Yol kənarında hinduşka adı ilə şişirdilmiş toyuq satılır FOTO

03.02.2026

Milli.az saytına istinadən Icma.az xəbər verir.

Yol kənarında şişirdilmiş toyuqları "hinduşka" və "qaz" adı ilə təqdim edirlər.

Milli.Az xəbər verir ki, tanınmış naşir Şahbaz Xuduoğlu başına gələn hadisə ilə bağlı özü məlumat verib.

Onun sözlərinə görə, yol kənarında Biləsuvar körpüsünü keçdikdən sonra Salyan istiqamətində yolun kənarında "hinduşka" və "qaz" adı ilə quşlar satılır.

Bildirib ki, alış zamanı quşların görünüşündə müəyyən şübhələri yaransa da, "aldatmazlar" düşüncəsi ilə məhsulları götürüb:

"Evdə məlum oldu ki, qaz və hinduşka adı ilə təqdim olunanlar sadəcə şişirdilmiş toyuqlardır. Yəni mən aldandım. Heç olmasa siz aldanmayın".

Məsələ ilə bağlı paylaşım edildikdən sonra Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) araşdırmaya başlayıb. Agentlik əməkdaşları hadisə yerində baxış keçirib və təqdim olunan faktın doğru olduğunu təsdiqləyib.

Şahbaz Xuduoğlu, bir daha vətəndaşlara, xüsusilə də sürücülərə xəbərdarlıq edib ki, yol kənarlarında satılan quşlara qarşı diqqətli olsunlar:

"Tələskənlikdən və insanlara dəstək niyyətindən istifadə edərək adamı aldadırlar. Maşını saxlayıb oradan quş almağınız məsləhət deyil. Məni qınadılar ki, niyə quşu toyuqdan ayıra bilmədim. Doğrusu, heç zaman inana bilməzdim ki, insanlarımız zəhərli qida satmaq həddində ola bilərlər. Qida Təhlükəsizlik Agentliyi yeməməyi məsləhət gördü. Mən də heyvanlar üçün zooparka göndərdim".

Mina Mikayılova
Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью