2025 ci il: Heydər Əliyev Fondunun imza atdığı möhtəşəm layihələr
Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Həyatımızın bütün sahələri ilə zəngin olan 2025-ci ilə vida söylədik Təqvimizə yola saldığımız il yaddaqalan hadisələrlə həkk olundu. Biri digərini əvəzləyən hadisələr Azərbaycan ictimai-siyasi mədəni tarixinə silinməz iz saldı. Bu gün yarandığı zamandan etibarən, xalqımızın mənəvi sərvətinin və milli mədəniyyətinin təbliği və inkişafı istiqamətində mühüm işlər görən, ilk növbədə, Ümummilli Lider Heydər Əliyevin müdrikliyə əsaslanan həyat fəlsəfəsini, xalqa xidmət missiyasının əbədiyaşarlığını təmin edən mühüm ideoloji-humanitar mərkəz kimi fəaliyyət göstərən Heydər Əliyev Fondunun il ərizində gördüyü işlər vərəqləyəcəyik. Əhəmiyyəti ilə diqqətə çəkən hər bir görülən iş xalqın böyük məhəbbətini və etimadını qazanan Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fodunun prezidenti Mehriban xanım Əliyevanın Ulu Öndər Heydər Əliyev ucalığını başlıca meyar götürməsindən, eləcə də Azərbaycanın birinci xanımının zəngin mənəvi və intellektual potensialından qaynaqlanır. Məhz bu cür mükəmməl fəaliyyətin məntiqi nəticəsi olaraq indi Heydər Əliyev Fondunun gördüyü işlərin sorağı dünyanın sayılıb-seçilən ölkələrindən, ən mötəbər beynəlxalq qurumların tribunalarından gəlir. Mehriban xanım Əliyeva Azərbaycanın ictimai-siyasi, mədəni həyatında gördüyü işlərin bir illik məsafəsinə diqqət yetirsək nə qədər möhtəşəm hadisələrin reallaşdığının bir daha şahidinə çevrilərik.
Xeyriyyəçilik və humanizm kimi dəyərlərdən yoğrulmuş fəaliyyət insanlığa, bəşəriyyətə xidmət etmək kimi ali bir dəyərə söykənir. İllərdir ki, yorulmaq bilmədən çalışan və böyük əhəmiyyət kəsb edən, müasir dünyamızın çağırışlarına cavab verən layihələri ilə milyonlarla insanın sevgisini qazanan Azərbaycanın Birinci Xanımı bu fəaliyyət özünün vurğuladığı kimi, sarsılmaz həqiqətlərə söykənir: "Əxlaq və mənəviyyat, insaniyyət və şəfqət, inam və məhəbbət, xeyirxahlıq və saf niyyətlər Yaradanın hər birimizə bəxş etdiyi ən gözəl keyfiyyətlərdir". Mehriban xanım Əliyeva valideynlərindən əxz etdiyi dəyərləri hər zaman üstün tutaraq, onların öyrətdikləri həqiqətə və mənəviyyata can atmağı özünün həyat məqsədinə çevirib: "Onlar öz varlığı ilə ləyaqət və şərəf hissinin hər şeydən üstün olduğunu aşıladılar. Öyrətdilər ki, alicənablıq və dürüstlük, mənəviyyat və şəfqət, xeyirxah əməllər, inam və məhəbbət – həqiqi xoşbəxtliyə və harmoniyaya aparan yoldur". Bu yol həqiqətə, insanlığa, mərhəmətə aparan yoldur.
"BU GÜN HEYDƏR ƏLİYEV FONDU QARŞISINDA YENİ VƏZİFƏLƏR DAYANIR"
Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində Heydər Əliyev Fondunun fəaliyyətini yüksək qiymətləndirərək bildirmişdir ki, ən böyük xeyriyyəçi nəinki Azərbaycanda, Cənubi Qafqazda Heydər Əliyev Fondudur. Yarandığı zamandan bu günə qədər Fondun əsas məqsədinin, vəzifəsinin insanlara kömək göstərmək, Azərbaycan mədəniyyətini dünyada təbliğ etmək, təhsil, səhiyyə, mədəniyyət, incəsənət, elm sahələrinə töhfə verməkdən ibarət olduğunu diqqətə çatdırmışdır: "Azərbaycanın multikultural dövlət kimi, müasir dövlət kimi dünyada tanıdılmasında Heydər Əliyev Fondunun müstəsna xidmətləri vardır. Məhz Fondun fəaliyyəti nəticəsində Azərbaycan daha çox tanınır və məhz bu amil bizə İkinci Qarabağ müharibəsi dövründə kömək göstərdi. Çünki Azərbaycan xalqı yaxşı bilir ki, o vaxt erməni lobbisi və onun havadarları Azərbaycan haqqında olmazın yalanlar uydurub media məkanına atmışlar. Ancaq uzun illər ərzində Heydər Əliyev Fondunun müxtəlif ölkələrdə fəaliyyəti və Azərbaycanın müasir, mütərəqqi dövlət kimi tanıdılması bu təbliğatı alt-üst etmişdir. Bu gün Heydər Əliyev Fondu qarşısında yeni vəzifələr dayanır. Ənənəvi fəaliyyətlə yanaşı, bu gün Fond azad edilmiş torpaqlarda geniş fəaliyyətə başlamışdır".
2025 -ci ildə Azərbaycanda baş verən sıçrayışlarda, onun simasının gündən-günə dəyişməsində, dünyanın nüfuzlu dövlətləri sırasında layiq yer qazanmasında Mehriban xanım Əliyevanın fəaliyyəti, genişmiqyaslı layihələrinin müstəsna yeri və əhəmiyyəti var. Onun həyata keçirdiyi layihələr yerli əhəmiyyətli sosial problemlərin həllinə, xüsusi qayğıya ehtiyacı olan insanlara kömək məqsədi daşıyır. İnsanların yaradıcı potensialının, bilik və bacarıqlarının aşkara çıxarılmasına, qabiliyyətlərini göstərməsinə, inkişaf etdirməsinə yardım edir. Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq, uşaq müəssisələrinin infrastrukturlarını, səhiyyə və tibbi təsisatları inkişaf etdirmək istiqamətində Fondun böyük mahiyyət daşıyan addımları Mehriban xanım Əliyevanın humanizm prinsiplərinə söykənir.
DİNLƏR VƏ MƏDƏNİYYƏTLƏRARASI DİALOQUN NÜMUNƏSİ
Milli-mənəvi dəyərlərin qorunması və dini ziyarətgahların yenidən qurulması prosesinə fəal surətdə qoşulan Heydər Əliyev Fondunun ölkəmizdə həyata keçirdiyi "Tolerantlığın ünvanı – Azərbaycan" layihəsi çərçivəsində ölkədə bir neçə dini ocağın təmiri və yenidən qurulması həyata keçirilmişdir. Fondun təşəbbüsü ilə Gəncədə Comərd Qəssab və Cavad xan türbələri yüksək səviyyədə bərpa edilmişdir. Bu sırada paytaxtın Buzovna qəsəbəsində "Tolerantlığın ünvanı – Azərbaycan" layihəsi çərçivəsində əsaslı surətdə yenidən qurulan Cümə məscidi də xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan ərazisində, bütövlükdə Cənubi Qafqazda və Yaxın Şərqdə ən qədim müsəlman məbədlərindən olan Şamaxı Cümə məscidində əsaslı təmir və yenidənqurma işləri aparılmış, Qəbələdə isə yeni məscid inşa olunmuşdur.
Azərbaycanda bütün dövrlərdə, ictimai-siyasi quruluşdan asılı olmayaraq, müxtəlif dillərdə danışan, müxtəlif dinləri təmsil edən insanlar sülh, əmin-amanlıq və qarşılıqlı hörmət şəraitində bir ailə kimi yaşayıblar. Bu gün də belədir. Müasir dünyamızda çoxkonfessiyalı və çoxmillətli Azərbaycan bu ənənələrə sadiqdir və bu, ən böyük sərvətlərdən biridir. Təsadüfi deyildir ki, son illər mədəniyyətlərarası və sivilizasiyalararası dialoqa töhfələrini verir. Müasir dövrümüzdə Heydər Əliyev Fondu, nəinki Azərbaycanın, eləcə də, ümumdünya mədəni irsinin qorunmasına böyük əhəmiyyət verir. Fondun layihələrindən olan "Azərbaycan - tolerantlığın ünvanı" layihəsi çərçivəsində Avropada Versal Sarayının memarlıq abidələrinin, kafedral kilsənin vitrajlarının bərpası Azərbaycanda tolerantlığın, dözümlülüyün, dünya mədəniyyətlərinin rəngarəngliyinə hörmətin qədim və möhkəm kökləri olduğunu özündə bir daha ehtiva edir. Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva Roma şəhərinin ətrafında yerləşən 60-a yaxın katakombaların bərpasında əhəmiyyətili işlərə imza atmışdır. Müqəddəs Marçellinio və Pietro katakombaları xristian aləmi üçün ən mühüm və ən maraqlı abidələrdən biridir və bu addım dinlər və mədəniyyətlərarası dialoqun daha bir parlaq nümunəsi olaraq tarixə yazıldı. Romanın belə nüfuzlu arxeoloji abidəsinin bərpasına töhfəsini verən Heydər Əliyev Fondu tarixi missiyasını həyata keçirmiş oldu. Heydər Əliyev Fondunun Fransanın Orn Departamentinin Santiyi, Fresnay o Sovaj, San-İler la Jerar, Tanvil, Kurjust, Revoyon və Mal yaşayış qəsəbələrində X-XII əsrlərə aid 7 kilsənin bərpasına yardım etməsi də "Azərbaycan - tolerantlığın ünvanı" layihəsi çərçivəsində reallığa çevrilib.
Fəaliyyəti dövründə əldə etdiyi nailiyyətlər Fondun qeyri-hökumət təşkilatı olaraq həyata keçirdiyi layihələri ilə təkcə Azərbaycanda deyil, beynəlxalq aləmdə böyük nüfuz qazandığını göstərir. Gördüyü işlərində təvazökarlıq göstərir. Mehriban Əliyeva həqiqətən, gördüyü işlərlə kimliyini, böyüklüyünü bu dünyada gördüyü işlərlə reallaşdırır. Məmləkətinə şərəf gətirən Mehriban xanım Əliyeva Azərbaycan qadını, Azərbaycan İnsanı obrazını yaradıb. Azərbaycan haqqında olan təsəvvür, insan haqqında olan təsəvvür Onun layihələri əsasında tamam fərqli bir şəkildə meydana çıxıb. Bütün dünyaya müstəqil dövlətdə yaşayan qadın obrazının lazımi şəkildə təqdiminə nail olub.
2025-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə Müqəddəs Kommodilla katakombalarının bərpası layihəsinin açılış mərasimi olub.
Bu layihə həyata keçirilməzdən əvvəl Azərbaycan tərəfi ilə iki digər mühüm layihəni də icra edib.
Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının sabiq prezidenti kardinal Canfranko Ravazi ölkəmizə səmimi və dərin dostluq telləri ilə bağlı olduğunu vurğulayaraq, Azərbaycana üç dəfə səfər etdiyini diqqətə çatdırıb, səfərlər çərçivəsində Prezident İlham Əliyev tərəfindən qəbul olunduğunu və məhz onun qərarı ilə Azərbaycan dövlətinin ən yüksək mükafatlarından birinə - “Dostluq” ordeninə layiq görüldüyünü qeyd edib. Canfranko Ravazi Birinci vitse-prezident Mehriban Əliyeva ilə səmimi dostluq və qarşılıqlı hörmət münasibətlərindən söz açaraq deyib: “Bu münasibətlər uzun illər ərzində formalaşıb, şəxsən mənə böyük və dərin təəssürat bağışlayıb. Təşkil etdiyimiz səfərlərdə Birinci vitse-prezidentin arxeologiya sahəsinə xüsusi bağlılığının şahidi olduq. Çünki səfərlər çərçivəsində bərpa olunan yerləri şəxsən özü ziyarət edirdi. Əlbəttə ki, onun dəstəyi sayəsində, Heydər Əliyev Fondunun göstərdiyi yardım nəticəsində bu gün katakombaların açılışında əməkdaşlığımızın yeni bir səhifəsini yazırıq. Görülmüş işlərə görə Birinci vitse-prezidentə dərin təşəkkürümü bildirirəm”.
O, hər iki tərəfin bu sahədə ahəngdarlıq nümayiş etdirdiyini qeyd edib.
“Mən çox şadam ki, biz bu illər ərzində çox gözəl əməkdaşlıq yaratmışıq. Buraya hər gəlişimizdə bizim dostlarımızın sayı artır”, - deyə Birinci vitse-prezident qeyd edib.
Azərbaycanın əsrlər boyu müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələrinin birgə sülh, qarşılıqlı hörmət, tolerantlıq və harmoniya şəraitində yaşayan bir məkan olduğunu vurğulayan Mehriban Əliyeva deyib: “Bu gün bu prinsiplər həm bizim dövlət siyasətimizin əsasıdır, həm də həyat tərzimizdir. Əminəm ki, bugünkü mürəkkəb dünyada dövlətlərimiz arasında genişlənən əməkdaşlıq, dostluq əlaqələri bir nümunədir”.
Heydər Əliyev Fondunun və Azərbaycandakı dini icmaların təmsilçilərinin Vatikana səfəri zamanı 2021-ci il martın 4-də Fond və Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyası arasında Kommodilla katakombalarının bərpası ilə bağlı müqavilə imzalanıb. Katakombaların yerləşdiyi məkan XVIII əsrdə aşkar olunub, ilkin tədqiqatlar 1900-cü ildən başlanıb. Erkən xristianlıq dövrünə aid ilk artefaktların mövcud olduğu katakomba Felisio və Adauktus adlı xristian əzabkeşlərinin dəfn olunduğu məkan kimi də tanınır və orta əsrlərdə möminlərin ziyarətgahı olub. Katakombada ilk xristian əzabkeşi San Stefano, İsa peyğəmbərin həvari Pietroya Cənnətin açarlarını təqdim etməsi və digər mövzularda freskalar müstəsna dini və tarixi əhəmiyyət daşıyır. Ötən əsrin 50-ci illərində bu ərazidə yaşayış binalarının tikintisi katakombanın statikasına mənfi təsir göstərib. Heydər Əliyev Fondunun göstərdiyi dəstək katakombanın böyük arxeoloji dəyərə malik olan bu hissəsini uçmaq təhlükəsindən qoruyub.
Bərpa prosesi zamanı işçilərin sağlamlığı üçün təhlükəsiz, ekoloji cəhətdən təmiz materialların istifadəsi də daxil olmaqla, müasir metod və texnologiyalar tətbiq edilib. Məhsulların möhkəmləndirilməsi prosesində nanotexnologiyadan və boyalı səthlərin emalı üçün lazer texnologiyasından istifadə olunub. Bütün materiallar yeraltı mühitlə yüksək uyğunluq nəzərə alınmaqla seçilib.
Qeyd edək ki, Heydər Əliyev Fondu Vatikanda genişmiqyaslı bərpa işlərini fəal şəkildə maliyyələşdirməklə dünya mədəni irsinin qorunmasına mühüm töhfə verir. Bu təşəbbüslər Müqəddəs Taxt-Tac tərəfindən səmərəli əməkdaşlıq və mədəniyyətlərarası əlaqələrin möhkəmləndirilməsi nümunəsi kimi yüksək qiymətləndirilir.
Heydər Əliyev Fondunun dəstəyi ilə Ruanda məktəbi içməli su ilə təchiz olunub
Heydər Əliyev Fondu əksər Afrika ölkələri üçün bir nömrəli problem olan – içməli su ilə təchiz məsələsinə öz töhfəsini verib. Belə ki, Fondun “Afrika ölkələrində təhsil və mədəniyyətin inkişafı” layihəsi çərçivəsində Ruandanın Şərq əyalətinin administrativ mərkəzi Rvamaqana şəhər məktəbi içməli su ilə təchiz edilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Ruandaya səfəri zamanı Rvamaqana şəhər məktəbində olub.
Heydər Əliyev Fondunun dəstəyi ilə məktəb binasının yerləşdiyi ərazidə su quyusu qazılaraq saatda 3 tona yaxın içməli suyun verilməsi təmin edilib. Bundan əvvəl sakinlər tələbatlarını təmin etmək üçün yağış suyundan asılı vəziyyətdə olublar.
Məktəblə tanışlıq zamanı şagirdlər Azərbaycan haqqında daha geniş məlumat əldə edib, ölkəmizin ənənəvi təamlarını dadıblar.
QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZURDA TARİXİ-DİNİ ABİDƏLƏRƏ YENİ HƏYAT
Fondur işğaldan azad olunan ərazilərdə tarixi-dini abidələrin təmir və bərpası ilə bağlı gördüyü işlər təqdirəlayiqdir. Bu ilin ən yaddaqalan hadisələrindən biri Ağdam rayonunun Qiyaslı kəndindəki tarixi məscidin binasının bərpadan sonra açılışındir.
Xatırladaq ki, 2021-ci il mayın 28-də Prezident İlham Əliyev Ağdama səfəri çərçivəsində Qiyaslı məscidində olub.
Qeyd edək ki, Qiyaslı məscidi də Qarabağda erməni vandalizminə məruz qalan tarixi-dini abidələrimizdən idi. Ağdam rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalı zamanı mal-qara tövləsi kimi istifadə edilən məscid binası ciddi dağıntılara məruz qalıb, dam örtüyü və günbəzlər tamamilə dağıdılıb.
Ağdam rayonu erməni işğalından azad edildikdən sonra 2022-ci ildən Qiyaslı məscidində bərpa işlərinə başlanılıb. Məscidin bərpası işləri Heydər Əliyev Fondu tərəfindən aparılıb. Bərpa layihəsi hazırlanarkən məscidin ilkin görkəmini qorumaq məqsədilə arxiv materiallarından və videoqrafik mənbələrdən istifadə olunub. İnteryerində mühafizə olunmuş burma pilləkən məscidin cənub tərəfində qoşa minarələrin mövcud olduğunu göstərirdi. Bu səbəbdən ənənəyə əsaslanaraq məscidin cənub divarında minarələr inşa edilib. Əyilmiş daş sütunlar xüsusi qurğular vasitəsilə bərpa olunub, daş tağlar və günbəzlər yenidən qurulub. Divarlarda ilkin görkəmini itirmiş və əsasən tökülmüş suvaq təmir olunub, yararsız hala düşmüş mehrab bərpa edilib. Fasad daşları xüsusi kimyəvi maddələrlə yuyulub, köhnə daşlar arasındakı tikişlər təmizlənib. Məscidin ətrafında köməkçi tikililər inşa olunub. Qiyaslı məscidi Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə 2001-ci ildən yerli əhəmiyyətli daşınmaz tarixi və mədəniyyət abidələri siyahısındadır.
Şuşada Heydər Əliyev Fondu tərəfindən ən geniş bərpa işlərindən biri dağıntıların miqyasına uyğun olaraq məhz Aşağı Gövhər Ağa məscidində aparılıb.
Bərpa işləri zamanı Aşağı Gövhər Ağa məscidində erməni vandalizminə dair bir sıra faktlar aşkarlanıb. Belə ki, məscid divarlarında müxtəlif yazılar, müdaxilələr, o cümlədən divara həkk olunmuş xaç işarəsi müəyyən edilib. İşğal dövründə erməni vandalizminə məruz qalmış mədrəsə binasının dağıntılarının bir qismi də konservasiya olunub. Məscidə gələn hər bir ziyarətçi tarixi-dini abidəyə qarşı erməni vandalizminə dair bu faktların şahidi ola bilər.
Qeyd edək ki, məscid ərazisindəki tarixi mədrəsə binasında hazırda muzey yaradılıb. Muzeydə dünyada tolerant ölkə kimi tanınan Azərbaycanda tarixi-mədəni irsin, milli-mənəvi dəyərlərin qorunmasına, dini abidələrin bərpası və mühafizəsinə daim diqqət yetirilməsinə dair məlumatlar əks olunub. Ölkəmizdə ayrı-ayrı dinlərin məbədləri bütün dövrlərdə yüksək səviyyədə mühafizə olunub, məscid, kilsə və sinaqoqlar təmir və bərpa edilib. Azərbaycan xalqının qədim mədəniyyətinin təşəkkül tapdığı Qarabağ və Şərqi Zəngəzur əraziləri öz tarixi, maddi-mədəniyyət və dini abidələri ilə hər zaman zəngin olub. Təəssüf ki, 30 ilə yaxın davam edən işğal dövründə əzəli Azərbaycan torpaqlarında olan bütün dini abidələrə qarşı vəhşiliklər törədilmişdir. İşğalın ən ağır fəsadlarından biri bəşəri əhəmiyyətə malik mədəni irsin, o cümlədən İslam dininə aid abidələrin qəsdən dağıdılması və məhv edilməsidir. İlkin araşdırmalara görə, işğal dövründə 65 məscidin yerlə-yeksan edildiyinə dair məlumatlar olsa da, təəssüf ki, bu rəqəmlər getdikcə artmaqdadır. Muzeydə Qarabağ və Şərqi Zəngəzur ərazilərində mövcud olmuş bir sıra dini abidələrə qarşı törədilmiş vandalizmin ümumi mənzərəsini əks etdirmək və həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq məqsədilə foto və videomateriallar nümayiş olunur. 44 gün davam edən müharibədə Müzəffər Azərbaycan Ordusunun təcavüzkar Ermənistanı məğlub edərək, işğaldan azad etdiyi Vətən torpaqlarında bu gün həyata keçirilən tikinti-bərpa işlərində Mehriban xanım Əliyevanın da həyata keçidiyi layihələr töhfəsini verməkdədir. Böyük Qayıdışın möhtəşəm olacağına əminik və bu işdə Mehriban Əliyevanın payı müstəsna olacaqdır. Artıq bu işlərin ilkin addımlarını və reallaşan layihələri görürük. Heydər Əliyev Fondu məscidlərin təmirini öz üzərinə götürüb. Heydər Əliyev Fondunun dəstəyi ilə bürüncdən hazırlanan M.P. Vaqifin büstü öz əvvəlki yerinə qaytarılıb. Görülən işlər kifayət qədərdir. Damarlarında azərbaycanlı qanı qövr edən Böyük Ziyalının işığında Azərbaycanın hər bir bölgəsində əməyini, layihələrini görürük. Bu hər kəsi qürurlandırır.
TARİXİ ZƏNGİLAN MƏSCİDİ
Bu ilin mayın 18-də Zəngilan məscidinin açılışı da yaddaqalan tarixi hadisəyə çevrildi. Qeyd edək ki, Zəngilanda yeni məscidin təməli şəhər işğaldan azad edildikdən sonra - 2021-ci il aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qoyulub. Məscidin tikintisini Heydər Əliyev Fondu "PAŞA Holdinq" MMC-nin dəstəyi ilə həyata keçirib.
Ermənistan 30 illik işğal dövründə əzəli Azərbaycan torpaqlarında olan bütün dini abidələrimizə qarşı vəhşiliklər törədib. Ermənilər şəhər və rayonlarımızda yaşayış və inzibati binaları, bütün infrastrukturu dağıdıb, təbii sərvətlərimizi talan edib, bu ərazilərdəki dini, tarixi, mədəniyyət abidələrimizi vandalizm aktlarına məruz qoyub. O cümlədən Zəngilan rayonundakı tarixi, dini, mədəniyyət abidələrimiz erməni təcavüzünün qurbanları sırasındadır. Burada da müqəddəs ocaqlarımız ermənilər tərəfindən dağıdılıb, təhqir edilib. İşğal dövründə Zəngilan şəhərindəki tarixi məsciddən tövlə kimi istifadə olunub. XIX əsrdə inşa edilmiş və memarlıq abidəsi kimi inventarlaşdırılan məscid dağıdılıb, ilkin görkəmini 70 faizə qədər itirib.
İşğal altında olan ərazilərimiz azad edildikdən sonra Qarabağdakı tarixi, dini və mədəniyyət abidələrinin bərpası layihələri çərçivəsində Zəngilan məscidində bərpa-tikinti işlərinə başlanılmışdı. Konservasiya olunan tarixi məscidin yanında yeni məscid inşa edilib. Məscid binasında 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Məscidin minarələri və günbəzi kaşı və kərpicdən yığılıb. İnteryerdə nəqqaşlıq işləri aparılıb, mehrab kaşıdan yığılmış nəbati naxışlarla işlənib. Minbər və şəbəkə elementləri təbii ağacdan hazırlanıb.
