32 yaşında təqaüdə çıxdı: Sadə qənaət qaydası ilə mümkün oldu
Icma.az xəbər verir, News24 saytına əsaslanaraq.
Ukraynalı proqramçı Naz Avo 32 yaşında erkən təqaüdə çıxmağı bacarıb.
News24.az xəbər verir ki, onun sirri mürəkkəb maliyyə planlarında deyil, əmək haqqının 70 faizini yığmaq vərdişində olub. “Tələbə kimi yaşa, mühəndis kimi qazan və gəlirinin böyük hissəsinə qənaət et” prinsipi ilə hərəkət edən Avo erkən maliyyə azadlığına nail olub.
O bu qaydaya 20 yaşlarından etibarən sadiq qalıb və bank hesabının necə böyüdüyünü izləməkdən motivasiya alıb. Uzaqdan işləmək imkanı sayəsində Polşa, ABŞ və Almaniyada yaşadıqdan sonra təqaüd həyatını Taylandda davam etdirməyi seçib. Buradakı vergi üstünlükləri onun investisiyalarının daha sürətlə artmasına şərait yaradıb.
Yaxşı maaşlı işindən imtina edən Avo indi Taylandda sörflə məşğul olur, yoqa və ciu-citsu ilə maraqlanır. Onun hekayəsi erkən təqaüdün mümkünlüyünü göstərən ilhamverici nümunə hesab olunur.
Dünyada erkən təqaüd tendensiyası da artmaqdadır. Almaniyada aparılan araşdırmaya görə, “böyük nəsil” adlandırılan yaş qrupu arasında təqaüd yaşını gözləmədən istirahətə çəkilənlərin sayı getdikcə artır.
Xeyrənsə Piriyeva


