Ağdamda kommunikasiya xətlərinin çəkilişində böyük səhvlər var Memar AÇIQLADI
Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Yağan güclü yağışlar nəticəsində Ağdamın Xıdırlı kəndində yeni inşa olunan evlərdən birinin hasarı uçub. Sosial şəbəkələrdə yayılan görüntülərdən məlum olur ki, yağış suları bir çox evlərin həyətinə dolub.
Bəs tikinti zamanı nəyə diqqət olunmalıdır ki, bu cür hallar baş verməsin?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən memar Muxtar Ərturan bildirdi ki, istənilən şəhərsalma, memarlıq və inşaat qaydalarına əsasən, hər hansı bir qəsəbə salınarkən, ev inşa edilərkən -fərqi yoxdur, iki, üç, beş və yaxud 25 mərtəbəli olsun, - həmin binaların əvvəlcə topoqrafiya üzərində layihələndirilməsi aparılmalıdır:

"Əvvəlcə konstruktiv və geoloji işlər görülməlidir. Geoloqlar torpağın qruntunu araşdırır, nəticələrə əsasən qruntun səviyyəsi müəyyən edilir və bu səviyyəyə görə konstruktiv həllər hazırlanır. Ən vacibi isə topoqrafik planlardır. Topoqrafik planlar nədir? Bu, torpaq səthindəki yüksəkliklərin müəyyənləşdirilməsidir. Məhz həmin planlar əsasında memarlar, konstruktorlar və ümumiyyətlə şəhərsalma üzrə layihəçilər yağış sularının axarını təyin edirlər. Burada ən alçaq və ən hündür yerlər müəyyən olunur ki, binalar inşa edilərkən suyun toplanacağı ərazilərə düşməsin, gölməçələr yaranmasın. Yəni kommunikasiya xətləri də əvvəlcədən bu prinsiplə qurulur".
Müsahibimiz əlavə etdi ki, videolardan göründüyü kimi ilkin mərhələlərdə layihələndirmə prosesində ciddi yanlışlıqlara yol verilib:
"Kommunikasiya xətlərinin çəkilişində böyük səhvlər var. Topoqrafik planların hazırlanmasında, qrunt səviyyəsinin ölçülməsində də kobud çatışmazlıqlar mövcuddur. Səbəb də məhz bundan ibarətdir. Əlavə olaraq qeyd edim ki, Qarabağ kimi bir bölgədə, sıfırdan yenidən quruculuq işləri aparılarkən belə qlobal səhvlərə yol verilməsi yolverilməzdir və bu, açıq şəkildə qeyri-peşəkarlığı göstərir".
Nuriyyə NATİQQIZI