İşğal dövründə dağıdılmış tarixi Zəngilan şəhər məscidinin ərazisində isə açıq səma altında sərgi yaradılıb. Sərgi Qarabağ və Şərqi Zəngəzur ərazilərində mövcud olmuş bir sıra dini abidələrimizə qarşı törədilmiş vandalizmin ümumi mənzərəsini əks etdirir. Burada işğalın ən ağır fəsadlarından biri kimi bəşəri əhəmiyyətə malik mədəni irsimizin, o cümlədən İslam dininə aid abidələrin qəsdən dağıdılması və məhv edilməsinə dair faktlar yer alıb.
GƏLƏCƏYİMİZƏ OLAN QAYĞI
Azərbaycan cəmiyyətində gənc nəslin biliklərə yiyələnməsini və ölkəmizin dünya təhsil sisteminə inteqrasiyasını prioritet məsələlərdən hesab edən təhsilin inkişafına yönəlmiş genişmiqyaslı proqram və layihələri qısa bir zaman məsafəsində böyük uğurlara səbəb oldu. Mehriban xanım Əliyevanın "Yeniləşən Azərbaycana yeni məktəb" Proqramı əsasında ötən illərdə olduğu kimi, 2025-ci ildə də təhsil sahəsində mövcud olan problemlərin həllinə nail olundu. Müasir standartlara cavab verən təhsil kompleksləri yaratmaqla proqram çərçivəsində müasir standartlara cavab verən məktəb binaları inşa olunaraq yenidən quruldu. Belə ki, müəssisələrin yüksək səviyyədə yetişən nəslin ixtiyarına verilməsi gələcək nəslin sağlam, savadlı, yetkin bir formada böyüməsinə təsirini göstərməkdədir.
Ölkəmizdə təhsil müəssisələrinin əsaslı təmiri, yenidən qurulması və yenilərinin inşası, onların zəruri tədris avadanlığı ilə təchizi gənc nəslin daha savadlı və bilikli yetişməsinə hesablanıb. Yeni məktəb binalarının və tədris korpuslarının inşası şagird sıxlığını aradan qaldırmaqla, həm də onların daha keyfiyyətli təhsil almasına şərait yaradır.
Heydər Əliyev Fondu tərəfindən inşa edilmiş Göyçay rayon Hümbət İsmayılov adına Qarabaqqal kənd tam orta məktəbi ötən il istifadəyə verilib.
Qarabaqqal kəndindəki tam orta məktəbin 1939-cu ildə inşa olunmuş köhnə binası ötən müddət ərzində istifadəyə yararsız vəziyyətə düşmüşdü. Bu səbəbdən Heydər Əliyev Fondunun təşəbbüsü və Elm və Təhsil Nazirliyinin sifarişi ilə müasir məktəb binası inşa edilib.
Yeni inşa edilən 3 mərtəbəli 2 korpusdan ibarət məktəb binasında sinif otaqları, fizika, kimya, biologiya laboratoriyaları, kompüter otağı, hərbi-hazırlıq otağı, tibb otağı, əmək təlimi otaqları, kitabxana, idman zalı və açıq idman meydançası var. Məktəb əyani vasitələrlə tam təchiz olunub. Həyətyanı ərazidə abadlıq və yaşıllaşdırma işləri aparılıb, şəhid Hümmət İsmayılovun büstü qoyulub və kənd şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədilə xatirə kompleksi inşa edilib.
Əlbəttə ki, bütün bunlar Fondun il ərizində gördüyü işləri tam əhatə etmir. Bu layihələrin miqyası geniş və əhatəlidir. Mehriban xanım Əliyeva hər zaman olduğu kimi, yola salacağımız 2025-ci ildə də möhtəşəm layihələrə imza atdı. Müasir standartlara cavab verən təhsil kompleksləri yaratmaqla yanaşı, gənclərin hərtərəfli inkişafına diqqətlə yanaşaraq uşaq və yeniyetmələrdə idmana maraq aşılamaq, onları sağlam ruhda tərbiyə etmək istiqamətində müxtəlif layihələr də həyata keçirdi. Əlbəttə ki, bu Mehriban xanım Əliyevanın yalnız təhsillə bağlı həyata keçirdiyi layihələri yox, Qarabağımızda və Şərqi Zəngəzurda gerkələşdirdiyi layihələr də tarixin yaddaşına həkk olundu.
Nəzakət ƏLƏDDİNQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 05 Yanvar 2026 16:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















