Icma.az
close
up
RU
Alkoqol qadağası, namus məsələsi... “Bağ mövsümü”nün gizlinləri

Alkoqol qadağası, namus məsələsi... “Bağ mövsümü”nün gizlinləri

Kulis.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu gün bir dövr Azərbaycan kinolarının ulduz aktrisası hesab olunan Xalq artisti Leyla Şıxlinskayanın doğum günüdür.
Kulis.az Leyla xanımı təbrik edir, ona cansağlığı arzulayır və onun da oynadığı Elçinin “Dolça” əsəri əsasında çəkilmiş “Bağ mövsümü” bədii filmi haqqında Sevda Sultanovanın təhlilini təqdim edir.

Filmin süjetinin əsasını Bakı kəndlərindən birində yaşayan Ağababanın ailəsinin həyatı təşkil edir. Avtobus sürücüsü işləyən Ağababa (Həsən Məmmədov) çoxuşaqlı ailənin başçısıdır. Arvadı Ağabacı (Zemfira Sadıqova) ailənin xərcləri çox olduğundan ərindən xahiş edir ki, yay mövsümündə evlərinə kirayə versinlər. Çox çək-çevirdən sonra Ağababa razılaşır. Lakin zəngin kirayənişinlərin qeyri-etik davranışı ailəyə problem yaradır. Və sonda Ağababa onları evindən qovur…

Əlbəttə, həm bədii mətndə, həm Tofiq Tağızadənin 1985-ci ildə ekranlaşdırdığı “Bağ mövsümü” filmində mərkəzi fiqur itdir. Povestdə o, Dolça, filmdə isə Toplan adı ilə təqdim olunur.

Tofiq Tağızadə milli kinematoqrafiyamızda “Arşın mal alan”, “Uzaq sahillərdə”, “Dədə Qorqud”, “Yeddi oğul istərəm” kimi vacib filmlərin müəllifidir. Yetərli kino təcrübəsi olmasına baxmayaraq, “Bağ mövsümü”ndə onun rejissor peşəkarlığı nəzərə çarpmır. Başqa sözlə, “Bağ mövsümü” sıradan, bədii mətnə uduzan primitiv ekran işidir.
Elçinin “Dolça” əsərini uzun illər öncə oxumuşam. Filmi izləyəndən sonra əsərə yenidən qayıtdım, daha doğrusu, ötəri də olsa gözdən keçirdim. Elçin, ümumiyyətlə, milli ədəbiyyatımızda səlis, cilalanmış, özünəməxsus koloritli dili olan yazıçılardandır. Yəni qəhrəmanlarının intim dünyasını, vəziyyətləri xırda detallara qədər anladan cazibədar bədii təsvirləriylə, bəzən yaxşı mənada estetik söz oyunları ilə süjetdən yayınmır, dramaturji gedişat bundan axsamır, əksinə əsas xəttə təkan verərək onu ətə-qana doldurur.

Lakin dediyim kimi Tağızadə kimi peşəkar rejissor əsəri kino dilinə uyğunlaşdıra bilməyib. Birinci səbəb odur ki, gözə girən didaktika (sinfi ziddiyyətlər fonunda kasıb təbəqənin mənəvi üstünlüyünün qabardılmasını nəzərdə tuturam) süjetin tərkibində ərimədiyindən ümumi materialdan qopuq görünür. Digər səbəb filmin uyğun janrda, sturukturda işlənməməsidir. Söhbət nədən gedir? Yazıçı nəfsin mənəvi aşınmaya gətirməsini itdə obrazlaşdırır, bundan başqa nəfs dinlərdə günaha aparan vasitələrdən sayılır. Bu cəhətləri nəzərə alaraq, əhvalatı pritça janrında çəkərək fərqli interpretasiya etmək daha məqsədəuyğun idi. Başqa cür desəm, kino sərhədləri daxilində əhvalat illah da ki, realist manera tələb eləmir. Hətta ssenari (ssenarist Elçindir) əsərin çox pis yığcamlaşdırılmış illüstrasiyası olsa belə, rejissor bu versiyanın arxasınca gedib ssenarini olduğu kimi ekrana köçürməməliydi.

Bütün hallarda ortabab, kəsərsiz, didaktik-pafoslu məişət dramı alınıb. Ekranda namuslu, mühafizəkar və eyni zamanda müəyyən liberal görüşü olan Ağababanın (qızlarına münasibətdə qayğıkeşliyi, təhsillərinə önəm verməsi) zəhmətlə çalışması, mənəvi dəyərləri haqda bəsit bir nəql görürük. Rejissor Ağababanın namusuna o qədər aludə olur ki, hətta arvadının onunla eyni yatağı bölüşməyinə də izn vermir. Hərçənd, ilk səhnələrdən birində biz artıq qadının hamilə olduğunu öyrənirik.

Ekspozisiyadan aydın olur ki, tamaşaçı tərbiyəvi əhəmiyyətli film izləyəcək. Ağababanın Toplanla ilk tanışlığı dəniz sahilində baş verir, ona verilən çörəkdən itin etməsiylə acgöz olmaması xüsusi vurğulanır və Ağababa da itə məhz bu keyfiyyətinə görə meylini salır. Halbuki, elə həmin səhnədə itin gözütoxluğuna işarə vuran, onu ifadə edən təsvir yoxdur. Biz bunu daha çox aktyorun mətinindən öyrənirik. Aktyorun mətni olmasa, təklif olunan görüntülərdən itin həmin anda sadəcə, qarnının tox olduğunu zənn edərik.

Toplan vaxtaşırı ayrı-ayrı kadrların, situasiyaların mərkəzinə gətirilir. Bununla belə, itin baş verən hadisələrdə iştiraklılığı nəzərə çarpmır. Yəni o, bəlli yükü olan funksional personajdan çox, gah ətə umsunan, gah ondan imtina edən, adi it vərdişləriylə yaşayan canlıdır. İtin nəfsinə hakim olması, amma sonradan kababla sınağa çəkilməsi, zəngin intellegentlərin iti öz iradələrinə tabe etmək cəhdlərinin təsvir edildiyi səhnələr səthidir. Vizual həll-yəni bu mübarizədə itin dramının göstərən rakurs-baxış, plan yoxdur. Digər filmlərimizdə olduğu kimi Tağızadə də məhz musiqi (Xəyyam Mirzəzadə) hesabına nəqlə poetik və dramatik ton verməyə çalışır. Amma təbii ki, təsvir yetərsiz olanda Bethovenin də musiqisi köməyə gəlmir.

Rejissor zəngin-kasıb konflikti və ziddiyyətini göstərmək üçün saxta intonasiyalı səhnələr qurub.
Zəngin ailə bağa ilk dəfə gələndə itin onlara hürməsi ilə onun mövqeyi bəyan edilir. Ailənin təkəbbürlü xanımı Əminə (Leyla Şıxlinskaya) itə çımxıran anda Ağababanın uşaqlarının gülüşərək şən ovqatda itlə əylənmələri, və ya çimərlikdə Ağababanın uşaqlarının xoşbəxt, digər ailənin isə bədbəxt tablosunun yaradılması yetərincə əsaslandırılmır və o anda vəziyyət heç bunu tələb eləmir də.
Həmçinin rəssam olmaq istəyən, amma atasının iradəsi ilə başqa peşə seçməyə məcbur edilən zəngin ailənin oğlu Adilin (Elxan Cəfərov) bir neçə dəfə ekranın mərkəzinə gətirilən rişxəndli gülüşünə dramaturji bəraət sonda verilir. Çünki Adil atasının (Səməndər Rzayev) iradəsinin əleyhinə gedərək, rəssamlığı seçir və onun rişxəndinin səbəbi aydınlaşır. Lakin məhz o anda Adilin istehzası vəziyyətinə kameranın fokuslanması ritm, intonasiya, mizan baxımından yamaq kadrdır. Adilin Ağababanın böyük qızı Nailə (Yelena Seropova) ilə sahildəki görüşü epizodu da tamamlanmayıb.

Ağabacı obrazını oynamaq üçün Elmira Şabanova, Səfurə İbrahimova da sınaqdan keçirilib. Tağızadə bu rolda Səfurə İbrahimovanı görmək istəsə də Bədii Şura Zemfira Sadıqovanın üzərində dayanıb. Ağababa roluna isə Şahmar Ələkbərov və Əlabbas Qədirov dəvət olunur, amma rola göründüyü kimi Həsən Məmmədov çəkilir.

Zemfira Sadıqova müsahibələrindən birində qeyd edir ki, Tağızadə onu filmə çəkmək istəmirmiş: “Mənim oynadığım hissələrin çoxunu filmdən çıxartdı. Amma Leyla Şıxlinskayanın çox kiçik bir rolu olmasına baxmayaraq, rejissor onun üçün ssenaridə olmayan əlavə səhnələr yazdı. Leyla Şıxlinskayanın yarıçılpaq şəkildə yataqda uzanıb qadınlara məsləhət verdiyi səhnə ssenaridə yox idi. Onu ayrıca Leyla üçün yazmışdılar. Qızıl-zinət əşyaları taxdığı yer də sonradan artırılmışdı. Bir sözlə, film həm çox kəsilib, eyni zamanda çox da əlavə kadrlar var. Tağızadə filmi o qədər kəsdi ki, 90 dəqiqəlik nəzərdə tutulan film 75 dəqiqə oldu”.

Ulduzə Qaraqızının “Azərbaycan filmlərinin yaranma tarixi” kitabında qeyd olunub ki, qonşu Əmirqulu (Ramiz Əzizbəyli) içki düşkünü kimi verilməliymiş. Lakin o dövrdə SSRİ-də alkoqol əleyhinə mübarizə başlandığı üçün bu obraz şahmat oyununun düşkünü kimi verilir. Hətta sonda arvadı Xeyransanı (Nuriyyə Əhmədova) da şahmat oyununun əsirinə çevirir.

Moskvadan gətirilən it isə xüsusi təlim görmüşdü.

"Azərbaycanfilm" kinostudiyasında istehsal edilən “Bağ mövsümü”nün çəkilişləri əsasən Mərdəkanda və Cəfər Cabbarlı adına Kinostudiyanın pavilyonunda baş tutub.

Filmin operatoru Elxan Əliyev, rəssamı Kamil Nəcəfzadədir.

“36 dramatik vəziyyət” davam edir Bu gün “Avroviziya 2025”-in ikinci yarımfinalıdır "Öləndə də belə öləsən e..." – Fəxri Xiyabandan REPORTAJ
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://kulis.az
archiveBu xəbər 12 İyun 2025 10:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaşmada sex yandı

13 Sentyabr 2025 10:49see143

Avtomobil 1 həftə və ya daha çox sürülməsə hansı problemlər yaranır?

13 Sentyabr 2025 20:02see134

KİV: Mossad Qətərdə HƏMAS rəhbərlərinə qarşı yerüstü əməliyyatdan imtina edib

14 Sentyabr 2025 01:26see131

Zərərli qidalar beynin fəaliyyətinə mənfi təsir göstərə bilər (ARAŞDIRMA)

13 Sentyabr 2025 23:14see128

Gizli tarix üzə çıxdı: Girişi torpaqla örtülübmüş

14 Sentyabr 2025 02:07see125

Xəzər dənizində qasırğa müşahidə edildi VİDEO

14 Sentyabr 2025 01:25see124

Mövsümün sonunda Mançester Siti dən ayrılacaq

14 Sentyabr 2025 16:59see123

İlham Əliyev Hadrut qəsəbəsində olub FOTOLAR KONKRET

14 Sentyabr 2025 13:43see123

Beşiktaş Musayevi istəyir

14 Sentyabr 2025 13:49see122

Ekspert: Aİ və NATO da heç kim Ukraynaya qoşun göndərməyə hazır deyil

13 Sentyabr 2025 08:37see122

Bolqarıstanlılar avronun qəbul edilməsinə etiraz edir

14 Sentyabr 2025 05:22see121

Türkiyəli nazir müavini: Kültür yolu festivalı çərçivəsində Azərbaycanla əməkdaşlıq edəcəyik

14 Sentyabr 2025 12:49see121

“Benfika” “Qarabağ” matçında söz sahibi o olacaq

14 Sentyabr 2025 13:47see120

Real ın oyunçusuna qırmızı verən hakim cəzalandırılacaq

14 Sentyabr 2025 17:05see119

Sülhə aparan yol, yoxsa kabusların vurnuxması?

13 Sentyabr 2025 10:05see118

Bu il Türkiyədən Azərbaycana nə qədər pal paltar idxal olunub?

13 Sentyabr 2025 20:17see117

Yaşlanma əleyhinə inyeksiya

14 Sentyabr 2025 20:01see116

Aysel hovuz kənarından FOTOlarını yaydı

14 Sentyabr 2025 03:04see116

Ermənistan Ağrıdağı SİLDİ FOTO

14 Sentyabr 2025 13:04see115

Niderlandda Üzeyir Hacıbəylinin 140 illik yubileyi qeyd olunub

14 Sentyabr 2025 03:08see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri