Almaniya QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fonda bir milyard avro ödəyəcək
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Berlin, 12 oktyabr, AZƏRTAC
Almaniya hökuməti QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fonda qarşıdakı üç il ərzində 1 milyard avro ödəyəcək.
AZƏRTAC xəbər verir ki, bunu Almaniyanın iqtisadi əməkdaşlıq və inkişaf naziri Reem Alabali-Radovan Berlində keçirilən Ümumdünya Səhiyyə Sammitinin açılışında bildirib. Nazir vurğulayıb ki, Almaniya bununla insanları xəstəliklərdən qorumaq səylərini davam etdirəcəyinə dair mesaj verir. İnfeksion xəstəliklərə qarşı mübarizə təkcə humanitar məsələ deyil, həm də məntiqi zərurətdir, çünki xəstəliklər sərhəd tanımır.
Qlobal Fonda edilən ödənişlər Almaniyanın infeksion xəstəliklərlə beynəlxalq mübarizəyə ayırdığı ən böyük ianələrdəndir. 2002-ci ildə yaradılan Qlobal Fond QİÇS, vərəm və malyariya ilə mübarizədə kasıb ölkələr üçün ən böyük beynəlxalq maliyyə mexanizmidir. Fond hökumətlər, fondlar və özəl donorların vəsaiti ilə maliyyələşir. Qlobal Fondun son hesabatına görə, 2023-cü ildə dünyada 1,3 milyon insan vərəmdən, 630 min nəfər isə HIV səbəbindən dünyasını dəyişib.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin


