Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi iyulun 22-də davam etdirilib.
Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.
Hakim Zeynal Ağayev dindirmədən əvvəl məhkəmə prosesində ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə və zərərçəkmiş şəxslərin hüquqi varislərinə qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.
Ardınca təqsirləndirilən Ruben Vardanyan məhkəməyə müraciət edərək ibtidai istintaqda iştirak etmiş tərcüməçilərin qeyri-peşəkar olduğunu, bu səbəbdən onlara etiraz bildirdiyini deyib.
R.Vardanyanın müdafiəçisi Avraam Berman tərcüməçilərin adlarını sadalayaraq təqsirləndirilən şəxsin etirazını müdafiə etdiyini söyləyib.
Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev etiraza münasibət bildirərək Ruben Vardanyan tərəfindən Cinayət-Prosessual Məcəlləsinə əsasən etiraza və ya tərcüməçinin qeyri-peşəkarlığına dair konkret halların göstərilmədiyi, o cümlədən tərcüməçinin cinayət təqibində maraqlı olmasını təsdiqləyən sübutlar təqdim edilmədiyi üçün etirazın baxılmamış saxlanılmasını xahiş edib.
Məhkəmədə iştirak edən zərərçəkmiş şəxslər ittiham tərəfinin mövqeyi ilə razı olduqlarını bildiriblər.