Alimlər bakteriyaları məhv edə bilən viruslar yaradıblar
Icma.az, Metbuat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ-də alimlər süni intellekt texnologiyası sayəsində “escherichia coli (E. coli)” bakteriyalarını hədəf alıb məhv edə bilən, “bakteriyofaj” adlandırılan viruslar hazırlayıb.
Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, Stenford Universiteti və ABŞ-də yerləşən Arc İnstitutunun tədqiqatçıları, antibiotiklərə qarşı getdikcə daha da güclənən bəzi bakteriya növlərinə qarşı yeni müalicə üsulu tapmaq ümidi ilə araşdırma aparıb.
Alimlər süni intellekt modellərindən istifadə edərək bakteriyaları yoluxduran virusların – “bakteriyofaj”ların genetik quruluşunu sıfırdan dizayn ediblər. Laboratoriya sınaqları zamanı hazırlanmış yüzlərlə virusdan 16-nın canlı bakteriyaları məhv edə bildiyi müşahidə olunub. Araşdırmanın nəticəsinə görə, bu viruslardan bəziləri təbiətdə mövcud olan oxşar növlərindən daha sürətli və təsirli nəticə göstərib.
Tədqiqatçılar süni intellektlə dizayn olunmuş bakteriyofaj viruslarını birləşdirərək hazırladıqları “qarışığın” bəzi davamlı bakteriya növlərini qısa müddətdə təsirsiz hala gətirdiyini müəyyən ediblər. Araşdırma aparan komanda bildirib ki, bu üsul təkcə bakterial infeksiyalarla mübarizədə deyil, gələcəkdə daha mürəkkəb bioloji sistemlərin hazırlanmasında da istifadə oluna bilər.
Qeyd edək ki, E.coli – insan və heyvanların bağırsaqlarında təbii şəkildə olan bakteriya növüdür. Çoxu zərərsizdir və həzmə kömək edir, lakin bəzən ishal, sidik yolu infeksiyası və nadir hallarda daha ciddi xəstəliklərə səbəb ola bilər.

