Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Amerika Birləşmiş Ştatları və İran arasındakı münasibətlərin nizamlanması artıq regional çərçivədən çıxaraq qlobal xarakterli bir məsələyə çevrilib. Çünki mövcud gərginliyin kökündə müharibədən törəyən yeni bir müharibə səbəbi strateji Hörmüz boğazı dayanır".
Bunu Redaktor.az-a Milli Məclisin deputatı Hikmət Babaoğlu ABŞ ilə İran arasında keçiriləcək görüşdən danışarkən bildirdi.
Onun fikrincə, bu coğrafi nöqtə dünyadakı iqtisadi əlaqələrə və enerjidaşıyıcıları bazarına dərindən təsir göstərir:
"Məhz bu səbəbdən vəziyyətin "nə sülh, nə müharibə" şəraitində qalması uzun müddət davam edə bilməz və ikinci raund danışıqların keçirilməsi zərurəti hər ötən gün daha da artır. Lakin tərəflər arasında həlledici nəticəyə gətirib çıxaracaq o əsas hadisə yəni tərəflərdən birinin geri çəkilməsi faktı hələ ki, baş verməyib".
Həmsöhbətimiz sözlərinə görə, əgər yaxın keçmişə qədər psixoloji və iqtisadi rıçaqlar daha çox İranın əlində idisə, ABŞ-nin dəniz blokadasının vəziyyəti Vaşinqtonun lehinə dəyişmiş oldu.
"Belə bir şəraitdə zamanın İranın əleyhinə işləməsi şübhəsizdir. Dolayısıyla, kompromis axtarışları hazırda İran üçün strateji əhəmiyyət kəsb edir, lakin rəsmi Tehranda kompromis mövqeyindən çıxış edəcək siyasi təfəkkür ya çox məhduddur ya da tamamilə yoxdur. Bu baxımdan, hətta ikinci raund danışıqlar baş tutsa belə, dərhal nəticə əldə ediləcəyi inandırıcı görünmür. Buna baxmayaraq, istənilən halda ortaq məxrəcə gəlmək qaçılmazdır və əsas görüşlərə qədər ikinci raundun müqəddiməsi sayıla biləcək bir təmasın qurulması olduqca vacibdir", - deyə millət vəkili vurğuladı.
Xədicə BAXIŞLI