“ABŞ iki dövlətlə sağlam münasibətlər qurmaq niyyətindədir” POLİTOLOQ
Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Rusiya Prezidenti ilə keçirilən danışıqlar Avropada narahatlıq doğururdu. Çünki separat danışıqlar nəticəsində Ukrayna müharibəsinin gələcəyi müəyyənləşə bilərdi. ABŞ isə bununla göstərdi ki, Avropanın mövqeyi, eləcə də Avropa liderlərinin fərdi münasibəti çox önəmlidir”.
Bu fikirləri Gununsesi.info-ya açıqlamasında politoloq İlyas Hüseynov bildirib:
“Ukraynanın ortaya qoyduğu mövqe də diqqət çəkir. Hazırda ABŞ Avropadakı müttəfiqləri ilə birlikdə Ukraynaya ciddi təhlükəsizlik zəmanətləri vermək üzərində çalışır. Bununla bağlı xüsusi komissiya yaradılır və komissiyaya dövlət katibi Marko Rubio rəhbərlik edəcək.
Bu çərçivədə Şimali Atlantika blokuna aid olan ən müasir silah-sursat texnologiyalarının Ukrayna ərazisində yerləşdirilməsi nəzərdə tutulur ki, gələcəkdə təhlükəsizlik təhdidləri formalaşmasın və atəş səsləri eşidilməsin.
Lakin yeni silah sistemlərinin tədarükü, mərmi və sursat ehtiyatlarının təmin edilməsi ağır yükdür.
Üstəlik, cəbhənin minlərlə kilometr uzunluqda olması əlavə çətinliklər yaradır. Bu da hərbi texnika və sursat ehtiyatlarının, həmçinin hava hücumundan müdafiə qüvvələrinin artırılmasını zəruri edir. Bütün bu amillər Ağ Evin münaqişənin diplomatik yolla tezliklə həllini dəstəkləməsinə səbəb ola bilər”.
Politoloqun sözlərinə görə, ABŞ iki dövlətlə sağlam münasibətlər qurmaqla öz iqtisadi maraqlarını və geo-iqtisadi ambisiyalarını həyata keçirmək niyyətindədir:
“Bu baxımdan həm Rusiyanın zəngin xammal bazasının ABŞ şirkətləri tərəfindən işlənməsi, həm də Ukrayna ərazisindəki nadir torpaq metallarının istismarı Vaşinqton üçün mühüm əhəmiyyət kəsb edir”.
Şəbnəm


