Icma.az
close
up
RU
Abdulla: Aktyorları attestasiyadan keçirmək lazımdır

Abdulla: Aktyorları attestasiyadan keçirmək lazımdır

Icma.az, Reyting.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir

Teatr sahəsində qarşılaşdığı nöqsanları dilə gətirməkdən çəkinmir. Hesab edir ki, məsələni qapalı saxladıqca problemin həllinə nail olmaq mümkün deyil.
“Reytinq” qəzetinin həmsöhbəti Akademik Rus Dram Teatrının aktyoru, quruluşçu rejissor kimi müxtəlif teatrlarda maraqlı tamaşalar hazırlayan Abdulladır.
- Oxucular üçün tam aydın olsun deyə bir məsələyə aydınlıq gətirək. Deyəsən, Elşadlı təxəllüsündən imtina etmisən. Yəqin ki, bir səbəbi var...

- Xüsusi bir səbəbi yoxdur. Elşadlı təxəllüsünü atamın adından götürmüşdüm. Çoxdan istəyirdim ki, imza məsələsində hansısa bir dəyişiklik edim, enində-sonunda fikrimi qətiləşdirdim. Artıq afişada sadəcə, Abdulla yazılır, məncə, belə daha yaxşı səslənir. Həm də məmləkətdə Abdulla adında başqa bir rejissor yoxdur, təkəm. Amma bu dediyimin təkəbbürlük kimi qəbul olunmasını istəmirəm, çünki təkəbbürdən xoşum gəlmir.
- Bəs hansı Abdulla? Aktyor, yoxsa rejissor?

- Təbii ki, rejissor. Bir yaradıcı insan kimi özümü rejissor kimi daha yaxşı realizə edə bilirəm, quruluş verdiyim tamaşa vasitəsilə düşündüklərimi həyata keçirmək istəyirəm.
Düşüncəmə görə, hər hansı bir əsər səhnəyə qoyulursa, pyesin müəllifi artıq ikinci plana keçir, tamaşanın müəllifi rejissordur və bu prinsipdən də yola çıxaraq teatr sənətində doğru bildiklərimi reallaşdırıram. Aktyorun isə belə bir imkanı yoxdur.
- Yəqin elə ona görə də aktyorluq asılı sənət sayılır...

- Aktyor sənətinin bəlkə də elə gözəlliyi ondadır ki, rejissordan asılıdır. İxtisasım da rejissorluqdur. Mədəniyyət və İncəsənət Universitetində Fikrət Sultanovun, Moskvada isə Mixayıl Borisovun kurslarını bitirmişəm.

Aktyorluğa gəlincə, sadəcə, Akademik Rus Dram Teatrında aktyor ştatındayam. Fürsət düşmüşkən, burdan teatrımızın direktoru, Əməkdar mədəniyyət işçisi Ədalət Hacıyevə minnətdarlığımı bildirirəm, çünki Ədalət müəllim rejissor kimi özümü realizə etməyimə hər cür şərait yaradır, dəstək olur, ən əsası, mənə inanır. Məncə, bu, bir gənc üçün çox vacibdir.
- Dəstək və inam varsa, qaldı öz rejissor dəst-xəttini, üslubunu göstərmək...

- Hesab edirəm ki, rejissor üçün kanonlar olmamalıdır. Kimsə durub deməməlidir ki, klassik əsəri belə hazırlama, elə hazırla, Şekspirin yazdığı kimi quruluş ver, Mirzə Fətəlinin mətninə müdaxilə eləmə. Kim və harda yazıb, tabu qoyub ki, klassik əsər kitabda necə varsa, səhnədə də belə qoyulmalıdır? Bayaq dediyim kimi, tamaşanın müəllifi rejissordur, o, əsəri necə görürsə, belə də səhnədə quruluş verməlidir. Təbii ki, elə prinsiplər var ki, rejissor kimi əməl etməyə borclusan. Məsələn, tamaşanın əvvəlində hansı şərtləri qoymusansa sona qədər ona əməl etməlisən. Tutaq ki, ən yeni quruluşum Sumqayıt Dövlət Dram Teatrında Xalq yazıçısı Anarın “Qaravəlli” əsəri əsasında hazırladığım tamaşa oldu. Əvvəldən axıra kimi meydan tamaşası üslubundadır, yəni sona qədər üslub gözlənilib.
- “Qaravəlli”dən söhbət düşmüşkən, premyeraya mən də baxmışam və fikirlərimi mətbuatda bildirmişəm. Hesab edirəm ki, maraqlı tamaşa alınıb. Sumqayıt Dövlət Dram Teatrında bu tamaşanı hazırlamaq təklifi kimdən gəldi?

- Sumqayıt teatrında tamaşa hazırlamaq istəyim çoxdan var idi, lakin məndən asılı olmayan texniki səbəbdən bu məsələ açıq qalmışdı. Samir Şəfiyev teatra direktor təyin ediləndən sonra istəyimi reallaşdırmaq mümkün oldu. Həmin ərəfədə Mədəniyyət Nazirliyinin “Öyrədərək öyrənirəm” layihəsi ilə tamaşa hazırlamalı idim. Nazirliyin sektor müdiri Böyükxanım Talıbova Sumqayıt teatrının bu layihə üçün uyğun olduğunu dedi. Samir müəllimlə görüşüb müzakirə aparanda bir neçə pyesi nəzərdən keçirdik. Anarın “Qaravəlli” əsərini də Samir müəllim təklif etdi. Adətən quruluş verəcəyim tamaşanı özüm seçməyi xoşlayıram. Amma bu dəfə fərqli oldu, əsəri oxudum və gördüm ki, “Qaravəlli” bu günümüzlə çox səsləşir, pyesdə aktual məsələlər qabardılır
.
- Və yəqin ki, rol bölgüsü də direktorun masası üzərində artıq hazır idi...

- Qətiyyən. Rol bölgüsünü özüm aparmışam, çünki kollektivi yaxşı tanıyıram, müxtəlif tamaşalara baxışam. Samir müəllim, baş rejissor Xalq artisti Firudin Məhərrəmov, yaradıcı və texniki heyət tamaşamızın uğurlu alınması üçün nə lazmdırsa, etdilər.
- “Qaravəlli” tamaşasında da müəllifə əlavələr etmisən, teatrda “Otello”nun məşqi prosesi, rejissor Abbas Abbasov, Otello və Dezdemona obrazları Anarın əsərində yoxdur. Necə düşünürsən, yazıçı bu müdaxiləni qəbul edəcək?

- Premyerada Anar müəllimin iştirakı mümkün olmadı, inşallah, payızda yeni mövsümün əvvəlində tamaşaya baxar. Məncə, qəbul edəcək, çünki yazıçı-dramaturq Anar həm də rejissordur. Məhz ona görə də inanıram ki, rejissor əlavələrimlə razılaşacaq. Əlavə etdiyim səhnə və obrazlar əsərin ideyasına xələl gətirmir, süjet xəttinə ziyan vurmur.
Əsərin qəhrəmanı Əvəz Əvəzov cəmiyyətdəki müxtəlif mövqeli, müxtəlif xasiyyətli insanları tanıyır, onlarla təmasda olur. Onun bir rejissor tanışı da ola bilir. Həm də istədim ki, Abbas Abbasov obrazı ilə ölkə teatrlarındakı mövcud problemləri tamaşaçıya çatdırım. Belə hesab edirəm ki, bu gün teatrlarımızda çoxlu və ciddi problemlər var.
- Məsələn...

- Peşəkar kadr çatışmazlığı yaşanır. Bu gün bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir. Elə teatrlarımız var ki, orda bir-iki nəfəri çıxmaqla heç kim bu sahə üzrə ali təhsil almayıb.
Söhbətimizin əvvəlində Mədəniyyət Nazirliyinin “Öyrədərək öyrənirəm” layihəsindən bəhs etdik. Çox faydalı olan bu layihənin məqsədlərindən biri də bölgə teatrlarının paytaxtın teatr mühiti ilə əlaqələrini gücləndirməkdir. Mən bu layihə çərçivəsində Füzuli, Qusar və Sumqayıt dram teatrlarında tamaşa hazırlamışam, Lənkəran Dövlət Dram Teatrının kollektivi üçün isə master-klass keçmişəm. Həmin teatrın sabiq baş rejissoru Anar Babalının dəvəti ilə orda 2 tamaşaya quruluş vermişəm. Bakıdan kənardakı teatrlarımızın real vəziyyətini yaxşı bilirəm.
“Qaravəlli”yə əlavə etdiyim rejissor obrazı bəlkə də öz-özlüyündə savadlı, ağıllı adamdı, lakin əyalətdə, təhsilsiz aktyorlarla çalışmaqdan psixologiyası pozulub. Əsərə mənim əlavəmdəki Otellonu oynayan aktyor Dezdemonanı əvvəlcə boğur, sonra sözlərini deyir. Təbii ki, əslində əvvəlcə mətni deyib sonra onu boğmalı idi. Yəni o, Otellonu oynamaq gücündə, bacarığında deyil. Bu gün teatr aləmində iddiası ilə istedadı uzlaşmayan nə qədər aktyor və aktrisa var.
Biz səhnədə quruluş verdiyimiz tamaşalarda cəmiyyətdəki çatışmazlıqları göstərməyə çalışırıq, ən ciddi problem bəlkə də teatrdadır. Bu gün Azərbaycandakı teatr prosesini incələyərkən hansı qənaətə gəlirik?
- Sualı özün verirsənsə, yəqin cavabı da bilirsən...

- Teatr irəli getmək, müasir tələblərlə ayaqlaşmaq istəyir, lakin savad və hazırlığın vəziyyəti irəli getməyə imkan vermir. Hər şey təhsildən başlayır, razılaşsaq da, razılaşmasaq da bu, belədir.
Master-klass üçün kimlərinsə ölkəyə dəvəti, başqa ölkədəki yay məktəbinə kimlərinsə göndərilməsi çıxış yolu deyil.
Rejissor kimi məni narahat edən əsas problemlərdən biri də teatrlarımızdakı texniki məsələlərdir. Avadanlıqlar, işıq sistemləri, akustika və digər məsələlər imkan vermir ki, rejissor tamaşaya quruluş verərkən nəzərdə tutduğunu tam reallaşdırsın.
İş prosesində reallığı nəzərə alıb ideyalarının üstündən xətt çəkməli olursan.
Düzdür, prezidentin diqqət və qayğısı ilə əksər teatrlarımızın binası təmir edilib, avadanlıqlar yenilənib. Amma nəzərə almaq lazımdır ki, bu gün dünyada texnologiyalar çox sürətlə inkişaf edir, bir neçə il əvvəlki texniki avadanlıq artıq günün tələbinə cavab vermir. Tamaşa hazırlayan rejissor bilmir aktyorlarla rol üzərində işləsin, üzdə görünən və görünməyən çoxsaylı texniki problemlərin dərdini çəksin.
Teatrlarda, xüsusilə Bakıdan kənarda fəaliyyət göstərən teatrlarda çalışanların maaşları çox aşağıdır. 400 manat əmək haqqı alan aktyordan səhnədə necə sənət tələb etmək olar?
Çox vaxt dəvət aldığım premyeralardan imtina edirəm. Çünki tamaşa bitən kimi dost-tanış, həmkarlarım fikrimi öyrənmək istəyir. Mən də kimlərinsə xoşuna gəlmək üçün yalandan zəif səhnə əsərini tərifləmək istəmirəm.
- Bu müsahibə sənin kimi gənc və perspektivli rejissora problem də yarada bilər...

- Üzləşdiyimiz problemlərin həllini həqiqətən də istəyiriksə, onu dilə gətirməkdən çəkinməməliyik. Tutaq ki, bir insanın səhhətində narahatlıq yaranıb və gedir həkimin qəbuluna, amma konkret nədən əziyyət çəkdiyini açıb həkimə demək istəmir. Bu durumda həkim onu necə doğru-düzgün müalicə edə bilər? Ona görə də hər hansı çatışmazlığı, nöqsanı dilə gətirməliyik ki, problemi aradan qaldırmaq mümkün olsun.
- Bəzən nöqsanı demək yetərli olmur, çıxış yolu göstərmək, təklif vermək lazım gəlir. Təkliflərin varmı?

- İlk növbədə teatr təhsilinə yeni yanaşmalar olmalıdır. Çünki indi müşahidə etdiyimiz vəziyyət bir daha göstərir ki, bu sahədə sistem səhvdir. Ali məktəbdə quruluşçu rejissor yox, sanki tamaşa quran hazırlanır. Rejissor tamaşa hazırlayan deyil, həm də ideoloqdur. Rejissorluq fakültəsinə hər il qəbul keçirməyə ehtiyac yoxdur, məncə. 20-21 yaşlı gəncin nə dünya görüşü, təcrübəsi var ki, tamaşa hazırlasın?

Moskvada orta məktəbi bitirən heç bir gənci rejissorluq fakültəsinə götürmürlər, o gənc hökmən birinci təhsilini humanitar sahədə almalıdır. Sonra gəlib rejissorluğu oxumalıdır.
Bütün teatrlarımızda aktyorlar ciddi və şəffaf attestasiyadan keçirilməlidir. Teatrlarımız düşüncə tərzinə görə ötən əsrin 70-80-ci illərində qalıb. Ətrafımızda, beyinlərdə, zövqlərdə baş verən dəyişiklik vecimizə də deyil, sanki.
- Gələcəklə bağlı çox pessimistsən deyəsən...

- Belə deməzdim, əslində nikbin adamam və bu problemlərin düzələcəyinə inanıram. Çünki ola bilməz ki, hər şey hər zaman pis olsun.
- Yeni teatr mövsümü üçün yaradıcılıq planların necədir?

- Yeni mövsümdə Qazax Dövlət Dram Teatrının kollektivi ilə Cəlil Məmmədquluzadənin “Ölülər” əsri üzərində işləməyi planlaşdırıram, artıq rol bölgüsünü də aparmışam.
- Yəni Şeyx Nəsrullanı da, Kefli İsgəndəri də tapmısan?

- Təbii. Əks halda heç bu əsərə müraciət etməzdim. Bizim tamaşada bu iki əsas obrazı oynayacaq aktyor istedadlı insandır. Tamaşada Kefli İsgəndəri gənc və istedadlı aktyor Rüfət Ömər oynayacaq.
Yeri gəlmişkən, bu, Qazax Dövlət Dram Teatrı ilə ilk işim deyil. Ötən il bu teatrın səhnəsində Bekketin əsəri əsasında “Səmirsiz” mono-tamaşasına quruluş vermişdim. Tamaşa “Bölgə teatrlarının Bakı premyerası” layihəsi çərçivəsində paytaxtda da uğurla oynanıldı və Rüfət Ömər “Ən yaxşı aktyor” nominasiyasının qalibi seçildi. Mədəniyyət Nazirliyinin və Akademik Milli Dram Teatrının rəhbərliyi mənim bu tamaşadakı işimi “Ən kreativ rejissor yozumu” nominasiyasının qalibi elan etdi.
“Ölülər” tamaşası barədə çox da ətraflı danışmaq istəmirəm, sadəcə, onu deyə bilərəm ki, “Ölülər” Hacı Həsən ağanın qardaşının guya o dünyadan göndərdiyi məktubla başlayacaq. Pyesin əvvəlində Müəllimin Kefli İsgəndərin qardaşı Cəlala dərs öyrətməsi səhnəsini ixtisar etmişəm.
Yaxın gələcəkdə isə Şekspirin “Kral Lir” pyesini qurmaq barədə düşünürəm. Belə hesab edirəm ki, Xalq artisti Qurban İsmayılov bu obrazın öhdəsindən məharətlə gələr. İnanıram ki, bu ideyamı gerçəkləşdirə biləcəyəm.
Etibar CƏBRAYILOĞLU
Reyting.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:48
embedMənbə:https://reyting.az
archiveBu xəbər 24 İyul 2025 17:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın Azərbaycana qarşı növbəti təzyiq mexanizmi

25 İyul 2025 00:06see623

Şörzingerin Azərbaycanca öyrəndiyi söz…

24 İyul 2025 01:29see283

Şəmkirdə 15 yaşlı qızın ehtiyatsızlığı faciə ilə nəticələndi

24 İyul 2025 01:38see255

Qurban Qurbanov: Qələbəni unudub cavab oyununa ciddi hazırlaşacağıq

24 İyul 2025 01:30see150

Goji berry nədir? Goji giləmeyvəsinin faydaları

24 İyul 2025 17:12see149

Uşağın smartfona erkən çıxışı psixi sağlamlıq problemlərinə gətirib çıxarır

24 İyul 2025 04:25see145

Təmiz enerji dövrünü necə sürətləndirmək olar ANALİZ

24 İyul 2025 16:58see138

Avropa və ABŞ razılaşacaqlar Ticarət gərginliyi aradan qalxacaq

24 İyul 2025 17:15see137

Azərbaycanda reklama görə 4 blogerdən ŞİKAYƏT EDİLDİ RƏSMİ

24 İyul 2025 10:47see137

YPG Suriyada silahları təhvil verməyəcəyini açıqlayıb

24 İyul 2025 02:48see137

“Qarabağ”ın darmadağınla qələbəsi Video

24 İyul 2025 02:30see136

Bu şəhərdə 22 min abonentin qaz təchizatı dayandırılacaq

24 İyul 2025 17:01see136

Qız Qalasında “Vyetnam Günləri : Şərqin incə zərifliyi İçərişəhərdə FOTO

24 İyul 2025 17:07see134

Türkiyədə oxuyan bir qrup tələbə Azərbaycan universitetlərinə köçürülmə hüququndan məhrum edilib?

25 İyul 2025 01:36see131

Dondurma yeyəndə dişlərimiz niyə sızıldayır? Səbəbi

24 İyul 2025 15:59see131

Bir səfərin izi ilə Fransa sənədli filminin təqdimatı keçirilib

24 İyul 2025 20:43see125

“Sumqayıt” fransalı müdafiəçi transfer etdi

24 İyul 2025 06:24see125

Çoxumuzun sevimli xalq artisti...

24 İyul 2025 21:42see125

Hepatit C diaqnozu qoyulan qadının son halı: Müayinə düzgün aparılmayıb

24 İyul 2025 00:14see122

Xəstələri ölümcül hala salan saxta cərrah barədə şok faktlar: Bədənim çürüyüb

24 İyul 2025 18:29see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri