Icma.az
close
up
RU
525 ci qəzet Bakıda yeni metro stansiyaları

525 ci qəzet Bakıda yeni metro stansiyaları

Məlum olduğu kimi, bu günlərdə Prezident İlham Əliyev Bakı şəhərində nəqliyyat problemlərinin olduğunu, yeni layihələrin vacibliyini, tıxacların qarşısının alınması məqsədilə metropolitenin inkişaf etdiriləcəyini və bu ildən etibarən 10 yeni metro stansiyanın tikiləcəyini bildirib. Dövlət başçısı yeni stansiyaların yerlərinin də artıq seçildiyini və bu ildən etibarən tikintiyə maliyyə ayrılacağını deyib.

Artıq Bakıda 2030-cu ilədək inşası nəzərdə tutulan 10 yeni metro stansiyanın yerləşəcəyi həmin ərazilər açıqlanıb. Yeni çəkiləcək metro xətlərinin Sahil, Xətai, "Xocəsən - Ağ şəhər - Babək prospektinin kəsişməsində, eləcə də "Port Baku" istiqamətində yerləşəcəyi nəzərdə tutulub. Bu 10 stansiya bənövşəyi xətdən Ağ Şəhərə, yaşıl xətdən isə "Həzi Aslanov" stansiyasına kimi uzadılacaq. "B4" hazırda tikilməkdə olan stansiyadır. Heydər Əliyev İdman Kompleksinin arxasında yerləşir. "B5" stansiyası təxminən Xarici İşlər Nazirliyinin, "B6" stansiyasi isə "Hökumət evi"nin arxasında planlanır. Arada isə "Sahil" keçid stansiyası olacaq, o da "Sahil" stansiyasının yanında düşünülür. "B7" "Xətai" stansiyası ilə keçid, "B8" stansiyası da Ağ Şəhərin Babək prospekti hissəsinə tərəf düşən hissəsi olmalıdır. "Y15", "Y16", "Y17" stansiyaları da "Xətai" ilə "Həzi Aslanov" arasında 8 Noyabr prospekti boyunca yerləşəcək. "Y14" stansiyası isə Ağ Şəhər ərazisinə düşür.

Bununla da 2030-cu ilə qədər Bakıda stansiyaların sayı 37-yə çatdırılacaq.

Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, Bakı metropoliteninin 10 yeni stansiyasının inşa edilməsi paytaxtın ictimai nəqliyyatının gələcəyinə ümidləri artırır. Paytaxtda tıxac və elementar yol hərəkəti təhlükəsizliyi probleminin həlli, istisnasız olaraq ictimai nəqliyyatdan asılıdır: "Ona görə də həm metropolitenə, həm avtobus marşrutlarına, həm də şəhərətrafı qatarlara ciddi sərmayə qoyulmalı, imkan daxilində tramvay marşrutları bərpa edilməlidir. Metroya gəlincə, Bakının Baş Planını və metropolitenin hazırkı vəziyyətini və ikişaf perspektivini nəzərə alanda həmin stansiyalara harada daha çox zərurət olduğu məlum olur".

Ərşad Hüseynov bildirib ki, metro çox ciddi şəkildə, özü də daha sürətlə genişləndirilməlidir. Avropanın, Çinin, Yaponiyanın Bakı kimi şəhərlərinin metro stansiyalarının sayı çoxdan 200-ün üstündədir. Hər il bir neçə stansiya tikilib istifadəyə verilir. Bizdə də dayanıqlı maliyyələşmə ilə ən optimal texnologiyaları cəlb etməklə metronu şaxələndirmək lazımdır: "Düzdür, bunun üçün böyük xərclər lazımdır. Bakının Baş Planında proqnozlaşdırılan rəqəmlərdən aydın olur ki, bir metro stansiyasının tikintisinin orta qiyməti 187 milyon manat, bir kilometr ikitərəfli metro xəttinin tikintisinin orta qiyməti isə 127,5 milyon manatdır. Yəni 10 stansiyanın tikintisinə təxminən 3,5-4 milyard manat pul xərclənməlidir. Amma bu vəsaitlər metronun inkişafına mütləq yönəldilməlidir, əks təqdirdə Bakının nəqliyyat sistemi daha da pisləşəcək və paytaxda yaşamaq getdikcə daha çətin olacaq".

Nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, bu günə qədər Bakı şəhərinin rəqəmsal əkizi olmayıb. Amma artıq axınlar müəyyən olunur, hansı istiqamətdən avtomobil və sərnişin axını nə qədər olduğu, həmin sərnişinlərin hansı nəqliyyat vasitəsindən istifadə etdiyi barədə datalar var. Ekspert deyir ki, metronun konseptual sənədi var. Hansı ki bu sənəddə sərnişin sıxlığı və axınlar müəyyən olunub. Onun sözlərinə görə, ilk hədəf metronun hazırkı şəbəkəsinin işlənməsidir: "Verilmiş yükü paylamaq üçün "Yaşıl xətt" və "Qırmızı xət"dən sonra "Bənövşəyi xətt"in genişləndirilməsi nəzərdə tutulur. Bu gün metroda üç xəttimiz var. Hər bir xəttin özünün işləmə intervalı var. "Qırmızı xətt" iki dəqiqə, "Yaşıl xətt" dörd dəqiqə, "Bənövşəyi xətt" yeddi dəqiqə intervalla işləyir. Onların bir-iki dəqiqə işləməsini təmin etmək üçün tikinti işləri görülməlidir. Bu üç xəttin müstəqil fəaliyyəti üçün hərəsinin ayrı deposu olmalıdır. İndiki halda üç xəttin iki deposu var. Belə olduqda bir və iki xəttimiz bir müstəvidə kəsişir. Onların ayrılmasına da ehtiyac var".

R.Ağamirzəyev deyir ki, Xırdalanda dəmiryolu xətti var: "Ona görə də ora yeraltı metro xətti çəkməkdənsə, dəmiryol xətinin yerüstü metro funksiyasını daşıması daha məqsədəuyğundur. Bunlar fərqli həllərdir. Dəmiryolu ilə hazırda 37 min sərnişin daşınır. Bunu yaxın ildə dörd-beş dəfə artırmağı düşünürlər".

İnşaatçı-mühəndis Azər Axundov deyir ki, Prezidentə təqdim edilən layihədə 10 yeni stansiyanın tikinti sxemində ən maraqlı məqam bənövşəyi xəttə yeni stansiyanın əlavə olunmasıdır: "Belə ki, metronun təsdiqlənmiş konseptual sxemində bənövşəyi xətt üzrə "B-5" stansiyası Xarici İşlər Nazirliyi ətrafında, "B-6" stansiyası isə Hökumət Evi ətrafında nəzərdə tutulsa da, bu gün göstərilən sxemdə bu iki stansiyanın arasına yeni bir stansiya da əlavə olunub və qırmızı xəttin "Sahil" stansiyasına keçid kimi göstərilib. Çox güman ki, bu plan hələ tam təsdiqlənməyib və bu səbəbdən sxemdə bənövşəyi xətt üzrə dəqiq stansiya sayı əvəzinə 5-6 stansiyanın tikintisi qeyd olunub. Yəni "Sahil" stansiyası yanında keçid stansiyası olarsa, 6, olmasa, 5 stansiya tikilməlidir: "Bu, əslində, çox yaxşı fikirdir, çünki konseptual sxemdə bənövşəyi xətlə qırmızı xətt ancaq "Xalqlar dostluğu" stansiyasında kəsişirdi. "Sahil" stansiyasının şəhər mərkəzində olmasını nəzərə alaraq ona keçid stansiyası tikilərsə, bənövşəyi xətlə birbaşa şəhər mərkəzinə çıxış təmin olunar. Eyni zamanda bu istiqamətdən mikrorayonlar istiqamətinə qayıdanlar artıq yüklənmiş "28 May" stansiyası əvəzinə "Sahil" tərəfdən də metroya giriş əldə etmiş olar. Nəzərə alsaq ki, bənövşəyi xəttin stansiyaları köhnə stansiyalar kimi 5 yox, 7 vaqonlu qatarı qəbul edə biləcək şəkildə tikilir, bu stansiya daha çox sərnişinin şəhər mərkəzindən kənarlara daşınmasına kömək edə bilər".

