ANAMA əməkdaşının öldüyü hadisə ilə bağlı hökm oxundu
Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.
Füzulidə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşlarının düşdüyü yol qəzası ilə bağlı məhkəmə prosesi başa çatıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, “BMW” markalı avtomobillə qəza törədən ANAMA-nın Horadiz şəhər bazasında bölmə rəhbəri vəzifəsində işləyən 30 yaşlı Samir Qəhrəmanova hökm oxunub. Məhkəmə onu Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilib.
Qeyd edilib ki, hadisə ötən il dekabrın 9-u rayonun Arayatlı kəndi ərazisində səhər saat 06:30 radələrində ANAMA əməkdaşları işə gedərkən baş verib. S.Qəhrəmanov sükan arxasında yuxuladığından idarə etdiyi avtomobil yoldan çıxaraq aşıb. Nəticədə onun iş yoldaşı 1990-ci il təvəllüdlü Mustafa Qasımov aldığı xəsarətlər nəticəsində hadisədən 6 gün sonra xəstəxanada vəfat edib.
Qurumun digər əməkdaşı 2000-ci il təvəllüdlü Ramiz Bəylərzadə və sürücü isə müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhər Mərkəzi Klinikasına yerləşdirilib.
Füzuli Rayon Məhkəməsinin hökmü ilə Samir Qəhrəmanova 3 il 4 ay azadlıqdan məhrumetmə cəzası və 22 ay müddətinə sürücülük hüququnun məhdudlaşdırılması cəzası verilib. Cəzanın məntəqə tipli müəssisədə çəkilməsi qeyd edilib.
Fotoda: Mustafa Qasımov



