Agentlik direktoru: Azərbaycanın borc mövqeyi dayanıqlı və möhkəmdir
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 6 oktyabr, AZƏRTAC
Azərbaycan Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin buraxdığı manat istiqrazları yerli və xarici maliyyə qurumları üçün yeni fürsətlər açır. Bu fürsətlər investorlar üçün əhəmiyyətli ola bilər.
AZƏRTAC xəbər verir ki, bu sözləri agentliyin direktoru Azər Mursaqulov Bakıda keçirilən Almaniya-Azərbaycan ixracat və maliyyə konfransında çıxış edərkən deyib.
O bildirib ki, Azərbaycanın borc mövqeyi dayanıqlı və möhkəmdir.
“Cari ilin üçüncü rübü üzrə ölkənin ümumi dövlət borcu ÜDM-in 19,6 faizinə bərabərdir. Bunun 37 faizi xarici, 67 faizi isə daxili borcun payına düşür. Bu nəticə 2018-ci ildə qəbul olunmuş ilk borc idarəetmə strategiyasının ardıcıl icrasının göstəricisidir. Son 7 ildə həyata keçirilən tədbirlər nəticəsində daxili bazarın payı əhəmiyyətli dərəcədə, dövlət istiqrazlarının həcmi isə yeddi dəfə artıb. Əvvəllər bazarda əsasən banklar və sığorta şirkətləri iştirak edirdisə, bu gün artıq korporasiyalar, fiziki şəxslər, hətta xarici investorlar da iştirakçıdır. Beynəlxalq maliyyə institutları da son vaxtlar manatla istiqraz buraxmağa başlayıb. Bu, yerli və xarici maliyyə qurumları üçün yeni fürsətlər açır”, - deyə agentlik direktoru vurğulayıb.


