroziya prosesləri dayanır.

Qaynarinfo xəbər verir ki, “ScienceDaily” nəşrinin məlumatına görə, nəticələri “Nature” jurnalında dərc olunan araşdırmada alimlər Yer mantiyasındakı hərəkətlərin qitələrin tədricən qalxıb-enməsinə səbəb olduğunu müəyyən ediblər.

Geologiyada “Böyük uyğunsuzluq” adlandırılan bu hadisə planetin tarixindəki ən böyük boşluqlardan biri hesab olunur. Normal şəraitdə süxur qatları zamanla bir-birinin üzərində toplanır və Yerin keçmişini öyrənmək üçün ardıcıl geoloji izlər yaradır. Lakin dünyanın bir sıra ərazilərində təxminən 540 milyon il əvvəl formalaşmış Kembri dövrünə aid süxurlar birbaşa milyard ildən də qədim kristallik süxurların üzərində yerləşir. Aradakı yüz milyonlarla illik təbəqələr isə yoxdur.

Bu hadisənin ən tanınmış nümunələrindən biri ABŞ-dakı Böyük Kanyonda müşahidə olunur. Oxşar geoloji boşluqlar Avropa, Asiya, Afrika və Avstraliyada da qeydə alınıb. Bəzi ərazilərdə çatışmayan dövr təxminən 200 milyon il olduğu halda, digər yerlərdə bir milyard ili ötür.

Vullonqonq Universitetinin doktorantı Santos Dhunqana və elmi rəhbəri Nikolas Flaman bu hadisəni izah etmək üçün Yer mantiyasının yüz milyonlarla il ərzindəki hərəkətlərini kompüter modelləri vasitəsilə araşdırıblar.

Yer qabığının altında yerləşən mantiya əsasən bərk, lakin uzun geoloji dövrlərdə çox yavaş hərəkət edə bilən isti süxurlardan ibarətdir. Buradakı istilik dövranı – mantiya konveksiyası – qitələrin böyük sahələrinin tədricən yüksəlməsinə və ya çökməsinə səbəb ola bilər.

Alimlərin modelinə əsasən, təxminən bir milyard il əvvəldən 540 milyon il əvvələ qədər davam edən Neoproterozoy dövründə Lavrentiya, Baltika və Şimali Çin kimi qədim qitə ərazilərinin mərkəzi hissələri yüksəlib. Uzun müddət davam edən bu proses külək, su və digər təbii amillərin təsiri ilə güclü eroziyaya şərait yaradıb. Nəticədə qədim süxur qatları aşınıb və onların üzərindəki geoloji izlər yox olub.

Daha sonrakı mərhələdə, təxminən son 540 milyon ili əhatə edən Fanerozoy eonunda həmin ərazilər tədricən çöküb. Dəniz suları ilə örtülən sahələrdə yeni çöküntü süxurları yaranaraq qədim, aşınmış qatların üzərində toplanıb. Beləliklə, bu gün müşahidə olunan kəskin geoloji sərhəd formalaşıb.

Tədqiqatçıların fikrincə, kompüter modellərinin Şimali Amerika, Şimali Avropa və Şimali Çin ərazilərində qeydə alınmış geoloji boşluqların coğrafi yayılmasını düzgün proqnozlaşdırması irəli sürülən nəzəriyyəni gücləndirir.

Araşdırma Yerin geoloji tarixindəki böyük boşluğun ayrı-ayrı bölgələrdə fərqli səbəblərlə deyil, planetin dərin qatlarında baş verən ümumi proseslərlə əlaqəli ola biləcəyini göstərir. Bununla belə, alimlər hesab edirlər ki, geoloji qatlarda görünməyən dövrlərin öyrənilməsi Yer kürəsinin keçmişini anlamaq üçün mühüm əhəmiyyət daşıyır.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью