Icma.az
close
up
RU
Abdulla: Yeni “Klinik A” teatrında tamaşa yox, seans olacaq

Abdulla: Yeni “Klinik A” teatrında tamaşa yox, seans olacaq

Reyting.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək

Azərbaycanda yeni teatr yaranıb. Adı da “Klinik A”. Yaradıcısı gənc və istedadlı rejissor və aktyor Abdulladır.

Abdulla “Reytinq” qəzetinə müsahibəsində “Klinik A.”-nın məqsəd və məramından danışıb.

- Abdulla bəy, indiki zamanda özəl teatr yaratmaq zərurətini nədən hiss etdiniz?

- Əslində bu fikir məndə indi yaranmayıb. Hələ Mədəniyyət və İncəsənət Universitetində təhsil aldığım illərdə belə bir fikirim var idi.

İkinci kursda oxuyanda universitetin teatrşünaslıq fakültəsinə bir oğlan qəbul oldu. Onunla müstəqil bir "teatrda" tanış olduq və tanış olmaq səbəbi də maraqlı idi. Öz-özümə dedim ki, bu adam özünə niyə Dağlar ləqəbini götürüb, hələ birinci kursda oxuyur. Gül kimi adın var da: Yusif... Sonra bildim ki, tələbənin adı Dağlar imiş. Yusifi isə soyad kimi götürüb. Bu gün teatrşünas kimi tanınan Dağlar Yusifdən gedir söhbət. Elə o vaxtdan bizim sənət münasibətimiz başladı.

Tələbəlik illərindən çox araşdırırdıq, çox oxuyurduq, yeni teatr axınlarını, dünyada köhnə, lakin Azərbaycan teatrı üçün hələ də təzə, tanış olmayan Lemanın "Postdramatik teatrı", Gratovskinin "Parateatrı", Arto, Bruk, Absurd teatr… Bu teatr ideyaları bizi özünə o qədər çəkmişdi ki, təsirindən çıxa bilmirdik.

Sonra bir əsər tərcümə etdim - Ejen İoneskonun "Daz saprano" və ya "Daz qadın müğənni". Dağlar bəyə dedim bunu işləyək. Universitetin ən fəal aktyor tələbələrini başımıza yığdıq, bir rəqs zalı tapdıq, hərəmizə bir dönər, bir ayran alıb getdik ora və ilk gündən başladıq artıq tamaşa üzərində işləməyə - naşıcasına, bilmədən, köntöy bir formada. Necə deyərlər, tamaşamız hazır oldu və Teatr Xadimləri İttifaqının o zamankı sədri rəhmətlik Azər Paşa Nemətovla Dağlar Yusif görüşdü və tamaşanın premyerasını İttifaqın səhnəsində oynamağa razılıq aldı. Bu, həmin dövr üçün uğurlu bir iş idi. O vaxtdan düşündük ki, bizim nə zamansa müstəqil teatrımız olacaq - heç bir ideyamız, özəlliyimiz, manifestimiz, filan yox idi. Amma xoş iddiamız var idi. "Mən", "eqo" olmayan iddia. Sadəcə, yenilik gətirmək istəyirdik.

Sonra böyüdük, universiteti bitirdik və müstəqil həyata başladıq. Mən ikinci təhsil üçün Moskvaya getdim, oxudum, bitirdim və qayıtdım Bakıya. Bu arada pandemiya, ardınca İkinci Qarabağ savaşı başladı, bu səbəbdən 2 il teatrlar bağlı qaldı. Həmin dövrdə düşünürdüm ki, teatrlar açılanda müstəqil olaraq nə qura bilərəm? Çexovun "Qağayı” pyesini hazırladım.

Günlərin birində mən, Dağlar Yusif və Tremlevi oynayacaq aktyorla “Qış Parkı”nda gəzirdik. Aktyora oynayacağı obraz haqqında danışırdım. Zehnimin bir küncündə Freydin "psixoanalizini" aktyor sənətinə tətbiq etməklə bağlı düşüncələrimdi. Sadəcə, aktyor fenomenini psixoanaliz vasitəsi ilə araşdırmaq və fəaliyyət göstərən "Zeroo" teatr studiyamda tələbələrim üzərində tətbiq etmək. Söhbət zamanı aktyor dedi ki, dayan, Abdulla, çox getdik, çox endin mənim təhtəlşüuruma. Mən diskomfort hiss edirəm artıq. Sanki siz geyimdəsiniz, mən sizin yanınızda lüt gəzirəm.

Dağlar Yusif dedi ki, sən ona fikir vermə, Abdullada aktyorla iş klinik dərəcədədir, artıq. Obrazı onu süuraltısına enib, çöküb qalmış travmalarından yapır.

Dağların bu sözündən sonra bir anlıq duruxdum. Eşitdiyimdən içimdə bir sevinc yarandı. "Deyəsən, tapdım axı, Abdulla", - deyib, yolumuza davam etdik və aktyordan əl çəkəsi oldum.

Klinik düşüncə, kliniki düşüncə, kliniki şüur, şüuraltı, insanın anatomiyası, psixikası və psixi qatları, travmaları - bunlar başlanğıcdır. Klinik durum. Başlanğıc .... və mən tapdım. Gələcək teatrın adını və eyni zamanda bütöv manifestini özündə ehtiva edəcək adı o görüşdə tapdım - "Klinik A". "A" - alfa, başlanğıc nöqtəsi. Və aradan uzun zaman keçdi - 3 ilə yaxın. Bu 3 ildə çox araşdırdım, çox yazıb-pozdum, tələbələrin və peşəkar aktyorların üzərində sınaqlar apardım - Lənkəran Dövlət Dram teatrında quruluş verdiyim "The müqəssir" tamaşasının məşq proseslərində istedadlı aktyor Saleh Əzimzadə ilə birgə çalşıdığım anlar yadıma düşdü. Məhz orda mən aktyorlarla başqa cür işləyirdim. Dominat diqqətim aktyorun psixikası və travmaları idi. Onun təhtəlsüuruna enirdim. Təhlükəli idi? Bəli, həm də çox.

"Psixoanalizlə" ancaq ixtisaslı psixoloqlar məşğul ola bilərlər. Çünki adamın - aktyorun şüuraltısını oyadıb söndürməyi bacarmamaq da olardı. Amma ehmalca, ehtiyatla, qorxa-qorxa bunu edirdim.

Uzun sözün qısası - ideya çoxdan yaranmışdı. Lakin hələ təsdiqini tapmamışdı - çünki əsaslı araşdırmalar etməmişdim. Teatrımın manifestinə zidd olsa da deyəcəm - formasını tapmamışdım. Tapdım və dedim ya Allah, yaradaq. Və artıq yanvar ayının 3-ü saat 15-də ilk senasımızdır.

- Niyə seans, tamaşa yox? Bildiyim qədəri ilə yeni teatrın manifestini də hazırlamısan...

- Ümumiyyətlə, bu laboratoriya - yəni "Klinik A" teatr logosunu inkar edir. Teatr yoxdur burada. Çünki burada oyun yoxdur. Oyun üçün dramaturji və ya yazılı material, aktyor və rejissor da yoxdur. Ümumiyyətlə, "akt" mövcud deyil. Bu, laboratoriyadır.

Manifestə gəlincə, bu laboratoriya ənənəvi teatr anlayışından köklü şəkildə fərqlənir. Bu, aktyorun, teatr formasının, dramaturji materialın və ya rejissor dominantlığının əsas olduğu bir teatr deyil. Burada tamaşaçı psixoloji seansa gəlir və öz daxili dünyası ilə təmas qurur - travmalarından, dərinliklərdə gizlənib qalmış komplekslərindən və ruhi ağrılarından azad olmağa doğru yol alır.

Bu prosesdə açar rolunu aktyorun sənət texnikası, xüsusən K. Stanislavski sistemi, eləcə də Z. Freydin psixoanaliz yanaşması oynayır.

“Klinik A” üçün teatr tamaşa nümayiş etdirmək, dramaturji situasiyalarla və ya “heyrətləndirici aktyor oyunu” ilə tamaşaçını təsirləndirmək vasitəsi deyil. Burada teatr özünütanıma alətidir.

Bundan sonra teatr - "laboratoriya", tamaşaçı - "pasiyent", dramaturji və ya yazılı material pasiyentin öz hekayəsi - "resept", teatr səhnəsi - "palata", rejissor isə "aparıcı həkim" deyə yazılacaq və qeyd ediləcək.

Bu məkanda pasiyent - gördüyü səhnə ilə empatiya quraraq katarzis yaşamır. O, 30-40 dəqiqə, bəzən isə bir saat ərzində “burada və indi” prinsipinə əsaslanaraq özünü araşdırır, öz daxili proseslərini müşahidə edir və özünü daha dərindən tanımağa başlayır. Bəzən isə senaslarda sadəcə bir saat susur və düşünür, sükutda özü-özünə hesabat verir.

Ona görə bayaq qeyd etdim ki, biz ənənəvi teatr deyilik, bizim mərkəzimizdə aktyor və mətn yoxdur.

Bizim mərkəzimizdə rejissor, onun quruluşu, forma axtarışı, hökmü - bir sözlə, ənənəvi rejissor mövcud deyil.

Bizdə rejissor - aparıcı həkimdir.

Bu məkanda tamaşaçı yoxdur.

Bu məkanda pasiyent var.

Pasiyent buraya tamaşaya baxmağa yox, özünün içinə baxmağa gəlir.

Biz tamaşa göstərmirik, biz “rol” yaratmırıq, biz hekayə danışmırıq.

Biz təmas yaradırıq - "mənlə mənin təmasını".

Bu teatrda dramaturji material hazır mətndən ibarət deyil. Dramaturji material pasiyentin özüdür, onun yaddaşı, bədənidir. Onun qorxuları, susqunluqları və səsləndirməyə ömür boyu çəkindiyi və qorxduğu suallarıdır. Burada "dramaturji materiala" resept deyilir.

Resept yazılmır.

Resept oxunmur.

Resept - yaşanır.

Bu teatr empatiya doğurmaq üçün deyil.

Bu teatrın tamaşaçısı yerindən səhnədəki hadisəyə baxıb katarzis keçirmək üçün deyil.

Heç kimi heyrətləndirmək niyyətimiz də yoxdur.

Burada pasiyent ağlamaya da, gülməyə də, seans boyu etiraf etməyib susa da bilər.

Heç nə baş verməyə də bilər. Heç nə baş verməməsinin özü də bir aktdır, əsil "mənin tapılmasıdır."

“Klinik A” üçün teatr - özünütanıma vasitəsidir. Bədən, diqqət və hərəkət üzərindən "öz məninlə" dürüst dialoqdur.

Biz aktyor sənətinin texnikalarını inkar etmir, hətta bu texnikalardan bizə lazım olan elementləri götürüb senaslarda pasiyentlərin üzərində tətbiq edirik.

Xüsusən K. Stanislavski sistemini, M. Çexovun "Nurlanmış aktyora doğru" təlimini. Bunları fadəlilik və "aktyor oyunu" üçün yox - dərk üçün istifadə edirik.

Biz Freydin psixoanalizini “müalicə” kimi yox - şüurun açarı kimi qəbul edirik.

Burada pasiyent özgə talehlə empati qurmur. Özü özünə baxıb özünü tanıyır. O, “burada və indi” öz taleyinə baxır.

Seans 60 dəqiqədən artıq olmamalıdır.

Bir diqqət obyekti - "mən öz şüuaraltıma çöküb qalmış yaşantılarımda kiməm?"

Bu teatrda səhnə, parter (tamaşaçı zalı) və ən əsası, ənənəvi "teatr binası" anlayışı yoxdur. Seans ("tamaşa") sakitlik, qaranlıq və səssizlik olan hər bir məkanda baş verə bilər. Qaranlıq və bir az işıq közərtisi - özün özünlə tək qalmaq üçün. Yetər ki, iki və artıq pasiyent olsun.

Bu laboratoriya ("teatr") güzgüdür -

Əgər sən baxmağa yox,

görməyə hazırsansa -

qapı açıqdır.

- Sənin məntiqinlə yanaşsaq “Klinik A.”-nın ilk tamaşasında yox, seansında nələr olacaq?

- İlk senasımızın resepti var. Belə deyək - mövzusu. Səhnə ifadəsi, aktyor olmaq üçün deyil, özünü dərketmə aləti kimi aktyorluq praktika və sistemlərindən istifadə olunan psixoloji treninqdir.

Hərəkət, bədən və diqqət vasitəsilə iştirakçılar öz daxili “mən”lərini, emosional reaksiyalarını və özləri ilə təmas qurma yollarını araşdıracaqlar.

Treninq aktyorluq təcrübəsi olmayan, psixologiya, şəxsi inkişaf və canlı mövcudluqla maraqlanan insanlar üçündür. Bu istiqamət xüsusilə aşağıdakı insanlara uyğun gəlir: psixologiya ilə maraqlanan, lakin “müalicə”dən çəkinənlərə; emosiyalarla təhlükəsiz şəkildə təmas qurmaq istəyənlərə; bədən və hərəkət vasitəsilə fərqindəlik axtaranlara.

- Bu gün Azərbaycanda özəl teatrlar da fəaliyyət göstərir. Rəqabətə davam gətirə biləcəksiniz?

- Düşünürəm bu "teatrın" öz tamaşaçısı olacaq. Alternativi yoxdur. Var, müstəqil teatr, var, özəl. Biz özəlik. Özümüzə məxsusuq. Ona görə də tab gətirəcəyik. Ümumiyyətlə, rəqabət - mən bilmirəm bu necə olur. Heç kimlə rəqabət aparmaq niyyətində deyiləm. Allah hamımızın köməyi olsun! Əsas odur ki, nə istədiyimizi bilək. Əsas niyyətin saflığı və "tamaşaçı niyə 20 manat verib gəlib mənə baxmalıdır?" sualına dürüst, insaf və ağıl ilə cavab verməkdir.

Etibar CƏBRAYILOĞLU

Reyting.az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://reyting.az
archiveBu xəbər 16 Dekabr 2025 17:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see278

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see277

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see260

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see244

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see236

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see223

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see195

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see193

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see187

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see184

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see183

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see169

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see150

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see149

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see147

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see140

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see140

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri