4700 il gizli qalan məzar açıldı
Icma.az, Azpost portalına istinadən məlumatı açıqlayır.
Arxeoloqlar Misirin paytaxtı Qahirədən təxminən 40 kilometr cənub-qərbdə yerləşən və UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil edilən Sakkara nekropolunda qazıntılar aparıblar.
Son araşdırmalar zamanı alimlər Qədim Misir səltənəti dövrünə aid, təxminən 4700-4200 il əvvələ tarixlənən möhtəşəm məzar aşkar ediblər.
Məzarın ətrafındakı heroqliflər onun Sehenctyu-Ptax adlı yüksək vəzifəli məmura məxsus olduğunu göstərir. O, qədim dövrün bir növ “vəzifə siyahısı” kimi xidmət edən yazılarda tutduğu postları fəxrlə sadalayıb.
Məmurun vəzifələri arasında kralın saray kammerheri, kral tikinti işlərinin rəhbəri, kral sənədlərinə nəzarət edən şəxs, Maat ilahəsinin kahini və mirzələrin rəhbəri olub.
Məzar sahibinin yüksək statusunu göstərən başqa mühüm tapıntılar da aşkarlanıb. Buradan mərhumun axirət həyatında ona xidmət etməsi nəzərdə tutulan 100-dən çox fiqur tapılıb.
Arxeoloqlar həmçinin ilkin vəziyyətində möhürlənmiş üç daş sarkofaq, taxtadan hazırlanmış şahin fiquru, keramika nümunələri və digər qədim artefaktlar aşkar ediblər.
Məzardakı “saxta qapı” nə üçün idi?
Mütəxəssislərin diqqətini ən çox çəkən tapıntılardan biri saxta qapının qarşısında yerləşdirilmiş dəfn əşyalarıdır. Buraya qurban masası, qurban diski və təmizlənmə mərasimlərində istifadə olunan qab daxildir.
Bu “saxta qapı”nın məqsədi məzar soyğunçularını aldatmaq olmayıb. Əksinə, qədim misirlilər onu dirilər və ölülər dünyası arasında simvolik və mənəvi keçid hesab edirdilər. İnanca görə, mərhumun ruhu bu qapı vasitəsilə iki dünya arasında hərəkət edə bilərdi.
Məzarın minilliklər ərzində müəyyən vaxtda qarət edildiyi də müəyyənləşdirilib.
Sakkara təkcə bu tapıntı ilə diqqət çəkmir. Burada Misirin kral piramidaları və onların qalıqları, o cümlədən ölkədə məlum olan ən qədim piramida – Coserin pilləli piramidası yerləşir.
Nekropolda qədim Misir dünyasının ən qədim və ən yaxşı qorunmuş mumiyalarından biri də aşkarlanıb.
Sakkara nekropolu XIX əsrin ortalarından etibarən araşdırılır. Buna baxmayaraq, ərazi arxeoloqlara hələ də yeni sürprizlər təqdim edir.
Misir hakimiyyəti Sakkaranı Qizadakı daha məşhur piramidalarla rəqabət apara biləcək turizm və arxeologiya mərkəzinə çevirmək üçün yeni layihələr həyata keçirir.
Misirşünas Magdi Şakerin sözlərinə görə, Sakkara Qizadan memarlıq baxımından daha möhtəşəm görünməyə bilər, lakin tarixi baxımdan daha geniş dövrü əhatə edir.
“Qiza memarlıq və tarix baxımından kifayət qədər məhduddur – əsasən IV sülalənin piramida kompleksindən ibarətdir. Sakkarada isə piramidalar, məbədlər, şəxsi məzarlar, heyvanların yeraltı nekropolu və monastır yerləşir. Bunlar qədim Misir tarixinin demək olar ki, bütün dövrlərini əhatə edir”, – ekspert bildirib.
N.Talıblı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 08 Sentyabr 2026 09:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















