Adidas ərəb dilində üzr istədi
Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Almaniyanın idman geyimləri şirkəti "Adidas" 2021-ci ildə İsrail ordusunda xidmət edərkən yaralanaraq sol ayağını itirən Shalev Bitonun yer aldığı reklam kampaniyasına görə yaranan etirazların ardından üzr istəyib.
"Cebheinfo.az" xəbər verir ki, şirkətin açıqlaması 30 milyondan çox izləyicisi olan qlobal hesabı əvəzinə "Adidas Arabia"nın sosial media hesabından yayımlanıb.
"Adidas Arabia"nın sosial media hesabında yayımlanan açıqlamada yerli tədbirdə istifadə olunan görüntünün etirazlara səbəb olduğu bildirilib.
Şirkət açıqlamasında "Yerli komanda tərəfindən yaxın zamanda keçirilən tədbirdə istifadə olunan bir görüntünün narahatlıq və güclü reaksiyalara səbəb olduğunun fərqindəyik", - deyə qeyd edib.
"Adidas" heç kimi incitmək niyyətində olmadığını bildirərək, "Təsirlənən hər kəsdən üzr istəyirik",- deyib. Şirkət yaranan reaksiyaları "son dərəcə ciddi" qəbul etdiyini vurğulayıb.
Həmçinin kampaniyanın qlobal layihənin bir hissəsi olmadığını, yerli təşəbbüs çərçivəsində hazırlandığını açıqlayıb.
Şirkətin son kampaniyaya görə üzrxahlığının qlobal hesablar əvəzinə məhz "Adidas Arabia"nın sosial media hesablarından yayımlanması da diqqət çəkib.
Şirkətin 30 milyondan çox izləyicisi olan əsas qlobal hesabında və digər regional hesablarında kampaniyaya yönələn tənqidlərlə bağlı bazar ertəsinə qədər hər hansı oxşar açıqlama verilməyib.
Reklam kampaniyasında 2021-ci ildə İsrail ordusunda xidmət edərkən yaralanaraq sol ayağını itirən Shalev Biton yer alıb. Biton "Adidas"ın ətraflardan birini itirmiş şəxslərə yalnız ehtiyac duyduqları ayaqqabını almağa imkan verən "Single Shoe" ("Tək ayaqqabı") xidmətinin tanıtımı çərçivəsində hazırlanan görüntülərdə yer alan 11 əlil idmançıdan biri olub.
Sözügedən reklam İsrailin Qəzzaya hücumları fonunda minlərlə fələstinlinin əl-ayağını itirməsinə diqqət çəkən Fələstin tərəfdarı fəalların etirazına səbəb olub.
İspaniyalı aktyor Xavyer Bardem də fələstinlilərlə həmrəy olduğunu açıqlayaraq, kampaniyaya görə istehlakçıları "Adidas"ı boykot etməyə çağırıb.
"Adidas" "Single Shoe" adlandırılan xidmətin ətraflarında fərqlilik olan şəxslərin yalnız ehtiyac duyduqları ayaqqabını almağına imkan yaradaraq inklüzivliyi artırmağı hədəflədiyini açıqlayıb.
Şirkət yanvar ayında 23 Avropa ölkəsində başladığı tətbiq çərçivəsində "Adidas" mağazalarında və satış məntəqələrində bir cüt ayaqqabının qiymətinin 50 faizi müqabilində yalnız bir ayaqqabı satmağa başlayıb.
Bildirilib ki, xidmət Paralimpiya Oyunları da daxil olmaqla, əlilliyi olan şəxslərin təmsil olunduğu qruplar və təşkilatlarla aparılan məsləhətləşmələr nəticəsində hazırlanıb.
Adidas tətbiqin Avropa, Asiya və Yaxın Şərqə yayıldığını, Fələstin, Birləşmiş Ərəb Əmirlikləri, Livan, Səudiyyə Ərəbistanı, Küveyt, Qətər və Misirin də proqramın tətbiq olunduğu ölkələr sırasında olduğunu bildirib.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) may ayında yayımladığı hesablamalara görə, Qəzzada 2023-cü ilin oktyabrından etibarən 5 mindən çox travmatik amputasiya və 22 mindən çox ciddi ətraf yaralanması qeydə alınıb.
Həyatını dəyişdirən ağır yaralanmalara məruz qalanların təxminən dörddə birinin uşaqlar olduğu bildirilib.
"Adidas" son 15 ildə İsrail-Fələstin məsələsi ilə bağlı müxtəlif mübahisələrin də mərkəzində olub.
Şirkət 2012-ci ildə işğal altındakı Şərqi Qüdsdən keçən Qüds marafonuna sponsorluq etdiyi üçün ərəb idman rəsmilərinin boykot çağırışları ilə üzləşib. Ərəb ölkələrinin gənclər və idman nazirləri marafonun İsrailin şəhər üzərindəki iddialarını gücləndirmək məqsədilə istifadə edildiyini bildirərək, tədbirə sponsorluq edən şirkətləri boykot edəcəklərini açıqlamışdılar."Adidas" növbəti il marafonun sponsorları arasında yer almayıb.
Şirkət 2018-ci ildə də 130-dan çox Fələstin futbol klubu və idman təşkilatının İsrail Futbol Federasiyasına sponsorluğunu dayandırması ilə bağlı çağırışı ilə üzləşib. Kampaniya iştirakçıları federasiyanın işğal altındakı Qərb Sahilində yerləşən İsrail yaşayış məntəqələrindəki klubları da özündə birləşdirməsinə etiraz ediblər.
"Adidas" həmin vaxt "siyasi baxımdan bitərəf şəkildə" fəaliyyət göstərdiyini və insan hüquqları standartlarını dəstəklədiyini açıqlayıb, məsələni FIFA ilə müzakirə etdiyini bildirib.
Şirkət daha sonra İsrail Futbol Federasiyasına sponsorluğunu dayandırıb. Lakin bu qərarın Fələstin kampaniyası ilə birbaşa əlaqəli olduğunu açıq şəkildə bildirməyib.
Əfsanə
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Baxış sayı:118
Bu xəbər 08 Sentyabr 2026 15:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















