525 ci qəzet Elmimizin məbədi Azərbaycan Milli Elmlər Akademiyası 80
Icma.az, 525.az-ə istinadən məlumat verir 525 ci qəzet Elmimizin məbədi Azərbaycan Milli Elmlər Akademiyası 80.
Misir MƏRDANOV
AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor
Azərbaycan Milli Elmlər Akademiyası bizim milli sərvətimizdir və onu qoruyub saxlamalıyıq.
Heydər Əliyev
Təbiət və cəmiyyətin inkişafındakı qanunauyğunluqları öyrənən biliklər sistemi kimi yaranan elmin tarixi qədim olsa da və istedadlı xalqımızın min ildən artıq bir dövrdə çoxsaylı parlaq zəka sahiblərini yetişdirdiyini bilsək də, dünyəvi elmlərin sistemli şəkildə öyrənilməsi tarixinin XIX əsrin sonu və XX əsrin əvvəllərinə aid olmasını etiraf etməliyik. Həmin dövrdə dünyanın qabaqcıl universitetlərinə təhsil almağa göndərilən istedadlı gənclərin yetkin mütəxəssis kimi və bu işi davam etdirmək arzusuyla vətənə dönməsindən sonra atılan addımlar bu sahədə böyük işlərin görülməsi ilə nəticələndi. Azərbaycan Xalq Cümhuriyyətinin qurulması, ondan bir il sonra Bakı Dövlət Universitetinin açılması dünyəvi elmlərin tədrisi və tədqiqi üçün geniş yollar açdı.
Bu yazıda 80 illik yubileyini qeyd etdiyimiz Akademiyanın şərəfli tarixi haqqında məlum həqiqətləri təkrar etmək fikrində deyiləm, əsasən riyaziyyat elminin təşəkkülü və inkişafı, həmçinin Riyaziyyat və Mexanika İnstitutu barəsində yazmaq istəyirəm.
Bununla belə qeyd etməyi zəruri hesab edirəm ki, 1923-cü il noyabrın 2-də Azərbaycan Tədqiq və Tətəbbö Cəmiyyətinin yaradılması ilə ölkəmizdə elmi tədqiqatların ilkin təməli atılmışdır. 1932-ci il dekabrın 29-da isə SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialının Azərbaycan şöbəsinin təsis edilməsi ilə Azərbaycanda akademik statusda ilk elmi təşkilatın əsası qoyulmuşdur. Qısa müddət ərzində ölkəmizdə bu elmi qurumun tərkibində ayrı-ayrı istiqamətlər üzrə ilk elmi müəssisələr və sektorlar yaradılmışdır. SSRİ Elmlər Akademiyası Rəyasət Heyətinin 25 oktyabr 1935-ci il tarixli qərarı ilə SSRİ EA Zaqafqaziya Filialının Azərbaycan şöbəsi həmin ildə SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialına çevrilmiş, bununla müstəqil Akademiyanın yaradılmasına doğru mühüm addım atılmışdır.
SSRİ Elmlər Akademiyası Azərbaycan Filialının fəaliyyət göstərdiyi 1932-1945-ci illərdə respublikamızda elmi-tədqiqat müəssisələrinin təşkili sahəsində mühüm tədbirlər həyata keçirilmiş, yüksək ixtisaslı elmi dərəcəli kadr potensialı formalaşdırılmış, beləliklə, Azərbaycan Elmlər Akademiyasının təsis edilməsi üçün zəruri hazırlıq işləri görülmüşdür.
1944-cü il oktyabrın 24-də tarixdə SSRİ Xalq Komissarları Soveti SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının bazasında Azərbaycanda Elmlər Akademiyasının yaradılmasını mümkün hesab etmişdir.
Nəhayət, Azərbaycan SSR Nazirlər Sovetinin 27 mart 1945-ci il tarixli qərarı ilə Azərbaycan SSR Elmlər Akademiyası təsis olunmuş və ilk prezidenti Mir Əsədulla Mir Ələkbər oğlu Mirqasımov seçilmişdir.
Yeri gəlmişkən qeyd etmək lazımdır ki, hər zaman olduğu kimi həmin dövrdə də ayrı-seçkilik hökm sürürdü və elmi bazanın elə bir fərqinin olmadığına baxmayaraq, bizdən bir qədər əvvəl, 1941-ci ilin fevral ayında Gürcüstanda, 1943-cü ilin noyabr ayında isə Ermənistanda Elmlər Akademiyası yaradılmışdı.
1920-ci ildə Bakı Dövlət Universitetinin nəzdində Fizika-riyaziyyat fakültəsinin fəaliyyətə başlamasını ölkəmizdə müasir riyaziyyat elminin əsaslarının qoyulması kimi dəyərləndirmək olar. Bu mühüm hadisəyə qədər ilk ali riyazi təhsilli azərbaycanlı - 1913-cü ildə Peterburq Universitetinin Fizika-riyaziyyat fakültəsini riyaziyyat ixtisası üzrə bitirmiş Məmməd bəy Əfəndiyevin adını qeyd etmək lazımdır. Görkəmli maarifçi Rəşid bəy Əfəndiyevin oğlu olan Məmməd bəy Əfəndiyev 1914-cü ildən ölkəmizdə riyazi terminlərin formalaşması və ilk riyaziyyat dərsliklərinin yaradılması, sonradan isə ömrünün sonunadək (1977) Azərbaycan Dövlət Pedaqoji Universitetində və Bakı Dövlət Universitetində riyaziyyatın müxtəlif sahələrində elmi tədqiqat işlərini aparması, Azərbaycan dilində mühazirələr oxuması ilə əvəzsiz xidmətlər göstərmişdir.
Ölkəmizdə müasir riyazi tədqiqatlarla məşğul olan ilk akademik riyaziyyat özəyi 1942-ci ilin aprel ayında SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının Fizika sektorunda təşkil edilmişdi. 1940-cı ildə namizədlik dissertasiyası müdafiə edərək, Tiflisdən Bakıya gəlmiş Zahid Xəlilov onun yeganə riyaziyyatçı əməkdaşı olmuşdur. 1943-cü ildə SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının nəzdində müstəqil Riyaziyyat sektorunun yaradılması ilə riyaziyyat sahəsində elmi tədqiqat işlərinin aparılması istiqamətində daha mütəşəkkil və məqsədyönlü tədqiqatlara başlanılmışdır.
1945-ci ilin oktyabr ayında Fizika və Riyaziyyat sektorlarının bazasında Fizika və Riyaziyyat İnstitutu yaradıldı. Bu instituta 1945-1950-ci illərdə Həbibulla Əmirxanov, 1950-1957-ci illərdə isə Zahid Xəlilov rəhbərlik etmişdir.
1945-cı ildən Fizika və Riyaziyyat İnstitutunun ilk elmi jurnalı "Əsərlər" adı ilə dərc olunmağa başladı.
14 ildən sonra Azərbaycan SSR Nazirlər Sovetinin 1959-cu il 27 aprel tarixli 319 nömrəli qərarı ilə Azərbaycan SSR EA-nın Fizika və Riyaziyyat İnstitutunun bazasında iki müstəqil elmi-tədqiqat institutu: Fizika İnstitutu və Riyaziyyat və Mexanika İnstitutu yaradıldı. Riyaziyyat və Mexanika İnstitutunun ilk direktoru vəzifəsinə akademik Zahid Xəlilov təyin olundu.
Həmin illərdə Azərbaycanda riyaziyyatın və mexanikanın bir elm kimi inkişafında və dünyəvi riyazi təhsilin formalaşmasında akademiklər Zahid Xəlilov, Əşrəf Hüseynov, İbrahim İbrahimov və akademiyanın müxbir üzvü Maqsud Cavadovun rolu danılmazdır. Qürurverici haldır ki, sovetlər birliyində funksional analiz üzrə yazılmış "Osnovı funküionalğnoqo analiza" adlı ilk kitab Zahid Xəlilovun müəllifliyi ilə 1949-cu ildə Azərbaycanda nəşr olunmuş, dünyada qeyri xətti sinqulyar inteqral tənliklər sahəsində ilk elmi tədqiqatlar Əşrəf Hüseynov tərəfindən, ölkəmizdə həndəsə sahəsində ilk elmi tədqiqatlar Maqsud Cavadov tərəfindən aparılmış, funksiyalar və yaxınlaşmalar nəzəriyyəsi sahəsində önəmli elmi nəticələr İbrahim İbrahimov tərəfindən alınmışdır.
Azərbaycan riyaziyyat elminin ən uğurlu nəticələrində biri də 1959-cu ildə SSRİ-də ilk dəfə "Funksional analiz" üzrə birinci Ümumittifaq konfransının Bakı şəhərində keçirilməsi olmuşdur.
Yarandığı vaxt institutda altı şöbə, bir laboratoriya və Hesablama mərkəzi fəaliyyət göstərirdi: Funksional analiz şöbəsinə akademik Zahid Xəlilov; Funksiyalar nəzəriyyəsi şöbəsinə akademik İbrahim İbrahimov; Diferensial tənliklər şöbəsinə professor Həşim Ağayev; İnteqral tənliklər şöbəsinə dosent Şamil Vəkilov; Təqribi analiz şöbəsinə dosent Əli Cəfərov; Elastikiyyət nəzəriyyəsi şöbəsinə AMEA-nın müxbir üzvü Yusif Əmənzadə; Dinamik möhkəmlik laboratoriyasına professor Kərim Kərimov; Hesablama Mərkəzinə professor Səid Ələsgərov rəhbərlik etmişlər.
Zahid Xəlilov 1959-cu ilin oktyabrında Akademiyanın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinə akademik-katib seçildikdən sonra, Riyaziyyat və Mexanika İnstitutuna 1959-1963-cü illərdə Azərbaycanda Funksiyalar nəzəriyyəsi məktəbinin yaradıcısı, görkəmli riyaziyyatçı, akademik İbrahim İbiş oğlu İbrahimov, 1963-1967-ci illərdə professor Həşim Nizam oğlu Ağayev rəhbərlik etmişdir. 1962-1967-ci illərdə AEA-nın prezidenti olmuş Zahid Xəlilov 1967-ci ildə həmin vəzifədən çıxdıqdan sonra yenidən Riyaziyyat və Mexanika İnstitutunun direktoru olmuş, ömrünün sonunadək (1974) bu vəzifədə işləmişdir.
1974-cü ildən ömrünün sonuna qədər (2000) bu instituta akademik Fəraməz Maqsudov (akademik Fəraməz Maqsudov 1981-1997-ci illərdə Elmlər Akademiyasının Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, 1997-2000-ci illərdə Azərbaycan Elmlər Akademiyasının prezidenti olmuşdur), 2000-ci ildən 2003-cü ilə kimi (ömrünün sonuna qədər) Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü İlham Məmmədov, 2003-2013-cü illərdə isə akademik Akif Hacıyev rəhbərlik etmişdir. O, 2013-cü ildən ömrünün sonuna qədər (2015) Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti olmuşdur. 2013-cü ildən indiyə qədər Riyaziyyat və Mexanika İnstitutuna AMEA-nın müxbir üzvü Misir Mərdanov rəhbərlik edir.
Azərbaycan Nazirlər Sovetinin 23 iyun 1978-ci il tarixli Sərəncamı ilə Riyaziyyat və Mexanika İnstitutunun nəzdində Xüsusi Konstruktor Bürosu (XKB) yaradıldı. XKB-nin əsas məqsədi elmi və təcrübi-konstruktor tədqiqat işlərinin nəticələrinin istismar şəraitinə ən yaxın olmaq şərti ilə xalq təsərrüfatına tətbiqini işləyib hazırlamaqdan ibarət idi. 1983-cü ildə XKB-nın bir qrup əməkdaşı "Çatadavamlılıq kriteriyaları əsasında enerji avadanlıqlarının möhkəmliyinin artırılması elmi əsaslarının işlənməsi və tətbiqi" işinə görə SSRİ Nazirlər Sovetinin Mükafatına layiq görülmüşdülər. XKB 2001-ci ilə qədər öz fəaliyyətini davam etdirmiş, burada işlənmiş 60-dan çox layihə xalq təsərrüfatının müxtəlif sahələrinə tətbiq edilmişdir.
Hazırda Riyaziyyat və Mexanika İnstitutunda hər biri ildə iki nömrə olmaqla ingilis dilində dörd elmi jurnal nəşr olunur: "Riyaziyyat və Mexanika İnstitutunun Əsərləri"; "AMEA-nın Xəbərləri" (riyaziyyat buraxılışı); "Azərbaycan Riyaziyyat Jurnalı"; "AMEA-nın Xəbərləri" (mexanika buraxılışı).
Riyaziyyat və Mexanika İnstitutunun "Əsərləri" jurnalı 1946-cı ildən, "AMEA-nın Xəbərləri" (riyaziyyat və mexanika buraxılışı) jurnalı 1992-ci ildən, "Azərbaycan Riyaziyyat Jurnalı" jurnalı isə 2011-ci ildən nəşr olunur.
Onu da qeyd etmək lazımdır ki, hələ 1970-ci illərdə "AMEA-nın Xəbərləri" (riyaziyyat və mexanika buraxılışı) jurnalı Thomson Reutersin (Clarivate Analiytcs) bazasına daxil idi. Jurnal 2018-ci ilin sentyabr ayından Scopus bazasına daxil olub.
22 dekabr 2015-ci il tarixində Azərbaycan Riyaziyyat Cəmiyyətinin Riyaziyyat və Mexanika İnstitutunda çap olunan "Azərbaycan Riyaziyyat Jurnalı" Clarivate Analytics agentliyinin "Emerging Sources Citation İndex" (ESCİ) bazasına, 2021-ci ildə isə Clarivate Analytics şirkətinin "Journal Citation Reports" siyahısına daxil edilmişdir. Jurnal eyni zamanda 2011-ci ildən etirabrən Scopus bazasına daxil olub.
01 iyun 2016-cı il tarixində İnstitutun "Riyaziyyat və Mexanika İnstitutunun Əsərləri" jurnalı Clarivate Analytics agentliyinin "Emerging Sources Citation İndex" (ESCİ) bazasına, 2021-ci ildə isə Clarivate Analytics şirkətinin "Journal Citation Reports" siyahısına daxil edilmişdir. Jurnal eyni zamanda 2017-ci ildən etibarən Scopus bazasında daxil olub.
Bu, Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik tarixində AMEA İnstitutlarının jurnalları içərisində həmin bazaya daxil olmuş ilk elmi jurnaldır.
"AMEA-nın Xəbərləri" jurnalı (riyaziyyat və mexanika buraxılışı) 2015-ci ildən "AMEA-nın Xəbərləri" (riyaziyyat buraxılışı) və "AMEA-nın Xəbərləri" (mexanika buraxılışı) adı ilə dərc olunur.
Riyaziyyat və Mexanika İnstitutu 2022-ci il iyulun 28-dən Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Elm və Təhsil Nazirliyinin tabeliyinə verilmişdir.
Hazırda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun strukturuna 12 şöbə və bir laboratoriya daxildir: Funksional analiz, Riyazi analiz, Qeyri-harmonik analiz, Funksiyalar nəzəriyyəsi, Diferensial tənliklər, Riyazi-fizika tənlikləri, Optimal idarəetmə, Cəbr və riyazi məntiq, Maye və qaz mexanikası, Deformasiya olunan bərk cisim mexanikası, Dalğa dinamikası, Tətbiqi riyaziyyat şöbələri, Siqnalların emalının riyazi problemləri laboratoriyası.
İnstitutda elmi-tədqiqatlar 4-ü riyaziyyat, 2-si mexanika olmaqla 6 elmi istiqaməti əhatə edir: Harmonik analiz, qeyri-harmonik analiz, approksimasiya nəzəriyyəsi; Diferensial tənliklərin spektral və keyfiyyət nəzəriyyəsi; Optimal idarəetmə nəzəriyyəsi və variasiya hesabı; Azərbaycanda riyaziyyatın inkişafı tarixi; Deformasiya olunan bərk cisim mexanikası; Maye, qaz və plazma mexanikası.
Hazırda Riyaziyyat və Mexanika İnstitutunun doktoranturasında fəlsəfə doktoru hazırlığı üzrə 9, dissertanturada elmlər doktoru hazırlığı üzrə 2, fəlsəfə doktoru hazırlığı üzrə isə 2 nəfər təhsil alır. İnstitutun nəzdində elmlər doktoru və fəlsəfə doktoru dissertasiyalarının müdafiəsini təşkil etmək məqsədi ilə Analiz və funksional analiz, Diferensial tənliklər, Dinamik sistemlər və optimal idarəetmə ixtisasları üzrə Dissertasiya şurası fəaliyyət göstərir.
Riyaziyyat və Mexanika İnstitutunda hazırda 185 nəfər çalışır, onlardan biri akademik, 5-i Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü; 45-i elmlər doktoru, 56 nəfər fəlsəfə doktoru olmaqla 120 nəfəri elmi işçidir.
2024-cü ildə institut əməkdaşlarının bir monoqrafiyası, bir dərs vəsaiti, 292 elmi işi nəşr olunmuşdur. Onlardan 128-i elmi məqalə (92 məqalə Web of Science və Scopus bazalarına daxil olan jurnallarda), 149-u tezis (onlardan 34-ü xaricdə), 15-i elmi - populyar məqalədir.
Riyaziyyat və Mexanika sahəsində yeni nəticələrin alınmasında həmçinin dünyada baş verən elmi yeniliklərin müzakirəsində ənənəvi olaraq hər həftə keçirilən Ümuminstitut və şöbə seminarlarının böyük əhəmiyyəti vardır. Seminarlarda institut əməkdaşları ilə yanaşı, ölkənin və dünyanın dəvət olunmuş görkəmli alimləri və mütəxəssisləri də çıxış edirlər.
İnstitutda vaxtaşırı ictimai siyasi hadisələrlə bağlı tədbirlər, ölkəmizin nüfuzlu alimlərinin yubileyinə həsr olunmuş elmi sessiyalar, dəyirmi masalar və konfranslar da keçirilir.
Onu da qeyd etmək lazımdır ki, institut əməkdaşları tərəfindən neft-qaz hasilatının intensivləşdirilməsi məqsədilə yeni innovativ texnologiya yaradılmış və dünyanın bir çox neft-qaz hasil edən ölkələrində - Rusiyada, Çində, Vyetnamda və Azərbaycanda müvəffəqiyyətlə tətbiq edilmişdir.
Bununla yanaşı, institutun nüfuzlu alimləri ənənəvi olaraq Bakı Dövlət Universitetində və digər ali təhsil müəssisələrində mühazirələr oxuyur, dissertasiya işlərinə, yekun attestasiya komissiyalarına rəhbərlik edir, birgə elmi-tədqiqat işləri aparırlar. Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının işində fəal iştirak edirlər.
Qeyd etmək istəyirəm ki, 2024-cü ilin ikinci yarısında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ölkədə elmi tədqiqatları stimullaşdırmaq məqsədi ilə əhəmiyyətli bir addım atmışdır. Nazirliyin nəzdindəki Elm və Ali Təhsil üzrə dövlət Agentliyinin 06 iyun 2024-cü il tarixli qərarına əsasən nüfuzlu beynəlxalq bazalara daxil olan jurnallarda çap olunmuş elmi məqalələrə görə müəlliflərə xüsusi mükafat müəyyənləşdirilmişdir. Bu mükafat ilk olaraq Scopus elmmetrik bazasına daxil olan jurnallarda çap olunmuş elmi nəticələrə görə verilmişdir. Mükafatlar məqalələrin çap olunduğu jurnalların reytinqinə görə müəyyənləşdirilmiş, alimlərə iyul-dekabr aylarında hər ay A kateqoriyası üzrə 1300, B kateqoriyası üzrə 1000, C kateqoriyası üzrə 650 manat məbləğində mükafat verilmişdir. Müsabiqədə Elm və Təhsil Nazirliyinin tabeliyində olan elmi tədqiqat institutları iştirak etmişdir.
Sevindirici haldır ki, elmi əməkdaşlarının sayı digər institutlardan az olan Riyaziyyat və Mexanika İnstitutu həmin siyahıda ilk pillədə qərar tutmuş onun 24 nəfər əməkdaşı (A kateqoriyası-10, B kateqoriyası-8, C kateqoriyası-6) bu mükafata layiq görülmüşdür.
Elm və Təhsil Nazirliyindən aldığımız məlumata görə, bu önəmli addım qarşıdakı illərdə də davam edəcəkdir. Hesab edirəm ki, bu qərar ölkəmizdə elmi tədqiqatların keyfiyyət və kəmiyyətinin yüksəlməsinə səbəb olacaqdır.
Riyaziyyat və Mexanika İnstitutunda yarandığı ilk günlərdən etibarən elm və təhsilin inteqrasiyasına, beynəlxalq və regional əməkdaşlığa xüsusi diqqət yetirilir. İnstitut Türkiyə, Qazaxıstan, Özbəkistan, Rusiya, ABŞ, Çin, Vyetnam, Ukrayna, Danimarka, İtaliya, Hindistan, Gürcüstan, Polşa, Meksika, Səudiyyə Ərəbistan, Kipr və digər xarici ölkələrin aparıcı elmi mərkəzləri və təhsil müəssisələri ilə əməkdaşlığını davam etdirir.
Əlamətdar haldır ki, vaxtilə Riyaziyyat və Mexanika İnstitutunda çalışmış alimlərin 69 nəfəri hazırda Türkiyə, Rusiya, Ukrayna, Qazaxıstan, Almaniya, Kanada, ABŞ, Avstraliya, Böyük Britaniya, Belarus və digər ölkələrin aparıcı elm və təhsil müəssisələrində fəaliyyət göstərirlər. Həmin alimlərlə müntəzəm əlaqə saxlanılır, ölkəmizə gələndə onların seminarlarda məruzələri dinlənilir və aldıqları yeni elmi nəticələr müzakirə edilir.
Bu ilin oktyabrında Riyaziyyat və Mexanika İnstitutunun yaradılmasının 80 illik yubileyi qeyd ediləcəkdir. Bu münasibətlə İnstitut kollektivini ürəkdən təbrik edir, elmin inkişafında göstərdikləri xidmətlərə görə onlara təşəkkürümü bildirir və yeni uğurlar arzulayıram.

