Azpost portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Braziliyanın San-Paulu Universiteti və Yeni Zelandiyanın Oklend Universitetinin alimləri beyində tənəffüsə nəzarət ilə arterial təzyiqin tənzimlənməsi arasında əlaqəni təmin edən nahiyə aşkar ediblər.
Tədqiqatçılar müəyyən ediblər ki, bu beyin sahəsi damarların spazmına səbəb olaraq qan təzyiqinin yüksəlməsinə təsir göstərə bilər. Nəticələr bəzi hallarda standart müalicəyə tabe olmayan hipertoniyanın səbəblərini anlamağa kömək edə bilər.
Araşdırmanın nəticələri “Circulation Research” jurnalında dərc olunub.
Təzyiqi yüksəldən beyin mexanizmi necə işləyir?
Alimlərin diqqət yetirdiyi sahə lateral parafasial nüvə adlanır. Eksperimentlərin nəticələrinə görə, bu struktur tənəffüsü idarə edən mərkəzlərlə simpatik sinir sistemi arasında əlaqə yaradır. Simpatik sinir sistemi orqanizmin stress və təhlükə zamanı işə düşən “döyüş və ya qaç” reaksiyasının əsas mexanizmlərindən biridir. Fizioloq Culian Peytonun izahına görə, təcrübələr zamanı bu beyin sahəsinin fəaliyyəti dayandırıldıqda heyvanlarda arterial təzyiq normallaşıb.
Hipertoniya olan siçovullarda isə təzyiq orta hesabla 16 mm civə sütunu aşağı düşüb.
Hipertoniyanın bir hissəsi sinir sistemi ilə bağlı ola bilər
Yüksək qan təzyiqi dünyada geniş yayılmış sağlamlıq problemlərindən biridir. Mövcud qiymətləndirmələrə görə, planet əhalisinin təxminən üçdə birində arterial təzyiq yüksəkdir. Problemin digər tərəfi isə müalicəyə cavab verməyən hallardır. Məlumatlara əsasən, xəstələrin təxminən 40 faizində dərman müalicəsinə baxmayaraq təzyiqi normal səviyyəyə salmaq mümkün olmur. Tədqiqat müəllifləri hesab edirlər ki, hipertoniyanın təxminən yarısında xəstəliyin neyrogen komponenti, yəni sinir sisteminin fəaliyyəti ilə əlaqəli mexanizmlər rol oynaya bilər.
Yeni araşdırma məhz bu əlaqənin necə yarandığına dair əlavə ipucları verir.
Alimlər beyinə deyil, boyundakı reseptorlara təsir etməyi təklif edirlər
Tədqiqatın maraqlı tərəflərindən biri də mümkün müalicə istiqamətinin birbaşa beyindəki həmin nahiyəyə müdaxilə etməməsidir. Alimlər karotid cisimciklərinə diqqət yetirirlər. Bunlar boyun nahiyəsində yerləşən və orqanizmdəki dəyişikliklər barədə siqnalları sinir sisteminə ötürən kiçik sensor strukturlardır. Bu strukturlar lateral parafasial nüvədəki neyronlara siqnallar göndərir. Tədqiqatçılar mümkün təsir vasitəsi kimi B6 vitamininin aktiv forması – piridoksalfosfatı da nəzərdən keçirirlər. Onların fikrincə, bu maddə hipertoniya zamanı aktivliyi artan P2X3 reseptorunun bloklanmasına kömək edə bilər.
Yüksək təzyiq və yuxu apnesi arasında əlaqə açıla bilər
Araşdırmanın nəticələri hipertoniya ilə yuxu zamanı tənəffüs pozuntuları arasında əlaqənin izahına da kömək edə bilər. Əgər tənəffüsün idarə olunması və qan təzyiqinin tənzimlənməsi eyni beyin sahəsi ilə əlaqəlidirsə, gecə vaxtı baş verən tənəffüs pozuntuları təzyiqin yüksəlməsinə təsir göstərə bilər. Bu baxımdan yeni nəticələr xüsusilə yuxu apnesi olan insanlarda hipertoniya mexanizmlərinin daha yaxşı öyrənilməsi üçün əhəmiyyətli ola bilər.
Amma yeni müalicədən danışmaq hələ tezdir
Tədqiqatın əsas nəticələri heyvanlar üzərində aparılan eksperimentlərdən əldə olunub. İnsanların iştirakı ilə keçirilən ilkin pilot araşdırmada cəmi 14 nəfər iştirak edib və əldə olunan nəticələr hələ ilkin xarakter daşıyır. Buna görə alimlərin müəyyən etdiyi mexanizmin əsasında hazır müalicə metodunun yaradıldığını söyləmək hələ tezdir. Bununla belə, araşdırma hipertoniyanın bütün hallarda yalnız damarlarla və ya həyat tərzi ilə bağlı olmadığını, bəzi xəstələrdə beyin, tənəffüs və simpatik sinir sistemi arasındakı əlaqələrin də mühüm rol oynaya biləcəyini göstərir.
Tədqiqatın növbəti mərhələlərdə insanlarda daha geniş qruplar üzərində təsdiqlənməsi bu mexanizmin gələcəkdə hipertoniya müalicəsində istifadə edilə bilib-bilməyəcəyini müəyyənləşdirə bilər.
Sunay Aydın