Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.
Misli Premyer Liqasının IX turunda autsayderlərin “həyati” dueli baş tutacaq. Oktyabrın 23-də Şamaxı şəhər stadionunda nominal ev sahibi “Araz-Naxçıvan” “Qəbələ”ni qəbul edəcək.
Turnir cədvəlinin “zirzəmi”sində yer alan kollektivlər üçün bu matç “qara zolaq”dan çıxış üçün fürsətdir.
Düşmə zonasının sakinləri
Cari mövsümdə hər iki komandanın göstəriciləri acınacaqlı mənzərə yaradır. “Qəbələ” keçirdiyi 8 matçda cəmi 1 qələbə və 1 heç-heçə əldə edərək (6 məğlubiyyət, top fərqi 3:15) 4 xalla 10-cu pillədə qərarlaşıb.
“Araz-Naxçıvan”ın vəziyyəti isə daha ağırdır. Naxçıvan təmsilçisi 8 oyunda qələbə üzünə həsrət qalıb. Aktivində cəmi 2 heç-heçə olan (6 məğlubiyyət, top fərqi 6:17) komanda 2 xalla turnir cədvəlinin sonuncu, 12-ci sırasındadır. Aralarında 3 xalla 11-ci yeri tutan “Şəfa”nın dayandığını nəzərə alsaq, Şamaxıdakı duel birbaşa “ya tamam, ya davam” xarakteri daşıyır.
“Məlhəmsiz sükançılar”
Hər iki klub mövsümün gedişində baş məşqçi “sükanı arxasında” dəyişikliyə əl atsa da, həmin gedişlər xaosu daha da dərinləşdirib.
“Qəbələ”yə yeni gətirilən Yeton Bekirinin rəhbərliyi altında komanda son iki matçda bərbad təsir bağışlayıb. Şimali makedoniyalı mütəxəssisin ilk oyunları ağır fəsadlarla nəticələnib. Doğma meydanda “Sabah”a 0:4, səfərdə isə “Sumqayıt”a 1:4 hesabı ilə darmadağın olan bölgə təmsilçisi ardıcıl 4-cü məğlubiyyətini yaşayıb.
“Araz-Naxçıvan”da da mənzərə fərqli deyil. Yuri Maksimovun gəlişindən sonra komanda “Sumqayıt”a (1:2) və “Kəpəz”ə (0:2) uduzub. Ümumiyyətlə, Naxçıvan klubu rəqiblər üçün “başağrısı” olmağı bacarsa da, matçın sonuna qədər konsentrasiyanı saxlamayıb üstünlüyü əldən verir.
Ev və səfər amili
Matçın keçiriləcəyi meydan amili də maraqlı dinamikaya sahibdir. “Araz-Naxçıvan” cari mövsümdə topladığı bütün xalları (2 heç-heçə) nominal ev sahibi olduğu matçlarda qazanıb, səfərdə isə yalnız məğlub olub.
“Qəbələ” də aktivindəki 4 xalı doğma divarlar arasında toplayıb, səfər matçlarının hamısında meydanı xalsız tərk edib. Şamaxıdakı qarşılaşmada bu uğursuz seriyanın sona çatacağını gözləmək isə çətindir.
Naxçıvan təmsilçisinin hücum xəttində əsas ümid yeri Ağadadaş Salyanskidir. Sabiq “Neftçi”li keçən ay ardıcıl üç oyunda (o cümlədən “Qarabağ”la 2:3 hesablı matçda 1 qol, 1 assistlə) parlaq çıxış etsə də, Maksimovun gəlişindən sonra hələ ki sükutdadır. Salyanskinin “iştahı”nın bərpası komandası üçün böyük əhəmiyyət daşıyır.
İki komandanın son 5 duelində nisbi bərabərlik hökm sürür (hərəyə 2 qələbə, 1 heç-heçə):
25 aprel 2026: “Qəbələ” – “Araz-Naxçıvan” 1:1
30 noyabr 2025: “Qəbələ” – “Araz-Naxçıvan” 2:1
30 avqust 2025: “Araz-Naxçıvan” – “Qəbələ” 2:1
19 may 2024: “Qəbələ” – “Araz-Naxçıvan” 2:0
16 mart 2024: “Araz-Naxçıvan” – “Qəbələ” 1:1
Şamaxı şəhər stadionunda saat 15:00-da başlayacaq qarşılaşma estetik futbol vəd etməsə də, gərginliyə səhnə olacağını gözləmək olar. Məğlub olan tərəf üçün böhran daha da dərinləşəcək.
Ayxan Zayıdzadə