Icma.az
close
up
RU
700 bal topladı, indi də hədəfi…

700 bal topladı, indi də hədəfi…

Qaynarinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Qızların ali təhsilinə dəstək göstərən belə bir təşəbbüsün iştirakçısı olmaq mənim üçün böyük sevinc və qürur hissi idi. Düşünürəm ki, bu cür proqramlar gənc qızlara yalnız maddi dəstək vermir, həm də onların potensialına inamı göstərir. Bu da qızların hədəflərinə daha inamla irəliləmələrinə stimul yaradır”.

Bunu deyən özü də gənc qızdır. Özü də qızlar üçün təhsilin əhəmiyyətini dərindən anlayan bir qız – Zərifə İlyasova. Zərifə tələbə kimi "Hənifə Məlikova-Zərdabi adına qızların təhsilinə dəstək” təqaüd proqramının onlarla iştirakçısından biridir: "Bu proqram mənə, ilk növbədə, özümə qarşı daha böyük məsuliyyət hissi yaratdı. Təqaüd almaq mənim üçün sadəcə maddi dəstək deyildi. Bu, gördüyüm əməyin qiymətləndirilməsi və qarşıma qoyduğum hədəflərə daha inamla irəliləmək üçün əlavə motivasiya idi. Hesab edirəm ki, belə proqramlar qızlara "Sən bacararsan!" mesajını verir, onların potensialına inanıldığını göstərir və cəmiyyətə daha fəal şəkildə töhfə vermələri üçün stimul yaradır”.

Maraqlanırıq, görəsən, təhsilin əhəmiyyətini nə vaxt, haradan anlayıb? "Anam müəllimdir və təhsilə olan hörmət hissi ailəmizdə formalaşıb. Bir qız üçün təhsilin əhəmiyyətini öz təcrübəmdən bilirəm”, - deyir.

Universitet seçərkən özü  üçün ən vacib meyara üstünlük verdi

Zərifə hələ 18 yaşındadır, universitet tələbəsidir. Tələbəliyə haqq qazandığı il ölkədə bu uğuru ilə bir az səs-küy qoparıb. Mətbuat ondan yazıb, hər kəs onunla maraqlanıb. Çünki ali təhsil müəssisələrinə 2024-cü ildə keçirilən qəbul imtahanlarında 700 bal toplayıb. Bu ona istədiyi universiteti seçmək imkanı yaradıb və o da ADA Universitetini seçib. Hər seçimini öncə özü üçün əsaslandırıb, sonra qərar verib: "Universitet seçərkən mənim üçün ən vacib meyar güclü akademik mühit və gələcək hədəflərimə uyğun inkişaf imkanları idi. ADA Universitetinin təqdim etdiyi təhsil modeli, müasir yanaşması və beynəlxalq imkanları bu qərarı verməyimdə əsas rol oynadı”.

Ailədən qaynaqlanan təhsil marağı müəllimlərin peşəkarlığı ilə birləşəndə  

Zərifə "Riyaziyyat” ixtisası  üzrə III kursda təhsil alır. Riyaziyyat sevgisini belə izah edir: "Riyaziyyata marağım məhz məktəb illərindən başlayıb. Bu fənnin məntiqi düşünməyi öyrətməsi, hər məsələnin öz həll yolunun olması məni həmişə cəlb edib”.

Müəllimləri də bu sevgisini alovlandırıblar: "Mənə ilham verən müəllimlərim çox olub. Onlar riyaziyyatı, sadəcə düsturlar toplusu kimi deyil, düşünmə tərzi kimi təqdim edirdilər. Ailəmdən aldığım təhsilə sevgi ilə müəllimlərimin peşəkarlığının birləşməsi bu marağımı daha da gücləndirdi. Düşünürəm ki, bugünkü yolumun formalaşmasında hər ikisinin böyük rolu var”.

Riyaziyyatı sevmək ayrı, onu karyeranın mərkəzinə qoymaq ayrı. Zərifənin riyaziyyat elmi üzrə ixtisaslaşmasının səbəbi ilə bağlı izahı çox maraqlıdır. Sən demə, sevdiyi fənnə onu çatmaq istədiyi hədəfə aparan yol kimi baxıb: "Süni intellekt sahəsində inkişaf etmək istədiyim üçün bu istiqamətə möhkəm riyazi baza ilə başlamağın mənə böyük üstünlük verəcəyini düşünürdüm. Buna görə də ADA Universitetində "Riyaziyyat” ixtisasını seçdim. Paralel olaraq "Kompüter elmləri” üzrə minor təhsili alıram.

Riyaziyyatı aşan marağı onu hara aparıb çıxaracaq?

Bir sözlə, marağı riyaziyyatın sərhədlərini çoxdan "aşıb” müasir dünyanın baş mövzusu olan süni intellektə qədər gedib çıxıb. Süni intellekt, maşın öyrənməsi və data elmi sahələri ilə çox maraqlandığını deyir: "Mənim üçün texnologiya yalnız yeni həllər yaratmaq deyil, eyni zamanda insanların gündəlik həyatında real problemlərin həllinə töhfə vermək vasitəsidir. Gələcəkdə dünya səviyyəsində süni intellekt mühəndisi kimi fəaliyyət göstərmək və Azərbaycanda bu sahənin inkişafına töhfə vermək əsas hədəflərimdən biridir”. 

Odur ki, bu istiqamətdə ardıcıl fəaliyyət göstərir. Son 9 ayda aralarında Azərbaycanın ən böyük miqyaslı hakatonlarının da olduğu 9 hakatondan qəbul təklifi alıb: "PASHA Hackathon 6”, "Openwave Hackathon” və başqalarından aldığım dəvətləri dəyərləndirərək onların 8-də iştirak etdim və beləcə, bu istiqamətdə təcrübə qazandım”.


Olimpiadalarda uğursuzluq daha böyük uğurların açarı imiş

Zərifə məktəb illərindən çalışqan və məqsədyönlü olub: "Məqsədim,  sadəcə yüksək qiymət almaq olmayıb, sadəcə oxuduqlarımı anlamağa çalışdım”.

Oxuduğunu anlayıb, tətbiq etmək istəyib. Odur ki, olimpiadalara da qoşulub: "IX və X siniflərdə biologiya, riyaziyyat və kimya fənləri üzrə respublika fənn olimpiadalarında iştirak etmişəm. Olimpiadalara görə xüsusi hazırlıq keçməsəm də, üç dəfə yarımfinal, bir dəfə isə final mərhələsinə qədər yüksəlmişəm. Hazırlıqsız olduğumdan medal qazanmamışam, amma həmin təcrübə mənə rəqabət mühitini tanıtdı və gələcək uğurlarım üçün dəyərli motivasiya oldu”.

Həmin motivasiya ilə o, 2022-ci ildə SASMO (Singapore and Asian Schools Math Olympiad) beynəlxalq riyaziyyat olimpiadasında qızıl medal qazanıb.

Ona öyrənməkdən əl çəkməməyi öyrədiblər

İxtisas seçimində, gələcəyinə yön verərkən kimin rolu önə çıxıb?

Onun fikrincə, ən önəmli dəstəyi ailəsindən alıb: "Əlbəttə, ailəmin dəstəyi mənim üçün çox önəmli olub. Amma ixtisas seçimində qərarı özüm vermişəm”.

Qərarlarını verərkən isə ailəsi hər zaman yanında olub: "Valideynlərim hər zaman mənə inanıb, seçimlərimdə dəstək olublar. Onların mənə aşıladığı ən vacib dəyər zəhmətkeşlik, məsuliyyət olub. Bir də öyrənməkdən əl çəkməməyi öyrədiblər”.

Elə hələ gənc ikən uğurdan uğura atlamasını da istedadından çox zəhmətkeşliyinə borclu sayır özünü: "Mən həmişə zəhmətin daha böyük rol oynadığına inanıram. İstedad insana müəyyən üstünlük verə bilər, amma davamlı çalışmağı əvəz etmir. Qarşıma məqsəd qoyanda ona çatmaq üçün uzun müddət əzmlə işləməyə hazıram və indiyə qədər əldə etdiyim nəticələrin əsas səbəbini də məhz bunda görürəm”.

Süni intellekt və kompüter elmləri sahəsində güclü tədqiqat

Gələcəkdə süni intellekt sahəsində beynəlxalq səviyyəli mühəndis və tədqiqatçı olmaq istəyir: "Elmi araşdırmalar aparmaq, real problemlərin həllinə töhfə verən texnologiyalar hazırlamaq və əldə etdiyim bilikləri gənclərlə bölüşmək əsas məqsədlərimdəndir. İnanıram ki, texnologiya insanların həyatını yaxşılaşdırmaq üçün istifadə olunmalıdır və mən də bu prosesin bir hissəsi olmaq istəyirəm”.

İstəyir və istəklərini hədəfinə qoyur: "Düşünürəm ki, olmaq istədiyim yerə gedən yolun başlanğıcındayam. İndiyə qədər qazandığım uğurlarla fəxr edirəm, amma onları son məqsəd kimi yox, gələcək hədəflərimə aparan pillələr kimi görürəm. Hələ öyrənəcəyim çox şey var və bu məni daha çox çalışmağa həvəsləndirir”.

Həyatının növbəti mərhələsini də planlaşdırıb. Öyrənmək üçün yeni mühit axtarışındadır. Bu mühitdə o, hədəfinə daha çox yaxınlaşacaq: "Magistratura təhsilimi dünyanın aparıcı universitetlərindən birində, xüsusilə də süni intellekt və kompüter elmləri sahəsində güclü tədqiqat mühiti olan universitetdə davam etdirmək istəyirəm. Sonradan doktorantura təhsili də almağı düşünürəm. Bu istiqamətdə indidən öz üzərimdə çalışır və beynəlxalq səviyyədə rəqabət apara biləcək bilik və təcrübə qazanmağa çalışıram”.

Bu arada, özünü dünyanın aparıcı texnologiya şirkətlərindən birində görür: "Mənim üçün ən vacibi innovativ layihələr üzərində çalışmaq, yeni texnologiyaların inkişafına töhfə vermək və əldə etdiyim təcrübəni sonradan Azərbaycanda da bu sahənin inkişafı üçün istifadə etməkdir”.//Azərbaycan Müəllimi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 18 İyul 2026 17:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see319

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see304

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see291

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see290

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see262

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see241

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see238

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see235

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see222

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see215

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see215

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see214

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see212

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see203

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see201

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see192

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see192

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see189

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri