Icma.az
close
up
RU
525ci qəzet “Vətəndaş A”

525ci qəzet “Vətəndaş A”

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

Son illər Azərbaycanda serial sahəsində klassik ədəbi nümunələrin gənc rejissorlar tərəfindən ekranlaşdırılması kimi müsbət tendensiya müşahidə olunur. Bu seriallar günümüzün problemlərini özündə əks etdirir və mövzuya yenilikçi rakursdan yanaşılır. Diqqət çəkən belə ekran nümunələrindən biri də İctimai Televiziyada yayımlanan “Vətəndaş A”  serialıdır.

Cəfər Cabbarlının “Almaz” pyesinin motivləri əsasında çəkilmiş 12 bölümdən ibarət serialın ssenari müəllifi Asiman Ağa Rövşən, rejissoru Elvin Rüstəmzadədir.  Layihənin rəhbəri isə Sevinc Əliyevadır.

Artıq 7-ci bölümü yayımlanan  “Vətəndaş A” serialının ilk səhnəsi tamaşaçıya süjet haqqında müəyyən məlumatlar verir. Bakıdan təyinatla Avdalbəyli kənd məktəbində işləməyə gedən Almazın (Günəş Mehdizadə) elə kənd avtobusundaca sərnişinlərlə söhbətindən onda kənd və sakinləri haqqında ümumi təsəvvür yaranır.

Bir maraqlı məqamı da qeyd edək ki, serialın çəkilişlərinin aparıldığı kənddə təhsilin səviyyəsinin aşağı olması yaradıcı heyətə bu acı reallıqdan istifadə etmək imkanı verib. 

Pyesin istər mövzusunun, istər ideyasının, istərsə də konfliktin mahiyyətinin günümüzdəki hadisələrlə üst-üstə düşməsi səbəbindən, ssenaridə də eyni mövzu və ideya saxlanılıb. Demək olar ki, pyesdə olduğu kimi, serialda da həmin dövrlər üçün aktual problemlərə eyni dərəcədə toxunulub.

Qadın azadlığı, təlim və tədrisin aşağı səviyyəsi, güc sahiblərinin hegemonluğu ucbatından bir çox kəndlinin mal-mülkünün əlindən alınması, dinin yanlış təbliği, xurafat kimi məsələlər serialda da mərkəzi xətlərdir. Eyni zamanda pyesdə olduğu kimi, serialda da vətəndaşlıq borcu, vətəndaş kimliyi, bu kimliyin cəmiyyətdə təşəkkül prosesi və təhsilin vətəndaş kimliyinin formalaşmasındakı həlledici rolu vurğulanır. 

Amma pyesdən fərqli olaraq serialda günümüzlə bağlı daha çox sosial mesaj ötürülüb. Əsas obrazlardan olan Fərqanənin (Zəhra Əlisoy) bayağı musiqilər dinləməsi, biologiya dərsində bəzi mövzuların “ayıb” sayıldığından tədris olunmaması və s. bu qəbildəndir. 

Əsas süjet xəttini Almaz və Hacı Əhmədin (Qurban İsmayılov) mübarizəsi təşkil edir. Almaz inqilabın, ədalətin, yenilikçiliyin simvoludursa, Hacı Əhməd tamam əks mövqedə dayanır. O, vaxtilə kəndlilərin torpaqlarına əl qoysa da, din adı altında kənd arasında hörmət qazanıb. Almaz kəndə sadəcə, müəllim kimi gəlsə də, nəinki məktəblilərin, demək olar ki, bütün kəndlilərin intibahı uğrunda mübarizəyə başlayır. Hacı Əhməd Almaza inamını sarsıtmağa çalışsa da, o, səbirlə davranmağı seçərək, zamanın hər şeyi yoluna qoyacağına inanır. Hacı Əhmədin məktəbin həyətində obyekt açması, azyaşlı uşaqları təhsildən uzaqlaşdırması və torpaqlarını öz adına keçirməsi Almazın mübarizəsinə təkan verir. Cəfər Cabbarlının yaratdığı Almaz obrazı heç bir halda Hacı Əhmədin tələsinə düşmədiyi halda, serialdakı Almaz Hacının bəzəkli sözlərinə müəyyən qədər aldanır və onun xahişini yerinə yetirir. Lakin növbəti səhnələrdə Almaz yanıldığının fərqinə varır. Beləliklə, Hacı Əhməd-Almaz konflikti serialın başlıca toqquşma nöqtələrindəndir.  

Serialın, demək olar ki, hər səhnəsində qadına fərd, şəxsiyyət kimi yanaşılmadığını görürük. Almaz vəziyyətlə barışanlardan fərqli olaraq, stereotipləri qırmağa çalışır, problemləri həll etmək uğrunda mücadiləyə başlayır. 

Serialda Almazın şəxsi həyatı müasir dövrlə sintez olunub. Ədəbi mətndəki Almazdan fərqli olaraq o, qardaşı ilə uşaq evində böyüyüb. Qardaşı İsveçrəyə köçsə də,  Almaz ölkəni tərk edə bilmir. Bir dəfə ailə həyatı quran Almazın evliliyi uzun çəkmir və boşanır.  

İlk bölümdə Almaz yolda bir çobanla qarşılaşır və çoban ona bu kəndə nahaq gəldiyini, heç nə əldə edə bilməyəcəyini deməsi  kənddəki dəyərləri, sakinlərin dünyagörüşünü ifadə edir və  gələcəkdə gərginləşəcək konfliktin giriş hissəsidir. Almazın ayağının daşa ilişərək yıxılması başına gələcək hadisələrin simvolikasıdır. Hadisələr inkişaf etdikcə, Almazın  hədə-qorxulara, hətta əxlaqsız adlandırılmasına baxmayaraq, yolundan dönməməsi artıq serialda əsas konflikti müəyyənləşdirir.

Kənddəki dini mühafizəkarlığı göstərmək məqsədilə belə bir səhnədən istifadə olunur: məktəbin yolunu axtaran Almaz molla və şəyirdi ilə rastlaşır. Molla dini inancına görə, başını aşağı salaraq qadının suallarına cavab verir və  şəyirdinə deyir ki, “kişini cəhənnəmə sürükləyən səbəblərin başında qadın dayanır”.  

Əsas xətlərdən biri yenicə toyu olmuş Səid (Elsevər Rəhimov) və sevgilisi Fərqanədir. Səidin onunla Bakıya qaçmaq planı baş tutmur və onlar qohum-qardaşın tənəsindən qorunmaq üçün Almazın qaldığı evə sığınırlar. Fərqanə və Səid köhnəliyə qarşı çıxan gənclərin təmsilçiləridir. Yaşlı nəsillə gənc nəsil arasındakı bu konflikti serialın əsas süjet xətlərindən biri hesab etmək olar.

İqbal və Vidadi obrazları yaşlı nəsilin adət-ənənələri ilə böyüsələr də, mühafizəkar adətlərin qurbanı kimi göstərilir. Çünki hər ikisi sevmədikləri qadınlarla evləndiriliblər.

Serialda obrazların ləhcəylə danışmağı müəyyən qədər təbiilik yaratsa da, bir qismində bu təbiilik müşahidə olunmur. Səid, Dadaş, Fərqanə kimi obrazların xarici görünüşü, geyim tərzləri, hətta nitqləri belə onların illərlə kənddə yaşaması fikrini təkzib edir. Bu isə serialda nisbətən süni ab-hava yaradıb. Həmçinin, Almazın evinin kəndin ən hündür yerində yerləşməsi sual yaradır: necə olur Fərqanə və Səid günlərlə Almazın evində qaldıqları halda, onları kimsə görmür. 

Serialda operator (Vasif Vəlizadə) və rəssam (Vüqar Qurbanov) işini də xüsusi vurğulamaq lazımıdır. Serialın ilk bölümündən solğun çalarlardan istifadə bir növ kəndlilərin solğun həyatlarından xəbər verir. Sosial mesajlar üzərində qurulan serialda qadın qəhrəman təmkinli və sakit davranır.

Milli serialların əksəriyyətində qadınların aqressivliyi, qışqıraraq danışmaları, səs-küyü, absurd məsələlərdən dolayı yersiz dram yaratmaları bu serialda əksini tapmayıb. Yumordan lazımi yerdə istifadə əhvalata xüsusi çalar qatıb. Bəzi qüsurlarına baxmayaraq, serial Azərbaycan televiziyası, kinematoqrafiyası üçün uğurlu layihədir.

Qeyd edək ki, serialın bəstəkarı Vüqar Məmmədzadə, baş prodüseri Sevinc Əliyevadır. "SFN" film Prodakşının təsisçisi olan Sevinc Əliyeva buna qədər İTV-də nümayiş olunan "Simurq", "Simurq-2" kimi uğurlu serialların baş prodüseri olub.   

Ləman İLKİN

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://525.az
archiveBu xəbər 15 Noyabr 2024 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see237

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see183

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see167

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see159

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see153

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see144

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri