Zaman dəyişir, teatr isə...

04.07.2026

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

XQ müzakirəyə təqdim edir

7-8 il bundan öncə dəyərli yazıçımız Orxan Fikrətoğlu ilə müasir teatrımızın bugünkü vəziyyəti ilə bağlı fikir mübadiləsi edirdik. Söhbət əsnasında o, ravvin teatrı yaratmaq niyyətini bildirdi. Tamamilə fərqli estetikalı teatr konsepsiyası olan belə bir teatrın yaranması kifayət qədər maraqlı ideya idi. Müsahi­bim təklif etdi ki, bu konsepsiyaya uyğun bir pyes yazım. Mən də həvəslənib “Xəlbir və ney” adlı pyes yazdım. Səhnə əsəri tamaşaçı ilə aktyorlar arasındakı sərhədi aradan qaldıran, gözlənilməz xarakter daşıyan bir janr kimi düşünülmüşdü. İmprovizasiya elementləri daşıyan, canlı performans olan belə pyes növü hələ XX əsrin 50-60-cı illərində meydana çıxmışdı.

Pyesi bir neçə rejissor oxudu və mənə bildirdilər ki, Azərbaycanda belə bir pyesin səhnəyə qoyulması ənənəsi olmayıb. Gənc rejissor Mir­sahib Ağayevlə də bu barədə söhbətimiz oldu. Xalq artisti, mərhum re­jissorumuz Vaqif Əsədov isə pyesi çox bəyənmişdi. O mənə demişdi ki, mütləq bu əsəri səhnəyə qoyacaq. Əcəl aman vermədi... 

Həmin pyesi “Yeraltı külək” kitabıma daxil etdim. Pyesin mövzusunu açmıram, bircə onu deyə bilərəm ki, forma baxımından aralıq məkan (te­atrla həyatın sərhədində) üzərində qurulub. Sufi-dərviş elementlərindən istifadə olunub. 

Postdramatizmlə bağlı tədqiqatları ilə tanınan E.Şevçenkonun nəzə­ri konsepsiyası ilə tanış olanlar yəqin bilirlər; bu teatr nəzəriyyəçisi postdramatik teatrı müasir mədəniyyətin və kommunikasiya formalarının təsiri altında yaranmış yeni teatr modeli kimi dəyərləndirir. Bu modeldə tamaşa yalnız hadisəni nəql etmir, həm də məkan, bədən, səs və obraz va­sitəsilə mənalar yaradır. Şevçenko “Postdramatizm” adlı əsərində yazır: 

“Bəziləri postdramatizmi tamamilə happeninq kimi anlayır, digərləri həyata keçməsində aktyorlardan əlavə rəssam, şair və rəqqasların da işti­rak etdiyi layihə kimi qəbul edir, üçüncülər isə mətn teatrı ilə postdramatik teatr arasında qəti bərabərlik işarəsi qoyurlar. Əslində isə postdramatik te­atr özünə dramatik formanın ən müxtəlif dəyişikliklərini daxil edən geniş anlayışdır”. 

Müəllif müasir və məşhur teatr nəzəriyyəçisi Q.Lemannın 1999-cu ildə nəşr edilmiş “Postdramatik teatr” kitabına istinad edir. Lemann ya­zır: “Postdramatik termini heç də abstrakt imtina, dram ənənələrindən prinspial uzaqlaşma mənasını vermir. “Post”, yəni “sonra” sözü dramın öz mövcudluğunu davam etdirdiyini göstərir. Amma yeni teatr konsepsi­yası baxımından bu, artıq “normal” teatrın zəifləmiş, köhnəlmiş struktur elementlərinin mövcudluğudur”. 

Lakin XXI əsrin dramaturgiyası, sanki, tənəzzül dövrünü yaşayır və postdramatik paradiqmaya uyğun gəlmir. Köhnəlmiş formaların yenisi ilə əvəzlənməsi prosesi getmir. Stanislavskini, Meyerholdu, Brexti “öl­məyə” qoymayan da proqres qatarının zamandan geri qalmasıdır. Bu­günkü gənclik teatrda yaşadığı həyatın inikasını görmür. Müasir dövrün tələblərinə cavab verən pyeslər yox dərəcəsindədir. Elə buna görə teatr­ların yenə klassiklərə üz tutmaqdan başqa əlacı qalmır. Əlbəttə, klassi­ka əbədidir, klassik əsərlərin səhnəyə gətirilməsi təqdirəlayiq haldır. “M Teatr”, Əsa Teatrı bu işi peşəkarlıqla görürlər və bu, həm də maarifçi missiya daşıyır. Ən azından, “Anna Karenina”nı, “Paris Notrdam kilsə­si”ni, “Dorian Qreyin portreti”ni oxumayan əksər tamaşaçı kütləsi bu tamaşalar vasitəsilə dünya ədəbiyyatının şah əsərlərilə tanış olurlar. Bu sətirlərin müəllifi də bir neçə klassik əsəri səhnələşdirib. Yeri gəlmişkən, hazırda Akademik Milli Dram Teatrında Onore de Balzakın “Atılmış qa­dın” hekayəsinin səhnə variantı üzərində iş gedir. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyovdur. Bütün bunlar teatr üçün təkanverici qüvvədir. Olduqca gərəkli işdir, lakin bununla paralel olaraq yeni tendensiyalara da qapı açmaq zamanıdır. Zaman özü bunu tələb edir. Şevçenkonun sözlərilə desək, multimediya müasir teatrın əsas xüsusiy­yətlərindəndir. Konflikt və xarakter, dramaturji hadisə, pafos illüziyası­nın dağılması müasir teatr praktikasında yeni istiqamətlərin konturlarını cızır. İctimai həyatın teatralizasiyası müasir incəsənətin konseptual xüsu­siyyətinə çevrilir. 

Gənc dramatuqlardan Cavid Zeynallı, Ülviyyə Heydərova, Pərviz Se­yidli perspektiv vəd edirlər. Lakin teatrın forma və məzmun baxımından yenilənməsi üçün bu 3 imza kifayət etmir. Zənnimcə, teatrlarımız müasir yazıçılarımızla ciddi əməkdaşlıq etməlidirlər. Bu qarşılıqlı yaradıcı ünsiy­yət hər iki tərəf üçün faydalı ola bilər. Teatrımızın müasir dramaturqlara ehtiyacı var və teatrın məhz yeni əsərlər vasitəsilə yenilənməsi mümkün­dür. 

Bir az bu məsələlər barədə də düşünməyə dəyər... 

Kənan HACI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью