8 noyabr Qalibiyyət nidamız
Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.
Elnarə Akimova
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı
filologiya elmləri doktoru
5 il ötdü! Bu beş ildə çox şey, bəlkə də hər şey dəyişdi. Dəyişməyən isə bircə məqam oldu: Аzərbаycаnın dövlət başçısı İlham Əliyevin son iyirmi iki ildə meydanda olan əməllər sırası! Bu əməllərin ən böyüyü, ən ölçüyəgəlməzi isə Qarabağla, azad olunan ərazilərimizlə, bütövlənən tariximiz, bərpa olunan qürurumuz, abad olan yurd yerlərimizlə bağlıdır. Qarabağ məsələsinin həlli istiqamətində gördüyü işlər İlham Əliyevin nə qədər prinsipial, haqq və ədalət istəklisi, o cümlədən sülhpərvər olduğunun sübutudur. Onun bu günə istiqamətlənmiş müdrik siyasəti, nəhəng masştablı fəaliyyəti olmasaydı, 2020-ci ildə müharibəni qazanmaq, böyük zəfərə imza atmaq çətin olardı. Tarixə və zamana Heydər Əliyevin üslubundа müraciət etmək! Bəlkə də beş il əvvəl qazanılmış uğurun ən ciddi, ən mötəbər və ən dəqiq qaynağı budur!
**
Milli-xroniki və tarixi anomaliyaya çevrilmiş erməni məkrinin klassik modeli son iki yüz il ərzində heç dəyişmədi. Son yüz ildə dəfələrlə qabaran bu məkrin fəsadları - ardınca gətirdiyi bəlalar, qan və göz yaşları aramsız oldu. Həm də ona görə oldu ki, yaddaşdan nəticə çıxara bilmədik. Ötən əsrin sonunda yenə eyni ssenari, eyni təcavüz və işğal prosesləri. 30 ilə yaxın aciz bir durumda buraxılıb gözləmə mövqeyi seçməyə məhkum edilmiş bizlər. Əvəzində, dəfələrlə pozulan atəşkəs, öldürülən uşaqlar, əsgərlər, dağıdılan yurd yerləri. Hələ ikinci Qarabağ savaşı başlamamışdı. Lələtəpə döyüşləri, ardınca Tovuz hadisələri, atəşkəsin dəfələrlə pozulması bizim üçün səbrin sonu, onlar üçün sonun başlanğıcı oldu.
***
İlham Əliyev sovet epoxasının basqı, təzyiq və çətinlikləri içrə yetişsə də milli təəssüb, milli müəyyənlik duyğularını uca tutan lider oldu. Milli məfkurəyə sadiqliyi meyara çevirdi, müstəqil dövlətin keşiyində bu amala xidmətlə dayandı. 2020-ci ilin sentyabrın 27-dən başlayaraq, noyabrın 10-a qədər davam edən 44 günlük müharibə bunun sübutu kimi meydandadır. Azərbaycan işğal altında olan tarixi torpaqlarını Müzəffər Ordunun və Ali Baş Komandan İlham Əliyevin əzmi ilə geri qaytardı. Bu, həm də öz dəyərlərinə, tarixi haqqına sahib çıxmağı bacaran qüdrətli siyasətçinin gücü demək idi.
***
Millət olmağın, bütöv yaşamağın yaddaşda və amalda keçdiyi yolun müxtəlif mərhələləri olur. 1990-cı illərdə bir xalq olaraq bu yolu Ümummilli lider Heydər Əliyevlə keçdik. O mərhələ ki, görünməmiş mənəvi, əxlaqi-siyasi deqradasiyadan sonra xilaskar kimi yetişib zamanın ahəngi ilə mənəvi-əxlaqi dəyərlərin sabitliyi arasında harmoniya yaratmışdı. Son otuz ilə yaxın dövrdə dünyada çox şey məhvərindən çıxdı: texnogen sivilizasiya özünü tükətdi, qlobal zor və şər stixiyası, anti insani düşüncə meydan suladı, irqçi fəlsəfələr, vulqar qərbçi “humanizm” oyunları, məzhəbçi müharibələr kamalın təntənəsinin heç bir nəticə verməyəcəyinin sübutu oldu. Gözəllik dünyanı xilas etmədi, elm bəhrə vermədi, kamal qalib gəlmədi.
Belə bir qlobal və geopolitik maraqların toqquşduğu seysmik zonada, antitəbiət və antiinsani dünya kultunun hakimi-mütləq olduğu bir zamanda, üstəlik Qarabağ kimi problemə az qala apokalipsis baxışın gücləndiyi bir dönəmdə toparlanıb millətimizin taleyində tarixi bir dönüşə imza atmaq İlham Əliyevin siyasi səriştəsinin, dövləti təfəkkürünün və intellektinin ifadəsi idi. O, hər cür süni, qondarma qanun və stereotiplərin, perspektivdən məhrum bəyanatların qarşısına milli müqəddəratın meyarını qoydu. Bütövlüyünü qanı ilə qazanmağa layiq orduya, milli miqyasda düşüncə və təşkilati iş vüsətinə sahib olduğunu dünyaya təqdim etdi. Müstəqillik mentaliteti və statusunu həmişə uca tutub qoruyan Ali Baş Komandan İlham Əliyevin bu gün dünyanın gözü qarşısında nümayiş etdirdiyi məğrur lider obrazı isə onun məqsəd və mövqeyinə real-əməli mündəricə qazandıran əsas rəmzlərdən oldu.
Beş il öncənin 8 noyabrından etibarən xalqımız, dövlətimiz, cəmiyyətimiz mübarək Zəfər gününün hər cür duyğusal – ağrı, nisgil, qürur, fəxarət ovqatına köklənmiş həmrəylik təntənəsini yaşayır. Böyük zəfəri bizə qazandıran 44 günlük müharibənin sonlandığı nöqtədir 8 noyabr. Qalibiyyət nidamızdır! Azad olunan Qarabağ, fəth olunan Şuşa, işğalçıdan təmizlənən Vətən torpağı! Xəyallarımızın gerçəkləşdiyi möhtəşəm 2020-ci il! Bu bir il ərzində bizə “yuxu əhvalı” kimi görünən zəfər müjdəmizin bəlkə də ən ağlasığmaz tərəfi budur: 30 illik həsrət alovunun 44 gün məcrasında bitməsi... Amma nəzərə alanda ki, bura gətirən yolun məfkurə mücadilələri, ideoloji savaşları zaman-zaman Ali Baş Komandan İlham Əliyevin dövləti təfəkkür, siyasi səriştə və intellekt miqyasının gücü sayəsində daim diri qalmışdı, fəhm etmək o qədər də çətin olmaz. 27 sentyabr başlanğıc üçün bir an idi. O anın gəlişini gerçəkləşdirən əməllər sırası var tarixdə və yüzillər keçsə də, tarix hər zaman bu gerçəklərin üslubunda danışacaq bizimlə. Hansı gerçəklər?
İlham Əliyevin 2008-ci ildə Bakıda İstiqlal Bəyannaməsini abidələşdirməsi, Azərbaycanda türk qanlı, islam imanlı, Avropa fikirli bayrağımız üçün Bayraq meydanlarını qurması, 2018-ci ili Azərbaycanda “Cümhuriyyət ili” elan etməsi onun beynəlxalq siyasi platformasının mükəmməl humanitar təməlləri kimi böyük əməl cizgiləri kəsb eləyir. Qələbəmizin genetik kodlarını daşıyan bu sıranı istənilən qədər artırmaq olar. Əlimərdan bəy Topçubaşovun Parisdəki məzarının ziyarətgah halına gətirməsi, Məhəmməd Əmin Rəsulzadənin, Əlimərdan bəy Topçubaşovun, Fətəli Xan Xoyskinin, böyük ideoloq, bayrağımızdakı triadanın müəllifi Əli bəy Hüseynzadənin ölkə miqyasında və dövlət səviyyəsində yubileylərinin keçirilməsinə, Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyasının nəşrinə rəvac verməsi də həmin humanitar düşüncə strategiyasının gerçəkləri sırasındadır. Bunlar Prezident İlham Əliyevin fikir həyatımızda oynadığı müstəsna məqamlardır. Ümummilli lider Heydər Əliyevin varisi olaraq bir qızıl qaydanı dərindən bilirdi İlham Əliyev: millət öz istiqlalınını qoruduğu müddətdə içindəki hürr duyğusu sönmür. İstiqlalı qorumaq, odu sönməyə qoymamaq isə dövlətin ən ali kürsüsünü təmsil edən rəhbərlərin üzərinə düşür. Mehmet Akif Ersoyun təbirincə desək, “Sahibsiz olan məmləkətin batması haqdır/ Sən sahib olursan, bu vatan batmayacaqdır”! Buna görə lazım idi bu fərmanlara imza atmaq, xalqa istiqlal təlimi ilə aşılanan yurd sevgisini ötürüb lazımı anda onu milli varlığımızın xilası hərəkatında orduya çevirmək...
***
44 günlük savaş bütün mənalarda Vətən müharibəsi oldu. Millət kükrəyən emosiyası, əsgərlər fədai ruhu, Ali Baş Komandan səriştə və diplomatik əzmi ilə meydanda idi. Ölkədəki siyasi partiyalar da bu ali məram ətrafında ilk dəfə idi ki, birləşmişdi. M.Ə.Rəsulzadənin müstəqilliklə bağlı təmsil eydiyi siyasi təmayülə münasibətdə həssaslıqla ifadə etdiyi belə bir fikri var: “Azərbaycan dövri-istiqlalına bolşeviklər müsavat dövrü deyirlər. Fəqət xalq bu dövrə Azərbaycan dövrü deyir”.
Bəli, 44 günlük müharibə də bizim üçün ayrılıqda hansısa partiyanın deyil, onların birgəliyinin gücündən hasilə gələn Azərbaycan dövrüdür. Yalnız ölkə daxilində deyildi bu birlik. Bütün türk dünyası bu savaşda yanımızda idi. Bu qələbə türk milli şüurunun qələbəsi idi. İlham Əliyev Müzəffər orduya ancaq qələbə sonucunu simvolizə edən bir hökmü bəyan edib onu irəli ruhlandırmışdı: “Qarabağ Azərbaycandır”! Bu hökmdən sonra nidanı Əsgər qoymalı idi. Qoydu da.
***
İlham Əliyevin İkinci Qarabağ savaşında nümayiş etdiyi Müzəffər Liderliyi türk tarixinə iz salmış, onun coğrafiyasından tutmuş mənəvi ərazilərin vəhdətinə qədər bütöv silsilə yaradan, hünər meydanında ad çıxaran, türk intibahının yaranmasında misilsiz rol oynayan fatehlərin milli taleyin iştirakındakı əvəzsiz xidmətləri ilə eyni müştərək müstəvidə kəsişdirmək olar. Azər Turanın “Salam türkün bayrağına və yaxud dağılan erməni mifi” məqaləsində oxuyuruq: “2020-ci ilin sentyabrında başlayan Vətən müharibəmizi ümumtürk tarixinin yalnız dörd məşhur savaşı ilə qiyaslandırmaq mümkündür. Səlcuqlu imperatoru Alparslanın zəfərlə sonuclandırdığı Malazgirt savaşından sonra türk tarixinin yeni dövrü başladı. Elmdə də belə qəbul olunub - 1071-ci il yeni türk erasının başlanğıcıdır. Sonra Fateh. Yəni 1453-cü ildə İstanbulun fəthi və Orta əsrlərin sonu. Sonra 1915-ci il Çanaqqala savaşı. Sonra 1922-ci il. Sakarya müharibəsi. Və nəhayət, 2020-ci il. Qarabağda Azərbaycanın Vətən müharibəsi. Bu mənada, İlham Əliyevi yalnız Alparslan, Fateh, Ənvər paşa və Atatürklə müqayisə etmək olar. Hətta savaş üslubları, savaş ritorikaları da bəzən üst-üstə düşür. Sakarya müharibəsi zamanı "Səddi-müdafiə yoxdur, səddi vətən vardır" deyən Atatürk kimi, İlham Əliyev də "status-kvo yoxdur, təmas xətti yoxdur, onu biz ləğv etdik" dedi”.
***
1918-ci ildə qazandığı müstəqilliyini qoruya bilməyən Azərbaycan neçə onillikdən sonra yenidən istiqlalına qovuşdu, Azərbaycan beynəlxalq arenada tanındı, rəhbəri dünya liderləri ilə bir araya gəldi. 30 il əvvəl torpaqlarını itirən Azərbaycan beş il əvvəl, 44 günlük müharibə ilə ərazi bütövlüyünü bərpa etdi. Bir həssas məqamı da burda vurğulamaq yerinə düşər. 2014-cü ilin aprelində Praqada Türkiyənin təmsil olunmadığı “Şərq tərəfdaşlığı” sammitində Türkiyənin qarasınca deyinən köhnə düşmənin sözünü “Türkiyə burda yoxdur, amma mən varam”, - deyə  Azərbaycan prezidenti İlham Əliyev kəsmiş, Türkiyə həqiqətlərini dünya birliyinin diqqətinə çatdırmışdır. Bu gün isə Şuşadakı, Qəbələdəki Zirvə görüşlərində bir araya gələn Türk Dövlətləri Təşkilatı (TDK) bütün mötəbər siyasi məkanlarda, beynəlxalq siyasi müstəvidə bir-birlərinin sözünü deyir, eyni yerə cəm olmağın qürurunu və əzmini sərgiləyirlər. Bu birlik türk ruhunun qələbəsi olmaqla yanaşı, erməni şovinizminin həyata keçirdiyi tarixi-siyasi proqramın qlobal motivləri və strateji havadarları, ideya kökləri, mənəvi terroru aşkar üsuluna, fəal cəbbəxanasına döndərən məkrinə qarşı tarixin cavabı və rəmzlərlə dolu Varlıq nümunəsidir. Bəli, biz varıq! Yalnız torpaqlarımızı deyil, əzilən qürurumuzu qaytarmışıq, indi isə tariximizə sahib çıxmağın zamanıdır. Ən azı yaddaşlı nəsil yetişdirmək, sabaha öz haqqını bilən və qoruyan gənclik ərməğan etmək üçün! Yəqin ki, ötən həftə, oktyabrın 22-də ölkə başçısı İlham Əliyevin Birinci Türkoloji Qurultayın 100 illiyinin keçirilməsi ilə bağlı imzaladığı sərəncam bu xüsusda düşünülmüş möhtəşəmlik aktıdır! 
***
8 noyabr, 44 günlük Vətən savaşımız ölkəmizin tarixi-siyasi, ədəbi-mədəni və mənəvi həyatında yeni aktiv bir fazanın başlanğıcıdır. Bu başlanğıc nöqtəsindən yeni bir Azərbaycanın və onun yeni tarixinin, ədəbiyyatının, mədəniyyət və incəsətinin ərsəyə gələcəyi şübhəsizdir! Hər şey yerini alacaq. Dağılmış şəhərlər, kəndlər yenidən qurulacaq, əzəlkindən də abad olacaq. Qaçqın-köçkünlər yurda qayıdacaq. Ən müasir standartlarla inşa edilən evlərdə yaşayacaq, torpağı vətənə çevirəcəklər. Dövlət başçısı İlham Əliyevin gələcəyə hədəflənmiş amal və niyyətləri hər gün buna daha çox inandırır və o günü daha yaxın edir.
Baxış sayı:57
Bu xəbər 04 Noyabr 2025 14:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















