Icma.az
close
up
RU
Anadır arzulara hər zaman Qarabağ ...

Anadır arzulara hər zaman Qarabağ ...

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İlqar TAĞIYEV

Dünən UEFA Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin bir neçə cavab oyunu keçirildi. Bu gün isə 20:00-da "Qarabağ" Tofiq Bəhramov adına Respublika Stadionunda İrlandiyanın "Şelburn" komandasını qəbul edəcək. Səfərdə 3:0 hesabı ilə qalib gələn Ağdam təmsilçisinin mərhələni keçəcəyi kimdəsə şübhə doğurmur. Cümə axşamı isə 3 komandamız UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab görüşünə çıxacaq. 20:00-da "Sabah" Moldova "Petrokub"unu qəbul edəcək. "Araz-Naxçıvan" Yunanıstanda "Aris"in, "Zirə" isə Xorvatiyada "Hayduk"un qonağı olacaq. Oyunlar uyğun olaraq, Bakı vaxtı ilə 22:15 və 23:00-da başlayacaq. 

"Sabah"ın Avropa Liqasının 1-ci təsnifat mərhələsində Sloveniya "Selye"si ilə oyunlarını (2:3, 3:3) nəzərə almasaq, təmsilçilərimizin builki çıxışı sadəcə, möhtəşəmdir. Komandalarımızın hamısının növbəti mərhələyə yüksəlməsi realdır. "Qarabağ" və "Sabah" ilk oyunda bunun öhdəsindən böyük ölçüdə gəliblərsə, "Zirə" və "Araz-Naxçıvan" bir qədər də əziyyət çəkməli olacaqlar. Vəziyyəti bir qədər "xırdalayaq"...

"Qarabağ" - "Şelbrun" matçının kağız üzərində favoriti hələ ilk oyundan əvvəl komandamız göstərilirdi. Ehtimallar doğruldu və təmsilçimiz Dublindəki xudmani "Tolka Park"da rəqibindən bütün komponentlərdə üstün oldu. Səviyyə hesabda da əksini tapdı. Amma oyunu izləyənlər yəqin ki, mənimlə razılaşarlar - "Şelburn" zaman-zaman, əsas da ikinci hissənin əvvəllərində 100 faizli qol epizodu yaratmasa belə, "Qarabağ"a çətin anlar yaşatdı. Yaxşı ki, komandamız təzyiqə, ardıcıl hücumlara tab gətirdi və bu, oyunun haradasa qırılma nöqtəsi idi. Ümumiyyətlə, bütün komandalar, o cümlədən, adlı-sanlıları istənilən oyunun gedişində rəqibə oynamaq, özünü göstərmək üçün istər-istəməz şərait yaradır. Bu dəfə də belə oldu. Hər halda futbolçu keyfiyyəti və avrokubok təcrübəsi sözünü dedi və basqı altında olmasına baxmayaraq, "Qarabağ" matçın sonuna doğru daha 2 qol vuraraq cütün taleyini böyük ölçüdə həll etdi. Bu, həm də o deməkdir ki, Ağdam təmsilçisi bugünkü cavab oyununda özünə sərf edəcək nəticə qazanarsa, ən azı UEFA Konfrans Liqasının Liqa mərhələsinə vəsiqəni təmin edəcək.

Amma istəyimiz başqadır. Hamı "Qarabağ"ı Çempionlar Liqasının Liqa mərhələsində görmək istəyir. 3-cü təsnifat mərhələsində "Qarabağ" FCSB (Rumıniya) - "Şkendiya" (Şimali Makedoniya) cütünün qalibi ilə qarşılaşacaq. İlk oyunda makedoniyalılar 1:0 hesabı ilə qalib gəliblər. Cavab oyunu bu gün 21:30-da başlayacaq. İlk baxışda "Şkendiya"nın daha münasib rəqib olduğu görünür. Amma fərq etməz. Kimliyindən asılı olmayaraq, hər iki komanda "Qarabağ"ın "dişinə" görədir. Pley-offda isə... Bu haqda komandamız pley-offa yüksələndə danışarıq. Onsuz, potensial rəqiblərin adı məlum deyil.

"Şelburn"la səfərdəki oyuna qayıdaq. Böyük hesablı qələbəyə rəğmən, komandamızın oyununda müəyyən çatışmazlıqlar hiss olundu. Onlardan ən əsası hücumla bağlıdır. 3 qol vurmağımıza baxmayaraq, "Qarabağ" birmənalı olaraq hücum xəttini gücləndirməlidir. Bu mövqedə Qurban Qurbanovun sərəncamında Azərbaycan çapı üçün yetərincə kadr var. Gəl ki, avrokuboklar üçün Juninyo səviyyəsində 1 və ya 2 hücumçunun olması mütləqdir. Yəqin ki, "mətbəx"ə hamımızdan yaxşı bələd olan Qurban müəllim vəziyyətin fərqindədir və  Liqa mərhələsinə kimi həmin vacib transferləri reallaşdıracaq.

Yeri gəlmişkən, yeni transferlərdən Pedro Bikalyo və Dano Bolt "Tolka Park"da heç də pis təsir bağışlamadı. Komandaya yeni qoşulublar, uyğunlaşmaq üçün zaman lazımdır. Yadımdadır, son bir neçə mövsüm "Qarabağ"ın aparıcı üzvlərinə çevrilmiş Marko Yankoviç və Yassin Benzia komandaya yeni qoşulanda eyni problemlə üzləşmişdilər. Amma hər iki futbolçu qısa zamanda uyğunlaşma prosesini uğurla keçdi və gerisi məlumdur. Kris Kuaku və Sami Mmaee hələ iş başında olmadığından, onlar haqqında fikir bildirmək düz çıxmaz. Başqa bir nəzərəçarpacaq məqam - ötən mövsüm cinahda zəif təsir bağışlayan Emmanuel Addai "Şelburn"la oyunda meydanın mərkəzində, hücumçunun arxasında yer almışdı və fikrimcə, çox yaxşı çıxış etdi. Deyəsən, baş məşqçi Addai üçün münasib yer tapıb. Qurbanovun futbolçularının mövqeyini dəyişməsi birinci dəfə deyil ki. Məsələn, komandaya cinah müdafiəçisi kimi gətirilən Mateus Silva indi stopper kimi komandaya daha çox xeyir verir. Buna deyərlər məşqçi işi...

1-2 kəlmə də bugünkü oyun barədə. Qarşılaşmanı italiyalı hakimlər briqadası idarə edəcək. Əsas söz sahibi 34 yaşlı Andrea Kolombo olacaq. Köməkçilərinin adını yazmıram, onsuz da tanımırıq və heç nəyi dəyişmir. Oyuna azarkeş marağı yüksəkdir. Klubun sözçüsü Anar Hacıyevdən dünən axşam aldığımız məlumata görə, 20 min civarında bilet satılıb və oyun başlayana kimi göstərici artacaq. Zədəlilərə gəlincə, Marko Yankoviç və Dani Bolt bu oyunu buraxacaq. Ümumiyyətlə, "Qarabağ" bu gün ikinci heyətlə belə "Şelburn" səddini keçməyə qadirdir. Bu mənada kimin oyunu buraxacağı əhəmiyyətli deyil. Vacib olan aparıcı futbolçuların zədələnməməsi və vərəqələrdən uzaq olmasıdır.

Sabahkı oyunlar barədə... İlk olaraq 20.00-dan etibarən "Sabah" - "Petrokub" oyununu izləyəcəyik. "Sabah"la da bağlı hazırkı vəziyyət ürəkaçandır. Moldovada rəqibini 2 cavabsız qolla məğlub etmək böyük üstünlükdür. Heyətdə zədəli və cəzalı futbolçu yoxdur. Qeyri-adi bir hadisə baş verməsə, "Sabah" UEFA Konfrans Liqasının 3-cü mərhələsinə yüksələcək. Özümüzü aldatmayaq, bunu bəlkə klub rəsmiləri də etiraf edərlər, komandanın Liqa mərhələsinə düşməsi inandırıcı deyil. Çünki... Birincisi, bu mərhələni keçəcəyi təqdirdə komandamız Avropa Liqasında mübarizə aparan "Braqa" (Portuqaliya) - "Levski" (Sofiya, Bolqarıstan) cütünün məğlubu ilə qarşılaşacaq. Hər ikisi kifayət qədər qəliz rəqibdir. Bu cütlüyün Sofiyadakı ilk oyununda "Levski" 1:0 hesabı ilə qalib gəlib. Seçmək imkanı olsaydı, bolqarlar daha münasib rəqibdir. Əslində, indiki imkanlarla "Sabah" həm "Braqa"nı, həm də "Levski"ni keçə bilər. Bunun üçün komandanın "top"u da var, "topxana"sı da. Sadəcə, bir az bəxt də lazımdır. Fikrimcə, bu haqda "Petrokub"la cavab oyunundan sonra ətraflı müzakirə daha doğru olar.

Yeri gəlmişkən, oyun günü 8.700 yerlik "Əlincə" stadionunda boş yer tapmaq çətin olacaq. Dünənə olan məlumata görə, 4 min bilet satılıb.

Digər təmsilçilərimizlə müqayisədə "Zirə"nin vəziyyəti bir qədər çətin görünür. Evdə "Hayduk"la 1:1-lik heç-heçəni əlverişli saymaq olmaz. Üstəlik, "Hayduk" "top" olmasa da, Avropada az-çox hörməti olan klubdur. Zarafat deyil, 114 yaşı var. "Zirə" Splitdə təkcə "Hayduk"a qarşı deyil, şəhər stadionunu dolduracaq 34 min azarkeşə qarşı da sözün həqiqi mənasında döyüşməlidir. Futbolçularımız döyüşdən "salamat" çıxacaqlar? Mümkündür! Birincisi, komandamız oturuşmuş heyətə malikdir, öz oyununu sərgiləyir. İkincisi, Bakıdakı oyun göstərdi ki, rəqib keçilməz deyil. Səfərdə olsa belə, "Hayduk"u məğlub etmək olar. Üçüncüsü, Rəşad Sadıqov amili. İstər futbolçu, istərsə də məşqçi kimi Rəşad Sadıqov dəfələrlə belə oyunların iştirakçısı olub və bu mənada təcrübəsi sayəsində futbolçularını oyuna kökləyə biləcək.

Amma qanqaraldıcı məqam da var. Komandanın yeni transferi, ilk oyunun qəhrəmanlarından olan Brahim Konate Xorvatiyaya aparılmayıb. Səbəbsə, Bakıdakı qarşılaşmada zədələnməsidir. Məhz Konatenin məcburi əvəzlənməsindən sonra "Zirə"nin orta xəttində bir qədər zəifləmə müşahidə etmişdik. Konatedən savayı, stopper Anje Mutsinzi də bu oyunu buraxacaq. Sənədlərində olan problemə görə Xorvatiya səfirliyi ona viza verməyib.

Yeri gəlmişkən, "Zirə" sabah axşam bizi sevindirsə, 3-cü təsnifat mərhələsində "Dinamo Siti" (Albaniya) - "Atletik Klub Eskaldes" (Andorra) cütünün qalibi ilə qarşılaşacaq. Bu komandalar arasında Andorrada keçirilən ilk oyunda albanlar 2:1 hesabı ilə qalib gəliblər. Güman ki, iki oyunun nəticəsinə görə sevinən tərəf də albanlar olacaq. Amma fərq etməz, hər ikisi növbəti mərhələ üçün münasib rəqibdir.

Nəhayət, 2 abzas da "Araz-Naxçıvan" haqqında. "Aris"lə Bakıdakı oyundan zövq almamaq mümkün deyildi. Təmsilçimizin oyununa, Elmar Baxşiyevin işinə alqış düşür. Bütün komponentlərdə rəqibdən üstün olan Naxçıvan klubunun mərhələ adlayacağına inam böyükdür. Komandanın heyəti xeyli gücləndirilib. Üstəlik, transfer edilən futbolçular xeyli təcrübəlidir. Hamidu Keyta və Patrik Andradeni xüsusilə qeyd etmək lazımdır. Bu heyətlə "Araz-Naxçıvan" Liqa mərhələsinə düşsə, kimsə təəccüblənməsin. Söz düşmüşkən, komandamız Yunanıstandan mərhələ adlayaraq qayıtsa, 3-cü təsnifatda "Torpedo" (Kutaisi, Gürcüstan) - "Omoniya" (Kipr) cütünün qalibi ilə qarşılaşacaq. Kiprdəki oyunda meydan sahibləri 1:0 hesabı ilə qələbə qazanıblar.

Tərifləmək öz yerində, haqlarıdır, amma bir məqamla bağlı tənqid də yerinə düşər. Yəqin ki, Elman Baxşıyev də fərqindədir, futbolçuların meydandakı nizam-intizamı çox aşağıdır. "Aris"lə ilk oyunda 8 xəbərdarlıq buna sübutdur. Razıyam, bunların bir hissəsi oyun epizodlarında "qazanılan" xəbərdarlıqlardır. Amma yersiz "sarılar" da var axı. Əgər bu tendensiya davam edərsə, vay halına! Bu üzdən Baxşıyevin vaxtında müəyyən tədbirlər görməsi vacibdir. Yersiz "qırmızı" nəinki komandanı çətin duruma sala, hətta bütöv bir turnirdən kənar qoya bilər.

4 komandamızdan neçəsinin növbəti mərhələyə adlayacağı iyulun son günü bilinəcək. İnanırıq ki, avqusta hamısı "sağ-salamat" çıxacaq. Qısası, "hər şey yaxşı olacaq"!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://525.az
archiveBu xəbər 30 İyul 2025 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see284

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see268

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see254

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see224

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see204

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see203

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see202

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see190

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see188

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see186

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see180

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see173

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri