Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Natiq Məmmədlinin “Biz, onlar və bizim dağlar” romanı bu anlayışın bədii təcəssümüdür
44 günlük Vətən müharibəsinin gerçəkliklərinə, Zəfərimizin böyüklüyünə, bu qələbəyə qədər keçdiyimiz yolun çətinliklərinə həsr olunan dəyərli əsərlərdən biri də Natiq Məmmədlinin “Biz, onlar və bizim dağlar” romanıdır. 2026-cı ildə nəşr olunan, adında uzun illər davam edən münaqişənin mahiyyətini lakonik ifadə edən, bizim dağlara sahib olmaq istəyənlərlə savaşımızı bədiiləşdirən bu roman müharibənin məhz insan simasını əks etdirir, insan taleləri fonunda qələbəmizin tarixini bədii şəkildə təqdim edir.
Natiq Məmmədlinin İkinci Qarabağ müharibəsində şəhid olmuş əmisi oğlu İlham Məmmədlinin və bütün şəhidlərimizin əziz xatirəsinə ithaf etdiyi roman “Yaşa və yaşamasına izin ver” aforizmi ilə başlayır və bu aforizm roman boyunca müharibənin sərt reallıqları fonunda insanlıq, mərhəmət, mənəvi məsuliyyət və humanizm prinsipləri ön plana çəkilməsi ilə bir daha həyat vəsiqəsi qazanır.
Romanın başlanğıcında Azərbaycan və Ermənistan silahlı birləşmələrinin İkinci Qarabağ müharibəsinin ilk günlərindəki toqquşmaları öz əksini tapır və elə ilk səhifələrdən etibarən yazıçının düşmən əsgərinin də insan obrazını yaratmağa çalışdığı aydın hiss olunur. Yazıçının da qeyd etdiyi kimi “insan cığırtılarının, iniltilərinin bir-birinə qarışdığı müdhiş mənzərədə yalnız güllələr doğma idi. Onlar hansı tərəfdən atılırsa-atılsın, eyni qəlibdən çıxmışdı və bir-birini yaxşı tanıyırdı”.
“Zəif Azərbaycan ordusu üzərində asan və tez qələbə” mifi ilə aldadılaraq döyüş meydanına gətirilən gənc erməni əsgərlərinin müharibə və azərbaycanlılar haqqında düşüncələri savaş boyunca dəyişir. Yazıçı insan faktoruna diqqət çəkərək yaşlı erməni döyüşçüləri ilə gənc nəsil nümayəndələrini fərqləndirir, insanların tarixə, zamana və müharibəyə baxışlarının nəsillər boyunca necə dəyişdiyini, yalançı erməni miflərinin gənc beyinləri necə zəhərlədiyini, lakin bu zəhərin artıq təsirdən düşdüyünü göstərməyə məharətlə nail olur.
İstedadlı nasir-publisist insanın müharibə ilə qarşılaşdığı ilk andakı psixoloji vəziyyətini olduqca dolğun təsvir edərək yazır: “İnsan yaddaşına yalnız barıt və qan qoxusu ilə həkk olunmuş müharibələrdə ən sarsıdıcı məqam məhz ilk dəfə meyit gördüyün andır. Həmin meyitlər yarıda qırılmış ömürlərini sənin yuxularında, xəyallarında yaşamağa başlayır və bu, ömür boyu davam edən əzaba, qaysaq bağlamayan yaraya çevrilir”.
Romandan gətirdiyimiz bu fikirlərdən də göründüyü kimi, Natiq Məmmədli insan taleyini yalnız fərdin öz yaşantıları ilə deyil, digər talelərlə toqquşduğu məqamlarda keçirdiyi hiss və duyğular vasitəsilə də bədiiləşdirməyə nail olmuşdur. Döyüş yoldaşının cənazəsini çiyinlərində daşıyan Azərbaycan əsgərləri, səngər yoldaşının soyumuş bədəni ilə qarşılaşaraq dəhşətə gələn erməni əsgərləri – bütün bu səhnələrdə insan amili müharibənin əsas mənəvi ölçüsü kimi ön plana çəkilir.
Biz bu müharibədən, yazıçının da vurğuladığı kimi, alnımız açıq, üzümüz ağ çıxmışıq, məhz insanlığımızı qoruyaraq qalib gəlmişik. Birinci Qarabağ müharibəsi zamanı ermənilərin törətdikləri Xocalı faciəsi, Cəbrayılın, Füzulinin yenidən yerlə-yeksan edilməsi və digər qanlı, dəhşətli hadisələrdən sonra 44 günlük Vətən müharibəsində Azərbaycan əsgərlərinin nümayiş etdirdiyi humanizm xüsusi məna daşıyır. Döyüşçülərimizin milliyyətindən asılı olmayaraq insana münasibətdə humanist mövqe sərgiləməsi fonunda qazandığımız qələbə əsərdə yalnız hərbi Zəfər deyil, həm də mənəvi qələbə kimi təqdim olunur.
Suqovuşan və Talış istiqamətində gedən qanlı döyüşlərə, bu yaşayış məntəqələrinin azad olunmasına həsr edilən romanın “Salam, sentyabr!” adlı bölümündə hərbi həkim Cəmil Səlimovun gündəliyinin canlı tarixə çevrilməsi, yaralı vəziyyətdə gətirilən əsgərlərin yenidən döyüşə qayıtmaq əzmi, oğullarımızın üçrəngli bayrağımızı sinələrində, hətta qanları bahasına qoruyub saxlamaları, yaraları sarınan kimi təcili yardım maşınlarından qaçaraq yenidən döyüş meydanına tələsmələri kimi real hadisələrdən qaynaqlanan məqamlar Azərbaycan əsgərinin Vətən sevgisini, fədakarlığını və qələbəyə olan sarsılmaz inamını nümayiş etdirir.
Romanın maraqlı bölümlərindən biri də “Mən səni öldürmək istəmirəm” adlanır. Bu bölümdə Suqovuşan qəsəbəsinə daxil olan Azərbaycan əsgərlərinin dağıdılmış hərbi hissəni nəzərdən keçirməsi zamanı Vüqar Ağayev adlı əsgər dağıntılar arasında, qaranlıq bunkerdə gizlənən erməni əsgərlərinin olduğunu aşkar edir və onlara təslim olmağı təklif edir. Bunkerdə gizlənən erməni əsgərlərinin nümayəndəsi ilə əsgərimiz arasında baş verən söhbət Azərbaycan əsgərlərinin insanlıq və humanizm prinsiplərinə nə qədər sadiq olduqlarının bariz təsdiqidir.
Erməni əsgəri bunkerdən çıxdıqları təqdirdə öldürüləcəkləri ehtimalını irəli sürdükdə eşitdiyi cavab onu heyrətləndirir: “Sizi öldürmək niyyətimiz yoxdur”. Erməni əsgərinin təəccübünün əsas səbəbi məhz bu münasibətdir. Axı onlar bir-birinə atəş açıblar, düşməndirlər və uzun illərdir qarşı-qarşıya döyüşüblər. Belə olan halda, qarşı tərəfin əsgərinə necə inanmaq olar?
Düşmənin əsgərləri Azərbaycan əsgərlərinin həqiqətən də heç kəsə zərər verməyəcəyinə, onları öldürməyəcəyinə, əksinə, əsirlərlə dəyişdirəcəyinə əmin olmaqda çətinlik çəkirlər. Bu tərəddüdün arxasında Birinci Qarabağ müharibəsi zamanı ermənilərin törətdikləri vəhşiliklərin İkinci Qarabağ müharibəsində öz başlarına gətiriləcəyi qorxusu dayanır. Lakin onların qarşısında əsirlərə münasibətdə humanizm prinsiplərini qoruyan Azərbaycan əsgərləri dayanır. Müəllif bu epizod vasitəsilə Azərbaycan əsgərinin mənəvi üstünlüyünü, hətta müharibənin ən ağır məqamlarında belə insanlıq prinsiplərinə sadiqliyini ön plana çəkir.
Natiq Məmmədli müharibənin bitməsini yalnız hərbi qələbənin əldə olunması kimi deyil, həm də yarımçıq qalmış insan talelərinin, arzularının və ümidlərinin yenidən bütövləşməsi perspektivində təqdim edir. Cəmil Səlimovun gündəliyinin şəhidin xatirə muzeyinə təhvil verilməsi, Müşfiqin qardaşının xatirəsini yaşatmaq istəyi, Turalın doğma Kəlbəcərə qayıtmaq arzusu, Vüqarın Xocalıdan olan balaca məktəbli qıza verdiyi söz və Hayk Dilanyanın həqiqəti danışmaq niyyəti romanın ayrı-ayrı süjet xətlərini vahid ideya ətrafında birləşdirir.
Vüqar Ağayevlə Hayk Dilanyanın münasibəti müharibə şəraitində belə insanlıq, etibar və mənəvi məsuliyyət anlayışlarının qoruna bildiyini də göstərir. Əsərin son səhifələrində insanların yarımçıq arzularının Vətən torpağı kimi bütövləşəcəyi, yüz illərdir Kiçik Qafqazın köksündə yuva salmış milli ədavətin qanlı qaynağının birdəfəlik kəsilib atılacağı ümidi ifadə olunur. Romanın son cümləsi - “Təzə gün başlayırdı...” yeni həyata, sülhə və yarımçıq arzuların gerçəkləşəcəyinə bəslənən ümidin bədii ifadəsidir.
Beləliklə, Natiq Məmmədlinin “Biz, onlar və bizim dağlar” romanında Zəfər yalnız torpaqların azad edilməsi faktı kimi deyil, həm də insanlığın, mənəvi dəyərlərin və tarixi ədalətin təntənəsi kimi ümumbəşəri dəyər qazanır.
Elnarə QARAGÖZOVA,
AMEA Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, dosent