Icma.az, Ses qazeti saytına istinadən bildirir. Azərbaycan Respublikasının müasir tarixində 20 oktyabr tarixi xüsusi əhəmiyyət daşıyır.
Vətən müharibəsinin 24-cü günü - 2020-ci il oktyabrın 20-si hərb tariximizə Zəngilan şəhərinin və ətraf kəndlərin erməni işğalından azad edildiyi gün kimi həkk olunub.
Bu hadisə təkcə hərbi-siyasi Zəfər deyil, həm də tarixi ədalətin bərpası, xalqımızın milli iradəsinin, birliyinin və əzminin parlaq təcəssümü kimi Azərbaycanın dövlətçilik salnaməsinə qızıl hərflərlə yazılmışdır.
Dövlətimizin başçısı 2023-cü il iyulun 31-də imzaladığı müvafiq Sərəncama əsasən, şəhərin işğaldan azad edildiyi 20 oktyabr tarixi “Zəngilan Şəhəri Günü” kimi qeyd olunur.
Həmin Sərəncam işğaldan azad edilmiş şəhər günlərinin təsis edilməsi ilə Vətən müharibəsində qazanılmış tarixi Qələbənin əbədiləşdirilməsi və bu möhtəşəm Zəfərin gələcək nəsillərə ötürülməsi məqsədini daşıyır.
Zəngilan rayonu Azərbaycanın qədim bölgələrindən biri olan tarixi Zəngəzur qəzasının tərkib hissəsi olmuşdur.
Ərazisi zəngin təbiətə, münbit torpaqlara, sıx meşələrə, çoxsaylı çaylara və nadir flora-faunaya malikdir.
Həkəri çayı boyunca uzanan bu qədim diyar həm coğrafi mövqeyinə, həm də strateji əhəmiyyətinə görə ölkəmizin mühüm bölgələrindən biri hesab olunur.