25 Oktyabr Qubadlı Şəhəri Günüdür ŞƏRH
Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
25 oktyabr Azərbaycan xalqının yaddaşına qürur və Zəfər günü kimi həkk olunub. Vətən müharibəsinin 29-cu günü - 2020-ci il oktyabrın 25-də Azərbaycan Ordusu Qubadlı şəhərini və ətraf kəndləri erməni işğalından tamamilə azad edərək 27 illik işğala son qoydu. Bu tarixi gün Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı və Vətən müharibəsində dönüş nöqtəsi oldu.
Qubadlı rayonu 31 avqust 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. İşğal dövründə rayonda 1 şəhər, 93 kənd, tarixi abidələr, məktəblər, mədəniyyət evləri dağıdıldı, təbiətə böyük ziyan dəydi, qanunsuz məskunlaşma aparıldı. Təxminən 40 minə yaxın qubadlılı 27 il doğma yurdundan didərgin düşdü.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuz Cəbrayıl və Zəngilan istiqamətlərində uğurlu əməliyyatlardan sonra Qubadlı istiqamətində hücumu davam etdirdi. Sıldırım qayalıqlar, çətin relyef şəraitində gedən ağır döyüşlərdən sonra oktyabrın 25-də Qubadlı şəhəri düşməndən təmizləndi. Həmin gün Prezident İlham Əliyev xalqa müraciətində Qubadlının azad olunmasını elan etdi. Məhz Qubadlının azad edilməsi ilə Laçın dəhlizinə nəzarət imkanı yarandı və müharibənin taleyi həll olundu.
Bir il sonra, 25 oktyabr 2021-ci ildə Prezident İlham Əliyev Qubadlı rayon sakinlərini Qubadlıya dəvət edərək demişdi: "Qubadlıya xoş gəlmisiniz. Bu gün Qubadlı rayonunun tarixində əlamətdar və tarixi bir gündür. Düz bir il bundan əvvəl müzəffər Azərbaycan Ordusu Qubadlını erməni işğalından azad etmişdir və bundan sonra 25 oktyabr bizim tariximizdə əbədi Zəfər günü kimi qeyd ediləcək."
Vətən müharibəsində qazanılmış tarixi Qələbəni əbədiləşdirmək məqsədilə Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilərdə şəhər günləri təsis edildi. Sərəncama əsasən 26 avqust Laçın, 4 oktyabr Cəbrayıl, 17 oktyabr Füzuli, 20 oktyabr Zəngilan, 25 oktyabr Qubadlı, 8 noyabr Şuşa, 20 noyabr Ağdam və 25 noyabr Kəlbəcər şəhəri günləri kimi müəyyən edildi. Beləliklə, 25 oktyabr rəsmi olaraq Qubadlı Şəhəri Günü kimi qeyd olunmağa başladı və bu il artıq beşinci dəfədir ki, bu əlamətdar gün təntənəli şəkildə qeyd olunur.
Qubadlı bu gün genişmiqyaslı bərpa və quruculuq meydanıdır. İşğaldan sonra ilk növbədə ərazinin minalardan təmizlənməsi həyata keçirildi. Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında 100 min hektardan çox ərazi mina və partlayıcı sursatlardan təmizləndi, 412 kilometr ərazi boyunca təhlükəsizlik çəpərləri quruldu. Bu, quruculuq işlərinin sürətlə aparılmasına imkan yaratdı. Dövlət səviyyəsində Qubadlı şəhərinin Baş planı hazırlandı. "Qubadlı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş plan" 2025-ci il sentyabrın 9-da Nazirlər Kabineti tərəfindən təsdiq edildi. Baş plan əsasında 2025-ci il iyunun 16-da şəhərdə ilk yaşayış məhəlləsinin tikintisinə başlanıldı və hazırda işlər sürətlə davam edir. Eyni zamanda ikinci yaşayış kompleksinin tikintisinə hazırlıq görülür.
Prezident İlham Əliyevin Qubadlıya səfərləri zamanı şəhərdə inzibati binanın, 600 şagird yerlik tam orta məktəbin, 91 çarpayılıq Mərkəzi Xəstəxananın təməli qoyuldu. Kəndlərin bərpası çərçivəsində Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin təməli atıldı. Mahruzlu və Zilanlıda inşa olunan yeni yaşayış massivləri Böyük Qayıdış Proqramının mühüm mərhələlərindəndir. Burada da müasir infrastruktur - yollar, elektrik, qaz, rabitə xətləri, su təchizatı yaradılır.
Qubadlı Şərqi Zəngəzur iqtisadi rayonunun mühüm mərkəzinə çevrilir. Rayonun iqtisadi həyatının bərpası üçün "Qubadlı" gömrük postunun yaradılması regionlararası əlaqələrin güclənməsinə xidmət edir. Tarixi torpaqlarımıza sakinlərin mərhələli köçürülməsi həyata keçirilir və Qubadlı yenidən qurulur.
Bu gün Qubadlıda aparılan quruculuq işləri Azərbaycanın gücünü, iqtisadi potensialını və gələcəyə inamını ifadə edir. 25 Oktyabr Qubadlı Şəhəri Günü artıq təkcə tarixi qələbə xatirəsi deyil, həm də yeni həyatın başlanğıcını simvolizə edir. Bu gün təkcə bir şəhərin azad olunmasının ildönümü deyil, həm də Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəsinin, ümumxalq birliyinin möhtəşəm rəmzidir.
Azad Qubadlıda dalğalanan üçrəngli bayraq, ucalan yeni evlər, tikilən məktəblər sübut edir ki, Qubadlı əbədi olaraq Azərbaycandır və Qubadlılar tezliklə öz doğma yurdlarına qayıdaraq burada əbədi yaşayacaqlar.
Eldar Əsədov
YAP Tərtər rayon təşkilatının sədri
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 21 Oktyabr 2026 09:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















