Newscenter.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ağ Evin Oval kabinetində rəsmi görüş zamanı Ukrayna prezidenti Vladimir Zelenski ilə ABŞ prezidenti Donald Tramp və vitse-prezident Cey Di Vens arasında yaşanan sözlü mübahisə və açıq qarşıdurma beynəlxalq hüquq, dövlət protokolu və siyasi-diplomatik mədəniyyət dövrünün artıq bitdiyini göstərir.
Və bu dövrü bitirməyə çalışanlar da elə ilk növbədə beynəlxalq hüququn qorunmasına və icrasına məsuliyyət daşıyan böyük dövlətlərin özləridir.
BMT-nin Təhlükəsizlik Şurasının üzvlərindən biri (Rusiya) suveren dövlət olan Ukraynanın ərazisini işğal etməyə çalışır, digər üzvü (ABŞ) isə Ukrayna rəhbərliyini bu işğalın nəticələri ilə barışdırmağa və onu qiymətli metallara dair soyğunçu sazişi imzalamağa məcbur etməyə səy göstərir.
Bu, artıq beynəlxalq hüquq yox, beynəlxalq dərəbəylik, beynəlxalq quldurluqdur.
Onlar ədalət və beynəlxalq hüquq anlayışını kobud surətdə təhrif etməklə, tapdalamaqla məşğul olurlar.
Bu ölkələr, o cümlədən Fransa vaxtilə "Minsk qrupu" adı altında, "həmsədr" statusu ilə Azərbaycana qarşı da eyni ədalətsizliyi nümayiş etdiriblər.
Torpaqlarımızın 30 ilə yaxın işğal altında qalmasında Ermənistanla yanaşı ABŞ, Rusiya və Fransa da günahkardır.