Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ormeşən igidləri
Tarix yalnız salnamələrin səhifələrində deyil, həm də doğma elə bağlılıqdan, torpaq sevgisindən və fədakar ziyalıların qələmindən süzülərək gələcək nəsillərə ötürülən yaddaşda yaşayır. Bu baxımdan Borçalı əsilli yazıçı-publisist Əlləz Ormeşənlinin “Ormeşən elinin Qarabağ qəhrəmanları” silsiləsindən 6-cı kitabı da bu yaddaşın unudulmamasına dəyərli töhfədir.
Kitabda Azərbaycan torpaqlarının müdafiəsi uğrunda döyüşmüş Borçalı mahalı Başkeçid (Dmanisi) bölgəsinin Ormeşən kəndindən olan igidlərimizin həyat və döyüş yolları, qəhrəmanlıqları öz əksini tapıb. I Qarabağ müharibəsində şəhid olmuş Nadir Əliyevin, qazilər Qəşəm Mahmudovun, Müslüm Kazımovun, Vafadar Eyyubovun, Bafalı Eyyubovun, eləcə də müharibə iştirakçıları Ziyadxan Qaralovun, Həmdəm Mahmudovun, Bayram Hümbətovun, Səlimxan Eyyubovun, Alı Qaralovun, Telman Süleymanovun və Namiq Qandayevin haqqında yazılar yer alıb. II Qarabağ müharibəsində iştirak etmiş Ormeşən övladlarından isə qazi Məhəmməd Haqverdiyev, Gündüz Qaralov, Teymur Vəliyev, Anar Osmanov, Saleh Əyyubov, Vasif Qürbətov, Alı Orucov və Elxan Bayramov (Qandayev) haqqında məlumatlar oxuculara təqdim olunur.
Bu adların hər birinin arxasında bir ömür, bir döyüş yolu, bir ailənin taleyi, bir ananın duası, yarımçıq qalmış arzular və bütöv bir elin qüruru dayanır. Onların Vətən sevgisi, torpaq uğrunda mübarizəsi və göstərdikləri igidlik gələcək nəsillər üçün əsl vətənpərvərlik və ləyaqət məktəbidir.
Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda təqdim olunan kitabı ədəbi ictimaiyyət yüksək dəyərləndirdi.
“Vətən yaşasın”
Cəlilabadda yaşayıb-yaradan şair Ədalət Salmanın yenicə çapdan çıxmış “Vətən yaşasın” adlı kitabında isə müəllifin vətənpərvərlik mövzusunda bədii nümunələri toplanıb.
Kitabın “Döyüşə gedəndə başımız üstə biz sizi bayraqtək qaldırmalıyıq”, “Yaxşı bax, oxucum, bu, şeir deyil, ruhumla çəkdiyim portretimdi” və “Zülümə bax, bu yaşda həsrət şeiri yazıram” bölmələrində ipə-sapa düzülmüş poetik nümunələr, eləcə də Vətən Müharibəsi Qəhrəmanı Rəşad Abdullayevə həsr etdiyi “Murov aslanı” və “Əhməd bağı” poemaları yer alıb. Müəllifin “Bayrağım”, ”Şəhidlər xiyabanı”, “Şəhid anası gəlir”, “Qəlbimizdə yaşayırsınız!”, “Vətən yaşasın” və sair şeirlərində canını Vətən yolunda fəda edən şəhidlərin xatirəsi və sağlamlığını itirən qazilərin igidliyi yüksək qiymətləndirilir.
Ədalət Salmanın bədii nümunələri oxucunu yetkin bir şairin poetik duyğular aləminə səyahətə çıxarır, ürəklərimizi Vətən sevgisi ilə döyündürür:
Siz ey sinəsini sipər edənlər,
Ölümün üstünə mərdtək gedənlər!
Sarsılmaz dəyanət gördüm mən sizdə,
Yarı canınızı itirsəniz də.
Heç nə qıra bilməz inadınızı
Bir gün xoş müjdəni tarixə yazın.
Siz qurban verdiniz həyatınızı,
Təki yurd yaşasın, Vətən yaşasın!..
Əli DOSTƏLİ
XQ