1100 il əvvəl mədəndə bədbəxt hadisə nəticəsində ölən kişinin mumiyası tapıldı
Qaynarinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Alimlər Çilidə yerləşən qədim firuzə yatağında baş vermiş bədbəxt hadisə nəticəsində həyatını itirdiyi ehtimal olunan, təxminən 1100 il yaşı olan bir kişinin mumiyalanmış qalıqlarını aşkar ediblər.
Qaynarinfo xəbər verir ki, bu barədə "Live Science” nəşri məlumat yayıb.
"Beynəlxalq Osteoarxeologiya Jurnalı”nda dərc olunan yeni tədqiqatda bildirilir ki, skelet üzərində aşkarlanan küt travma izləri kişinin qayaların uçması və ya mədən çökməsi nəticəsində öldüyünü göstərir.
Qeyd olunur ki, təbii şəkildə mumiyalanmış cəsəd və dəfn ləvazimatları — o cümlədən ox-yay və hallüsinojen maddələrin qəbulu üçün istifadə edilən dəst — ilk dəfə 1970-ci illərdə Çilinin şimalında, Atakama səhrasında yerləşən Salvador şəhəri yaxınlığında, ispanlardan əvvəlki dövrə aid firuzə yatağının ərazisində tapılıb. Mumiyanın sol baldır sümüyündə görünən sınıq kişinin mədədə "qəzaya uğradığını” ehtimal etdirmişdi, lakin bədənin tam analizi yalnız 2023-cü ildə başa çatdırılıb.
Santyaqodakı Milli Təbiət Tarixi Muzeyinin arxeoloqları Katalina Morales və Fransisko Qarrido travmanın ölümə səbəb olub-olmadığını müəyyənləşdirmək üçün kompüter tomoqrafiyası və rentgen görüntülərindən istifadə ediblər. Onlar bildiriblər: "Ehtimal olunur ki, mədənçi şaxtaya enərək ətraf süxurlardan firuzə çıxarmaq üçün daş çəkiclərdən istifadə edib”.

Araşdırma zamanı məlum olub ki, kişi eramızın 894–1016-cı illəri arasında yaşamışdır. Radiokarbon analizi onun mərkəzi And dağlarında Vari imperiyası ilə İnka imperiyasının yüksəlişi arasındakı gec keçid dövrünə aid olduğunu göstərir.
Alimlərin sözlərinə görə, kişinin onurğa sütununun yuxarı hissəsində sağalmamış çoxsaylı sınıqlar aşkar edilib. Bundan əlavə, qabırğalarda, kürək sümüyündə və körpücük sümüyündə də sınıqlar qeydə alınıb. Bu, kürəyin yuxarı hissəsinə geniş sahəni əhatə edən güclü zərbə endirildiyini göstərir və əsas zərbənin döş qəfəsinin sol yuxarı hissəsinə dəydiyini sübut edir. Zərbə bir neçə fəqərəni yerindən tərpədib və döş qəfəsini dağıdıb.
Tədqiqatçılar onurğanın aşağı hissəsinin dibinə yaxın sınıq da aşkar ediblər ki, bu da yuxarı hissədə baş vermiş ilkin travmanın nəticəsi hesab olunur. Alimlər vurğulayıblar: "Onurğanın həm yuxarı, həm də aşağı hissəsindəki xəsarətlər adətən onurğa beyninin ciddi zədələnməsi və yüksək ölüm riski ilə əlaqələndirilir”.
Əhəmiyyətli məqamlardan biri də odur ki, kişinin kəllə sümüyündə, boynunda və əllərində heç bir zədə izinə rast gəlinməyib. Bu isə zərbənin kişinin başı aşağı vəziyyətdə olduğu vaxt baş verdiyini göstərir. Ehtimal olunur ki, o, ya aktiv şəkildə mədən işi ilə məşğul olub, ya da yuxarıdan düşən ağır obyektdən qorunmaq üçün əlləri ilə başını örtməyə çalışıb. Bu tip xəsarətlər zəlzələlər zamanı, eləcə də meşəçilik, tikinti və mədən sənayesində baş verən istehsalat qəzalarında müşahidə olunur.
Tədqiqatçıların bildirdiyinə görə, Atakama səhrasında firuzə çıxarılması təxminən iki min il ərzində davam edib. Mədənçilər yarıqiymətli daşı çıxarmaq və düşərgəyə daşımaq üçün daş çəkiclərdən, taxta və daş kürəklərdən, eləcə də səbətlərdən istifadə edirdilər. Firuzə daha sonra muncuqlara çevrilir və ispanlardan əvvəl mövcud olan geniş İnka yol şəbəkəsi boyunca satılır və ya dəyişdirilirdi.
Əksər qədim firuzə mədənləri açıq və dayaz olduğu üçün mədənçilər qoruyucu avadanlıqdan istifadə etmirdi. Lakin Salvador yaxınlığındakı mədən nadir istisnalardan biri olub və burada yeraltı qalereyalar mövcud idi.
Alimlər yekun olaraq qeyd ediblər ki, arxeoloji kontekst nəzərə alındıqda, bu şəxsin mədən tavanından düşən daşın kürəyinə dəyməsi nəticəsində firuzə çıxararkən həyatını itirməsi ehtimalı yüksəkdir. Bununla belə, qədim mədənçilərin həyat şəraitini daha dəqiq anlamaq üçün əlavə araşdırmalara ehtiyac var.
Aydın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 10 Yanvar 2026 19:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