Mütəxəssisin sözlərinə görə, yağışa görə paytaxt yollarında yaranan vəziyyət bir daha göstərir ki, Bakıda relsli nəqliyyatın inkişafına təcili ehtiyac var: "Basabas olsa da, metro və elektrik qatarı dayanmadan işləyir. Hər iki növün daha da genişlənməsi üçün təcili investisiya ayrılmalıdır. Bu iş üçün 3-4 milyard xərcləmək çox deyil. Milyon dəfə yolların genişlənməsindən daha faydalıdır".

Nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, Baş planda metro stansiyalarının sayının indikindən iki dəfə artıq olması nəzərdə tutulur. Ümumilikdə, 60-a yaxın metro stansiyasının olması əhali üçün çox böyük dəyişiklik deməkdir: "Hələ ki stansiyaların sayının artırılması ilə bağlı planda Xırdalan nəzərə alınmayıb. Təəssüf ki, Azərbaycanda bir metro stansiyasının tikintisi bəzən 3 ildən 10 ilə qədər vaxt apara bilər. Biləcəri, Masazır, Xırdalana mütləq metro çəkilməlidir. Buna ciddi ehtiyac var. Yerüstü nəqliyyatın yaratdığı problemləri nəzərə alsaq, yeraltı nəqliyyata keçid daha da sürətlənməlidir. Bu, iş icraçılardan, metropoliten rəhbərliyindən asılıdır. Prezidentin tapşırığından sonra məsələyə ciddi yanaşacaqlar və tez bir zamanda bu stansiyalar tikiləcək. Metro stansiyalarının tikilməsi, sayının artırılması tıxacla mübarizədə effektiv üsuldur. Bütün tıxac problemlərinin dərhal öz həllini tapacağını demirəm. Amma hər halda sərnişinlərimiz üçün çox faydalı olacaq. İctimai nəqliyyata üz tutan insanların sayı artacaq".

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümbətov deyib ki, "Sahil", istərsə də "Xətai" stansiyalarının yaxınlığında olan yeni stansiyaların mövcud şəbəkə ilə birləşdirilməsi planlaşdırılır. Əlavə dörd stansiya isə mövcud olan "yaşıl xətt"in, yəni "Dərnəgül"dən başlayaraq "Xətai"yə qədər gələn və oradan davam edən stansiyalar inşa etməklə "Həzi Aslanov"a birləşdiriləcək. Nazir müavini qeyd edib ki, bundan əlavə, metronun "28 May" stansiyasında ciddi işlərin görülməsinə ehtiyac var: "Biz düşünürük ki, ilk işlər buradan başlanmalıdır. Həm "yaşıl", həm "qırmızı xətt" tarixən gəlib bir xətdən, tuneldən keçir. Bu da qatarlar arasında vaxt intervalının azaldılmasına, gələcəkdə yeni inşa olunacaq stansiyalar üzrə hərəkətə mane olan amildir. Ona görə də ilk növbədə "yaşıl xətt" "qırmızı xət"dən ayrılmalıdır. Metronun "İçərişəhər" stansiyasında geri dönmənin qatarın daxil olduğu xətt üzrə mümkünlüyü intervallara təsir göstərir. Bu səbəbdən orada geri dönmə dairəsinin qurulması planlaşdırılır. "Həzi Aslanov" stansiyasında mövcud şərait nəzərə alınaraq işlərin görülməsinə ehtiyac yaranıb ki, bu işlər tamamlanmalıdır. Bütün bu yeni stansiyalara xidmət edəcək yeni "Xocəsən" deposunun inşası və tamamlanması, eləcə də "Dərnəgül"də "yaşıl xət"də xidmət göstərəcək yeni metro stansiyasının inşasına ehtiyac var. Bütün bu görülən işlər gələcəkdə metro vasitəsilə əlavə 90 milyona yaxın sərnişinin daşınmasına şərait yaradacaq və şəhər daxilində sərnişin hərəkətinə ciddi dəstək verəcək".

Sevinc QARAYEVA

seeBaxış sayı:61
embedMənbə:https://525.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri