ABŞ və Ukrayna razılaşdı, amma Putin ərazilər bəndini qəbul etməyəcək TƏHLİL
Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Bundan sonra Kreml planı qəbul etməsə, müharibə tam şiddəti ilə davam edəcək”
Ukraynanın ABŞ ilə birgə hazırladığı sülh planının 20 bəndi açıqlanıb. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərlə görüş zamanı məlumat verib. O vurğulayıb ki, söhbət müharibənin başa çatdırılmasına dair əsas (baza) sənəddən gedir. Zelenskinin sözlərinə görə, Rusiya bu plana münasibətini artıq 24 dekabrda Amerika tərəfi ilə keçiriləcək görüş zamanı bildirməlidir. Zelenski onu da qeyd edib ki, Ukrayna həssas məsələlərin, ilk növbədə də ərazilərin taleyi üzrə ABŞ Prezidenti ilə liderlər səviyyəsində görüşə hazırdır. 20 bəndlik planda Ukraynaya təhlükəsizlik zəmanəti, bərpa məsələləri üçün ayrıca fond yaradılması, seçkilərin keçirilməsi və s. məqamlar yer alıb. Bu saziş hüquqi cəhətdən məcburi olacaq. Onun icrasına Trampın rəhbərlik etdiyi Sülh Şurası nəzarət edəcək. Bütün tərəflər bu razılaşmalarla razılaşdıqdan sonra dərhal tam atəşkəs qüvvəyə minəcək. Zelenski əlavə edib ki, Ukraynada seçkilər sülh planının bəndlərindən biridir və mümkün qədər tez keçirilməlidir. O, həmçinin istisna etməyib ki, hərbi vəziyyət saziş imzalandıqdan sonra bir neçə ay davam edə bilər. Bu halda prezident seçkiləri təhlükəsizlik şəraitində, parlament və yerli seçkilər isə hərbi vəziyyət ləğv edildikdən sonra keçiriləcək. Bundan başqa, Zelenski seçkilərin referendumla eyni vaxtda keçirilməsi ehtimalını da istisna etmir. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Kiyevin 20 maddəlik sülh planı ilə bağlı xəbərlərə münasibət bildirməyib. Onun sözlərinə görə, Kreml Kreml Dmitriyevin Mayamidən hansı sənədləri gətirdiyini mətbuata açıqlamağı məqsədəuyğun hesab etmir: "Kirill Dmitriyev artıq Putinə Mayamiyə səfərinin bütün nüansları barədə ətraflı məlumat verib". 
Politoloq Elxan Şahinoğlu Sherg.az-a deyib ki, Ukrayna Prezidenti Volodimir Zelenski ağır şərtlərinə rəğmən, 20 bəndlik sülh planını qəbul etməyə məcbur qalıb. Ekspert bildirib ki, bu, ABŞ Prezidenti Donald Tramp administrasiyasının ilkin irəli sürdüyü 28 bəndlik planın ixtisarlar və düzəlişlər edilmiş variantıdır: "Vaşinqtonun planının bəndlərinin birində işğal altında olan Zaporojye atom elektrik stansiyasının ABŞ-nin idarəçiliyinə veriləcəyi və elektrikin 50/50-yə Ukrayna ilə Rusiya arasında bölüşdürüləcəyi yazılmışdı. Hazırki planda bu bəndə stansiyanın 50/50 arasında Ukrayna ilə ABŞ arasında bölüşdürüləcəyi yazılıb. Bu elə böyük düzəliş deyil. Onsuz da ABŞ həmin 50 faizi Rusiyaya ötürəcək. Sadəcə, Kiyev bu bənddə elektrikin 50 faizinin Rusiyaya ötürüləcəyi cümləsinə razılaşa bilməzdi. Planın ilkin variantında sülh dövründə Ukrayna Silahlı Qüvvələrinin sayının 600 min olacağı göstərilirdi. Hazırkı planda bu, 800 min nəfər yazılıb. Yeni planın 5-ci bəndində yazılıb ki, ABŞ, NATO və Avropa Ukraynaya 5-ci maddə nümunəsində təhlükəsizlik zəmanətləri verəcək və əgər Rusiya Ukraynaya yenidən müdaxilə edərsə, hərbi cavab və sanksiyaların bərpası olacaq. Buna baxmayaraq, bu bənd qeyri-müəyyən olaraq qalır. Ukraynaya veriləcək təhlükəsizlik təminatı 1994-cü ildə verilən təhlükəsizlik təminatından mahiyyət etibarilə fərqlənməlidir. Bu elə bir bənd olmalıdır ki, Rusiya gələcəkdə yenə Ukraynaya hücum etməyi planlaşdırsa, qarşısında daha böyük güclərin dayanacağını anlasın və bu amil onu qonşusuna növbəti həmlədən çəkindirsin. Yeni planın əsas bəndlərindən biri ərazilərlə bağlıdır. Rusiya hərbi qüvvələri Dnepropetrovsk, Nikolayev, Sumı və Xarkov vilayətlərindən çıxmalı, Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərində isə “harada dayanmışıqsa, orada qalırıq” prinsipi işə düşməlidir. Bu, Ukraynanın edə biləcəyi maksimum güzəştdir. Yəni Ukrayna itirdiyi əraziləri hüquqi baxımdan Rusiya ərazisi kimi tanımasa da, reallıqdan çıxış edərək həmin ərazilərin hərbi yolla geri qaytarılmayacağı reallığını qəbul edir".
Analitik hesab edir ki, Kiyev və Brüssel mövcud planı qəbul etməyə hazırdır: "Vaşinqton da yeni plana etiraz etməz. Əsas məsələ bu plana Kremli razı salmaqdır. Rusiya Prezidenti Vladimir Putinin şəxsi təmsilçisi Kiril Dmitriyev ABŞ-yə səfər edərək planı Moskvaya çatdırıb. Kreml sahibinin yeni planla razılaşacağı çətindir. O, əvvəlkitək Donbasın tamamını tələb edir. Putin 20 maddəlik planın əksər bəndlərinə etiraz etməsə də, ərazilərlə bağlı bəndi qəbul etməyəcək. Bu halda planın qəbulu mümkün olmayacaq və müharibə tam şiddətiylə davam edəcək".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 24 Dekabr 2025 22:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















