Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Zayed İnsan Qardaşlığı Mükafatı”nın rəsmi "X" səhifəsində Prezident İlham Əliyevlə bağlı paylaşım edilib.
APA xəbər verir ki, paylaşımda 2025-ci il avqustun 8-də Azərbaycan və Ermənistan arasında paraflanmış sülh sazişinin növbəti nəsillər üçün qarşılıqlı etimad yaradacağı qeyd olunub.
“Dialoqu ixtilafdan, ümidi düşmənlikdən üstün tutaraq hər iki xalq Qafqazda onilliklər boyu davam edən münaqişəni və humanitar çətinlikləri arxada qoymağı seçdi. Davamlı dialoq, etimad qurucu tədbirlər və humanitar təşəbbüslərlə Azərbaycan və Ermənistan digərlər üçün nümunə oldu. Onlar stabillik və əməkdaşlığın əlçatan məqsədlər olduğunu sübut etdilər”, - paylaşımda qeyd edilib.
Qeyd edək ki, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) nüfuzlu Şeyx Zayed Fondu 2026-cı il üçün “Zayed İnsan Qardaşlığı Mükafatı”nın qaliblərinin adlarını açıqlayıb. Mükafata layiq görülənlər arasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də var.