Icma.az
close
up
RU
“Anamgil xəstəxanalarda, morqlarda məni axtarıblar“ “Fred Asif“in oğlu

“Anamgil xəstəxanalarda, morqlarda məni axtarıblar“ “Fred Asif“in oğlu

Icma.az, Moderator-ə istinadən, məlumatı açıqlayır.

Azərbaycanın Milli Qəhrəmanı, xalq arasında “Fred Asif” kimi tanınan Asif Məhərrəmovun oğlu Azər Məhərrəmov qol güləşi üzrə 7 dəfə Avropa və dünya çempionu olub.

Moderator.az musavat.com-a istinadən onunla müsahibəni təqdim edir:

 -Uzun illər idi ki, Rusiyada yaşayırdınız. Nə əcəb vətənə dönməyə qərar verdiniz?

-Vətənə dönmək zamanı idi. Azərbaycanda Bodibildinq və Fitnes Federasiyasının vitse-prezidentiyəm.  İl yarımdır ki, Azərbaycanda qol güləşini (armrestinq) inkişaf etdiririk. Bu müddət ərzində yaxşı idmançılar yetişdirmişik. Avropa və dünya çempionlarımız var. 2025-ci ildə qol güləşi üzrə dünya çempionatını Azərbaycanda keçirəcəyik. Bu idmana dövlət dəstək göstərir. Xərclərimiz Gənclər və İdman Nazirliyi tərəfindən qarşılanır. Əvəllər isə öz hesabımıza yarışlara qatılırdıq.

-Həmişə idmanla məşğul olmusunuz? Başqa peşəniz, işiniz olmayıb?

-Uşaqlıqdan idman edirəm. Birinci Qarabağ müharibəsində 16 yaşım var idi, özümdən ağır top mərmilərini qaldırırdım. 1994-cü ildən isə mütəmadi idmanla məşğulam.

-Dediniz, Ağdamda top mərmilərini qaldırırdınız. Döyüşçülərə kömək edirdiniz?

-Biz müharibə uşaqları olmuşuq. Ümumiyyətlə, uşaqlıq nədir bilməmişik, vaxtından əvvəl böyümüşük. 12-13 yaşlarımdan hər gün güllə, top səsləri eşidirdim. Silahla, mərmi ilə oynayırdıq. Postda durub növbə çəkirdik. Qarağacı qəbiristanlığında “çobanqara”, daha sonra “subartezian” deyilən yerdə postda dururduq. "Ala Yaqub"un batalyonu yerləşən yerdə növbə çəkirdik. Müəllimimiz Namiq bəy top atırdı, biz də ona kömək edirdik. Xoramurd döyüşü, Əsgərana hücumlar-hamısı yadımdadır. Qaraqayanı bizim batalyon ermənilərdən azad etdi ki, xocalılar çıxa bilsin. Oranı alanda 17-yə yaxın şəhid verdik. 40-a yaxın da yaralımız oldu. Həmin yolla 600-ə yaxın insan çıxdı. Bakıda müharibə 1991-1992-ci ildən hiss olunurdusa, biz artıq 1989-cu ildən müharibə şəraitində yaşayırdıq.

-Atanız yeniyetmə yaşınızdan döyüşlərə atılmağınıza necə münasibət göstərirdi?

-Buna görə evdə çox danlanmışam, hətta döyülmüşəm. Bəzən xəlvətcə gedirdim. Evin tək uşağı idim deyə anam narahat qalırdı. O vaxt bütün uşaqlar döyüşə atılırdı. Mənim bir çox sinif yoldaşım Qarabağ əlilidir.

-Atanız da bütün günü döyüşlərdə olurdu. Yəqin onu elə də çox görməmisiniz?

-Doğrudur, onunla çox az vaxt keçirmişəm. Çox ciddi adam idi. O, evdə olanda milçəyin də səsi eşidilirdi. Tək mən yox, hamı ondan çəkinirdi. Onun həyatı sərt keçmişdi, xasiyyəti tünd idi, o evdə olanda gərək, oturuşuna-duruşuna fikir verəsən. İdmana həvəs elə atamdan keçib. Mənə jim etdirirdi. 

-Ağdamdan çıxdığınız günü xatırlayırsınız?

-Həmin gün mən Ağdamda deyildim... Ondan bir neçə ay öncə qaçıb döyüşlərə qoşulmuşdum. Xoramudda döyüşlərdə iştirak edirdim. Sonra Naxçivanikdə mühasirəyə düşən əsgərləri xilas etmək üçün bizi oraya apardılar. Evdən isə məni axtarırdılar. Naxçivanikdə ferma var idi, oradakı təpədən top mərmisi atırdıq. O zamanki toplar başqa cür idi. İndikilərdən fərqlənirdi. Onun “ruçkasını” fırlatdım, axıra çatanda pulemyotla vurdular, qəlpələr dəmirlərə dəydi. Bu an “ruçka” əlimdən çıxıb ayağıma dəydi, təpədən aşağı yumalandım. Yoldaşlarım elə bildi ki, yaralanamışam. Məni zorla maşına qoyub apardılar. Yolda başa saldım ki, yaralı deyiləm, sadəcə yıxılmışam. Kimsə bizim evə xəbər verib ki, Azəri “Naxçivanik”də yaralayıblar. Anamgil xəstəxanalarda, morqlarda məni axtarıblar. Beləliklə, məni qonşumuz gəlib tapdı və evimizə apardı. Həmin vaxt Əhmədavar kəndində yaşayırdıq. Evə çatanda gördüm ki, 30-40 arvad yığışıb mənə yas tutur. Dedim, nə yaxşı arvadlar bizə gəlib, qoymayacaqlar anamgil məni döysün. İçəri girən kimi arvadlar cumdu üstümə, o ki var məni çırpdılar. Rəhmətlik anam isə otağa salıb babat döydü, məni onun əlindən xalam aldı. Atam döyüşdə idi, bu məsələdən xəbəri olmadı. Həmin vaxt dayım Rusiyadan gəlmişdi. Yenidən qaçmayım deyə o, məni özü ilə götürüb Rusiyaya apardı. O da bir neçə dəfə ordumuz üçün silah gətirmişdi, köməklik edirdi.  Orada 3-4 ay qaldım, sonra dedim, mən evimizə geri dönmək istəyirəm. Biz Bakıya qayıdanda öyrəndim ki, Ağdam işğal olunub. Qohumlarımızın yarısı Bərdədə, yarısı Bakıda, Şəkidə idi.

-Beləliklə, Bakı həyatı və atasız günlər başladı...

- Atam Ağdamın işğalından sonra çox yaşamadı. Onu Yaltaya müalicəyə apardılar, çox ağrıyırdı. Getməmişdən öncə mənə dedi, hərbçi olsan, yaxşı olar.Elə ora çatan günü rəhmətə getdi. Onun cənazəsini Ulu öndər Heydər Əliyevin təyyarəsi ilə gətirdilər... Bakıda yaşamaq asan olmadı. Bizi dövlətin balansında olan evə yerləşdirdilər. İndi də həmin evdə qalıram, amma mənim adıma deyil...Beləliklə, Azərbaycanda idmanla məşğul olmağa başladım. Öz hesabıma yarışlara qatıldım. Lakin maddi durumuma görə irəli gedə bilmədim. Bəzən elə olurdu ki, zala getmək üçün heç yol pulum olmurdu. Çox çətinliklə dolanırdıq. 1999-cu ildə Rusiyaya getməyə məcbur oldum. Dayımın yanında işləməyə başladım. Müəyyən müddətdən sonra yenə vətənə geri döndüm. Amma maddi vəziyyət məni yenidən Rusiyaya qayıtmağa məcbur etdi. Beləliklə, uzun müddət Xabarovskidə yaşamağa başladım. Orada idmanla məşğul olurdum. “Dalnıy Vostok”un 8 dəfə çempionu oldum. Ruslar mənə kafelər vermişdilər, onları kirayə verib pul qazanırdım. Bu jesti ona görə edirdilər ki, Xabarovskinin adını ucaldırdım. Daha sonra mənə dünya çempionatında iştirak etməyi təklif etdilər. Bunun üçün isə Azərbaycan vətəndaşlığından imtina edib, Rusiya vətəndaşı olmalı idim. Mən bunu qəbul etmədim. Nəslim, köküm Azərbaycandan ötrü bu qədər döyüşüb, qan töküb, şəhid olub, indi mən durub vətəndaşlıqdan imtina edim?!

Vətəndaşlıq təklifindən imtina edəndən sonra Rusiyada problemlər yaşamağa başladım. Acığa düşüb məni Rusiyadan deportasiya etdilər, kafeləri əlimdən aldılar. Ondan sonra Azərbaycana gəldim, buradakı qızıllarımızı satdım, dolandım. Bir müddət sonra yenə Rusiyaya qayıtdım. Orada 5 ilə yaxın yaşayandan sonra qəti qərar verdim ki, Azərbaycana qayıdım və daima burada yaşayım. Nə qədər qürbətdə yaşamaq olardı. Torpaq adamı çəkir.  

Vətəndə də problemlərim oldu. Yarışlara çıxmağa imkan vermirdilər. Dünya çempionatına gedəndə çətinliklər yaşadım. Əvvəlki federasiya rəhbərinin idmandan anlayışı yox idi, yaxşı idmançıları işdən soyudurdu. Mən idman zalı açdım, qol güləşini inkişaf etdirməyə başladım. Keçmiş Avropa və dünya çempionlarını başıma yığdım və atamın adını daşıyan “Fred sport” klubunu yaratdım. Bir il ərzində qol güləşi idmanını dirçəltdim. Fərid Qayıbov vəzifəyə gələndən sonra bizi qəbul etdi, fikirlərimizi bildirdik. Nazir bizə şərait yaratdı, yenidən seçkilər keçirildi və mən vitse-prezident seçildim. Komandam qızıl medal sayına görə Avropa çempionatında birinci yerə çıxdı. 12 idmançı 18 medal gətirdi. 

-Ananız Ağdamın azad olunmasını gördü?

-2017-ci ildə vəfat etdi, görə bilmədi. Mən özüm isə Vətən müharibəsində döyüşlər gedə-gedə əsgərlərimizə yardımlar aparırdım. Bizim nəsildən hər iki müharibədə çox adamın qanı tökülüb. Əmilərim Qarabağı əllərinin içi kimi tanıyırlar. Onlar müharibədə əsgərlərimizə bu məsələdə kömək edirdilər.

Mən azad olunandan sonra Ağdama getdim, evimizin olduğu küçədə dayandım, amma evimizi tapa bilmədim. 10 dəqiqə ora-bura baxdım.  Sonra gözümə babamgilin köhnə çəpəri dəydi. Onu görəndən sonra bildim ki, mən öz evimizin ortasında dayanmışam. Bizim evi ermənilər söküb aparmışdılar. Mən otağın birinə top mərmisi, BMP mərmisi, pulemyot patronları yığmışdım. Ola bilsin ki, erməniləri bu da qorxudub. 

15 il bundan öncə Ağdam icra hakimiyyətindən zəng edib dedilər ki, sənə Quzanlıda 3 otaqlı ev veririk. Dedim, mənim evim Ağdam şəhərindədir, götürmədim.

-Atanızın “Milli Qəhrəman” adının hansısa faydasını gördünüzmü?

-Əksinə atamın adı olduğu üçün çox şeyi edə bilmədim, dedim, onun təmiz adı olub. Bu ada bütün var-dövlət, mülk qurban olsun. Onun bir sözü var idi, deyirdi ki, mən sizə təmiz ad qoydum, çalışın ləkə salmayın. Biz var-dövlət dalınca qaçmamışıq. Ona sağlığında Milli Qəhrəman adını vermək istəyirdilər, lakin atam bundan imtina edirdi. Deyirdi, torpağəm erməninin işğalında qalıb, Milli Qəhrəman adı almaq nəyisə dəyişəcək.Vəfat edəndən sonra ikinci dəfə bu adı verdilər.          

-Fred adının tarixçəsi nəyə bağlıdır?

-"Fred" ləqəbini ona 16 yaş olanda yoldaşları Ağdamın "Dostluq" kinoteatrında nümayiş olunan Danimarkanın "Birinci vur, Fred" filminin əsas qəhrəmanının şərəfinə veriblər. Bu obraz xeyirxah, kasıbın arxasında duran insanı canlandırırmış.

Şəhər uşaqları 4-5 nəfər kənd uşağının üstünə gəlib onu döyürmüşlər. Atam da ayağa qalxıb, onları döyüb. Bu zaman camaat qışqırıb ki, “Fred, vur”.  Elə o vaxtdan bu adı ona veriblər. 

-PAL Vanderra çempionatında Ukraynanı təmsil edən erməni idmançı Hevorx Muradyan üzərində qələbə qazanmışdınız. Bildirmişdiniz ki, bu yarışa sırf erməni idmançını məğlub etmək üçün çıxmışdınız...

- Bu yarışa Avropa və dünya çempionları qatılmışdı. Mənə bu haqda yarışın başlanmasına 25 gün qalmış məlumat verdilər. Həm xəstə olduğuma, həm də hazırlaşmadığıma görə görüşdən imtina etmək fikrindəydim. Erməni olmasaydı, getməyəcəkdim. Düşündüm ki, “ermənidən qorxub gəlmədi” deyərlər, ona görə də mütləq iştirak etmək lazımdır. Və Ukraynaya yollandım. Orada olanda xəbər tutdum ki, Hevorx dörd ay imiş ki, mənim yarışlarıma baxıb, məşq edirmiş. Əvvəlcədən mənimlə görüşə hazırlaşırmış. Amma bütün planlarını alt-üst etdim. Onun üzərində qələbə çaldım və dedim ki, zəifsən, get bir az da məşq elə. Rəqibimiz güclü ola bilər. Ancaq biz yarışlara çıxanda ermənilərin törətdiklərini yada salıb güləşirik. Bu, bizi bir az da güclü edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az-ı izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://moderator.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ramazan ayının başlanması ilə bağlı fətva verilib – bilməli olduğunuz məqamlar

27 Fevral 2025 13:45see223

Xocalı soyqırımı Fotolarda

26 Fevral 2025 13:16see215

Tədqiqatçılar danışıq qabiliyyəti ilə əlaqəli yeni gen variantı aşkarlayıblar

26 Fevral 2025 03:34see139

Xaçatryanın Rusiyada qeyri adi sərgüzəti: 150 avtomobili icarəyə götürdü və...

26 Fevral 2025 13:37see130

Dövlət informasiya resurslarına kütləvi kiberhücumlar...

26 Fevral 2025 16:21see126

Fənərbaxça bütün matçlarda əcnəbi hakimlər tələb edib

27 Fevral 2025 01:05see126

Estetik əməliyyatın gizli riski Psixiatrdan VACİB AÇIQLAMA

26 Fevral 2025 16:55see125

Rusiyada Putinin qərarlarına kim daha çox təsir edə bilir? Budanov

27 Fevral 2025 16:37see121

Rusiya ABŞ a təklif: İşğal qənimətlərinə şərik edir

27 Fevral 2025 01:52see120

Hakan Fidan: Türkiyə həmişə olduğu kimi, sevimli Azərbaycanımızın yanındadır

26 Fevral 2025 13:32see119

ADU da Xocalı faciəsinə həsr olunan anım tədbiri keçirildi

27 Fevral 2025 02:16see118

ABŞ NATO dakı tərəfdaşlarına vəsait ayrılması üçün şərtini açıqlayıb

26 Fevral 2025 18:33see117

Müğənninin ailəsində faciə ÖLƏNLƏR VAR

26 Fevral 2025 07:10see114

Kloze Mahir Emreli barədə: Ona dedim ki, hamı kimi özünü sübut edə bilər

27 Fevral 2025 12:17see113

Bu şəxslərə səyahət qadağası QOYULDU

27 Fevral 2025 16:58see113

Naxçıvan və Xaçmaza yeni qazılar təyin edilib

27 Fevral 2025 16:28see112

Bağırsaq xərçənginin insanın üzündə görünən əlaməti

27 Fevral 2025 16:13see112

Bakı Dövlət Universitetinin professoru vəfat etdi

26 Fevral 2025 13:10see111

Misirlə Körfəz ərəb ölkələri elektrik şəbəkələrini birləşdirirlər

27 Fevral 2025 19:55see111

KİV: Zelenski Trampla görüşmək üçün Vaşinqtona səfər etməyi planlaşdırır

26 Fevral 2025 03:10see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri