Icma.az
close
up
RU
Anar: Sözün açığı, mən də razı olardım, amma Yusif bunu etmədi Müsahibə

Anar: Sözün açığı, mən də razı olardım, amma Yusif bunu etmədi Müsahibə

Kulis.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Hər il dekabrın 31-i televiziya kanallarında yayımlanan “Ötən ilin son gecəsi” filminin mətn müəllifi ilə bayram ərəfəsində söhbətləşmək elə filmin çəkildiyi illərə səyahət etmək deməkdir. Ötən əsrin ab-havasını hiss etmək üçün “90lar cafe”də dediyimiz vaxtda vədələşdik və bir neçə saatlıq zamanın fövqündə olmağı bacardıq...

Kulis.az Xalq yazıçısı Anarın APA-ya “Ötən ilin son gecəsi” müsahibəsini təqdim edir.

– Anar müəllim, siz yaşda adamların növbəti ildən umacağı olur?

– Umacağı təkcə həmin ilə çıxmaq olur, yəni bir il də yaşamaq istəyir.

– 2025-dən başqa nələr gözləyirsiniz?

– Vaxt umuram. Həmişə deyirəm ki, ölümdən qorxmuram. Hamı gec-tez öləcək. Allah lütf edib ki, bu yaşa çatmışam. Yəqin, Allah belə lazım bilib. Təəssüf ki, dostlarımın çoxu vaxtsız getdi həyatdan. Bircə ondan qorxuram ki, əcəl qəfil gələr, natamam qalan bəzi işlərimi tamamlaya bilmərəm.

– Hansı işlərdi onlar?

– Beynimdə, ürəyimdə beş-altı kitab var ki, onları yazıb bitirmək istəyirəm.

– Məsələn?

– Müxtəlifdi... Aralarında bioqrafik kitablar da var. Bəziləri, demək olar, hazırdı... Gülməli də olsa, deyəcəm. “Keçən keçdi, olan oldu” adlı ailəmizin bioqrafiyasını əhatə edən kitab yazıram, bu kitabın anonsunu isə, XX əsrdə vermişdim... Bir ay lazımdı ki, tamamlayım. Çox güman, 25-ci ildə hazır olacaq.

– Digər kitablar nə barədədir?

– Dediyim kimi beş kitab hazırlayıram, hərəsi bir janrdadır. Biri povestdir, biri memuardır, biri esselərdi. Bir kitab da artıq nəşriyyatdadır. İki ailədə dörd Xalq şairi, üç Xalq yazıçısı. Səməd Vurğunla Rəsul Rzanın ailəsində dörd Xalq şairi var: Rəsul Rza, Nigar Rəfibəyli, Səməd Vurğun, Vaqif Səmədoğlu. Üç Xalq yazıçısı var: Ənvər Məmmədxanlı, Yusif Səmədoğlu və mən. Kitab bu barədədir.

– Ən yaddaqalan Yeni il axşamınız nə vaxt olub? Həmin Yeni ili yaddaqalan edən hadisələri xatırlayırsızmı?

– Hadisələr çox olub. Atam-anam sağ olanda Yeni il gecələrini onlarla birgə qeyd edirdim. Sonra ayrı yaşayası oldum, həmişə bayramı onlarla qeyd edə bilmədim. Buna görə təəssüflənirəm. Yeni ilə bir gün qalmış ailəmizin həyatında kədərli hadisə baş verdi, dekabrın 31-də qayınatam rəhmətə getdi. Anam deyirdi ki, bundan sonra siz Yeni ili kədərqarışıq hisslərlə qarşılayacaqsınız. O gündən çox illər keçməsinə baxmayaraq, hər il dekabrın 31-i onun məzarını ziyarət edirik.

– Atalı-analı bayramaxşamılarından yadınızda nə qalıb?

– Atamın bir sözünü xatırlayıram. Yeni ilin gəlişindən beş dəqiqə keçəndən sonra deyirdi: “Ay aman, artıq yeni ildən də beş dəqiqə keçdi”. Bir arzusu da var idi; deyirdi, bir gün də olsa, XXI əsrdə yaşayım. Qismət olmadı...

– Siz iki əsr gördünüz...

– Bəli.

– XXII əsri görməyi arzulamırsınız?

– Yox, daha ona qalmaram...

– Yeni ili xaricdə qarşılamısınız?

– Bəli, Moskvada.

– Necə xatırlayırsınız?

– Vaqif Səmədoğlu, Maqsud İbrahimbəyov, bir neçə moskvalı dostumla birgə qarşılamışdıq Yeni ili. Elə adi, sadə masa arxasında...

– Həyat yoldaşınız Zemfira xanımın səhhətində yaranan problemlərə çox həssas yanaşırsınız. Hətta xaricdə olanda apteklərdən şəxsən özünüz dərman axtarırsınız...

– Bu xüsusi həssaslıq deyil, məncə, çox normal haldı. Elə belə də olmalıdır... Məsələn, Türkiyədən apteklərdən hansısa dərmanı axtarmağım çox adi haldır. Birinci dəfə bu söhbət Nəbi Xəzri ilə Türkiyədə səfərdəykən olub. Aptekdən Zemfira xanım üçün bir dərman axtarırdım. Nəbi müəllim buna çox təəccüblənmişdi. Niyə təəccüblənmişdi? İndi də bilmirəm. Ötən il sizinlə səfərdə olanda da eyni hal baş verdi, hətta Ulucay Akif bunu yazmışdı... Ailəmdi, ömür-gün yoldaşımdı, həyatımı onunla keçirmişəm. Yeddi yaşından tanıyıram onu...

– Yazıçılar məişət qayğılarından uzaqda dayanmağa çalışırlar. Amma elə hal yaşanır, istəsən də, istəməsən də, məişət gəlib yaxandan ikiəlli yapışır. Maraqlıdır, yazı-pozu əhlinin də övladları yerbəyer etmək kimi nigaranlığı var, ya onlar bu məsələyə bir az soyuq yanaşır?

– Valideynlik hissi peşəyə baxmır. Yazıçı da eynilə övladlarından ötrü nigaran olur. Özü də qəribədir, sən hamının qeydinə qala bilərsən, amma öz balanın qeydinə qalanda deyirlər ki, niyə sən ona xüsusi yanaşırsan?.. Bilirsən ki, oğlum da, qızım da yazır. Hər cür çalışıram ki, Yazıçılar Birliyi vasitəsilə onlar heç bir imtiyazdan yararlanmasın. Nə təqaüd, nə hansısa təltif, nə çap olunmaq, heç nə... Nə edirlərsə, öz güclərinə edirlər. Bu halda belə söz qoşurlar ki, Anar öz balalarına təqaüd verir. Görün, nəsə etsəydim, nələr danışardılar?! Onda da deyəcəkdilər ki, Anar Yazıçılar Birliyinin binasını balalarına bağışlayıb.

– Təsadüfən, bu gün Yusif Səmədoğlunun doğulduğu gündür...

– Həyatda rast gəldiyim ən işıqlı, təmiz adamlardan biri Yusif idi. Çox istedadlı yazıçı, incə qəlbli, zövqlü insan idi. Daim onun yeri görünür. Həm də çox həssas idi. Hansısa səbəblərdən ovqatım olmayanda Yusifin xüsusi qayğısını hiss edirdim... 93-cü ildə yeddi ay Türkiyədə dərs dedim. Getməmişdən əvvəl Yazıçılar Birliyində plenum çağırıldı və Yusif birliyin birinci katibi seçildi. O vaxtlar Yusifin ölkə rəhbərliyi ilə münasibətləri yaxşı idi və ona çox hörmət edirdilər. Başqası olsaydı, mənim Azərbaycanda olmamağımdan istifadə edib plenum çağırardı və Yazıçılar Birliyinin sədri olardı. Buna nə hökumət, nə də yazıçılar etiraz edərdi. Sözün açığı, mən də razı olardım. Amma Yusif bunu etmədi. Çünki dostluq, etibar onun üçün vəzifədən üstün idi. Qəzetlər mənim ölkədən birdəfəlik getməyim barədə yazanda Yusif təkzib yazırdı ki, Anar müvəqqəti gedib. Bunu çox az adam edə bilərdi. Həmin az adamlardan biri də Yusif idi.

– Altmışıncılar nəsrindən üçünüz qalmısınız: Əkrəm Əylisli, Elçin Əfəndiyev və siz. Hərdən elə bilirəm, gizlin hardasa görüşürsünüz. Bu, həqiqət olmasa belə, maraqlı yalandı...

– Elçinlə ayda bir dəfə, iki dəfə gizlin yox, aşkar görüşürük. Ya mən zəng edirəm, ya o zəng edir. Əkrəmlə görüşmürük.

– Əkrəm Əylislini görmək istəyirsiniz?

– Açığı, yox. Çünki mən ondan çox incimişəm. Atam haqqında, mənim haqqımda bütün yazdıqlarına baxmayaraq, vaxtilə “Komsomolski pravda” qəzetində onun haqqında məqalə yazdım. Moskvada Əkrəm barədə çıxan ilk yazı idi. Əkrəm deyir, Anar bu yazını da sifarişlə yazıb. Halbuki öz təşəbbüsümlə yazmışam. “Daş yuxular” haqq-hesabından sonra o təklənməsin deyə, həmin məqaləni Azərbaycan dilinə çevirib “Azərbaycan” jurnalında çap etdirdim. “Daş yuxular”dan sonra Azərbaycan mətbuatında ilk dəfə idi ki, Əkrəm haqqında müsbət yazı gedirdi. Dedim, Əkrəm nəcabət göstərər, zəng edib deyər ki, sağ ol, hamı məni pisikdirdiyi vaxtda sən belə addım atmısan. Olmadı, gördüm düzələn deyil...

– Bu yaxınlarda Əkrəm müəllim “Tənha çinarın nağılı” adlı yazı yazdı...

– Mənə göstərdilər, yarısı yalan idi. Dedilər, cavab yaz, dedim, lazım deyil.

– Yazır ki, 87-ci ildə “Karvansara” restoranında görüşmüsünüz, Yazıçılar İttifaqının katibi vəzifəsini təklif etmisiniz. Əvvəl, razı olmayıb, siz kövrəlmisiniz, sonra razılaşıb...

– Əşi, nə kövrəlmək?! Boş sözdü. Görüşdük, əvvəlcə, qəbul etmədi təklifimi, sonra razılaşdı. Bilirsən, niyə ondan inciyirəm? Çox şeyi uydurur. O Yazıçılar İttifaqının üzvlüyündən istefa ərizəsində yazıb ki, xahiş edirəm, məni üzvlükdən azad edəsiniz. İndi deyir, guya, o vaxt ərizədə yazıb ki, getdikcə daha çox iylənməkdə olan və iyləndikcə daha çox üfunət saçan bir təşkilatın üzvü olmağın... nə bilim nə... O ərizə məndə qalır və belə sözlər orda yoxdu. Bax bunu niyə yalan deyirsən, ay Əkrəm?

– Sadiqlik məsələsini əsas tutursunuz...

– Bəli.

– Həmin sadiq adamlardan biri sürücünüz Seyran kişi idi. Bir neçə həftə əvvəl vəfat etdi...

– O bizim ailə üzvümüz kimi idi. Sonuncu gün hansısa tədbirdən gəldik. Həmişə məni liftə qədər ötürürdü. Bu dəfə də liftin önünə qədər gəldi. Dedim, Seyran, daha get, birinci gün gələrsən. Dedi, yox, gözləyəcəm, lift qalxsın, sonra gedəcəm. Sonuncu qayğısı bu oldu. Getdi, bazar ertəsi gəlməli idi. İki gün sonra zəng gəldi ki, Seyran dünyadan köçüb. Elə bildim, göy guruldadı. Heç gözləməzdim... Bəziləri deyirdi ki, gözləri zəifdir, qəza törədə bilər. Deyirdim, yox, nə qədər işləyə biləcək, mən hər yerə onunla gedəcəm... Yeri çox görünür...

– “Ötən ilin son gecəsi” pyesinizdə Yeni il axşamı tənha qalan Həmidə obrazı var. Övladları hərəsi bir yerdə təzə ili qarşılayır, ana isə tənha qalır, mərhum həyat yoldaşının səs yazısını dinləyir. Günü-gündən seyrələn ətrafınızın fonunda nə vaxtsa özünüzü Həmidənin situasiyasında hiss etmisiniz?

– Daim özümü Həmidənin situasiyasında hiss edirəm. Bəzən həmsöhbət tapmıram. Elə söhbətlər var ki, onları ancaq öz yaşıdlarımla, həyat yolumuz bir olan, eyni problemlərlə üzləşdiyim adamlarla edə bilərdim. Onların çoxu qalmayıb, bir-iki nəfər var.

– “Ötən ilin son gecəsi” pyesiniz yeni il ab-havası kontekstində yazılıb deyə bir neçə dəfə rejissorların müraciət etdiyi əsər olub...

– Moskva televiziyası iki dəfə “Ötən ilin son gecəsi”ni səhnələşdirmişdi. Birincini televiziyadan izləmişdim, bəyənməmişdim. Çünki Həmidə xanım obrazını canlandıran aktrisa yüngülvari oynayırdı rolu. Təxminən, üç-dörd ay sonra ikinci teletamaşanı çəkdilər. O isə çox ürəyimcə oldu. Tamaşa nümayiş ediləndən sonra Ləmbəranski mənə teleqram vurdu, məmnuniyyətini bildirdi. Sonra “Ötən ilin son gecəsi” radio tamaşasını hazırladılar. Həmidə xanım obrazını Ramiz Həsənoğlunun anası Ətayə Əliyeva ifa edirdi. Sonra əsər Gənc Tamaşaçılar Teatrında səhnələşdirildi, baş rolu Firəngiz Şərifova oynayırdı. Ondan bir neçə il sonra Azərpaşa Nemətovun quruluşunda pyesin rus dilində olan variantı səhnəyə qoyuldu, elə həmin tamaşada da Firəngiz Şərifova Həmidə xanım obrazını canlandırırdı. Bir müddət sonra – 1978-ci ildə Ramiz Həsənoğlu “Ötən ilin son gecəsi” teletamaşasını çəkdi, Zərnigar Ağakişiyeva baş rolda idi. Nəhayət, 1983-cü ildə Gülbəniz Əzimzadənin rejissorluğu ilə eyniadlı film çəkildi. Həmin filmdə də Həmidə xanım obrazını Elmira Şabanova canlandırırdı.

– Hansı versiyanı daha çox bəyənmisiniz?

– Moskvada çəkilmiş ilk versiyadan başqa, hamısını bəyənmişəm. Hərəsinin öz məziyyəti var... SSRİ xarici işlər naziri Qromıko 83-də çəkilən filmi izləyəndə televiziyanın sədrinə zəng edib ki, uşaqlar evə qayıdacaqlar, ya yox? Sədr deyib, qayıdacaqlar... Əslində, istəmirdim film o cür bitsin. Məcbur olub dəyişdik.

– Finalı hansı səbəblə dəyişdilər?

– Hər şeyə müdaxilə edirdilər. İndi Rusiyanın filmlərinə baxıram, gülmək tutur məni. Filmlərində hamı içir. O vaxt filmdə stolun üzərində bir rumka belə ola bilməzdi. Qəribə şeylər var idi... Tələbləri belə idi ki, gərək, hər şey nikbin sonluqla bitsin. Dedilər, ya çəkiləcək, ya da çəkilməyəcək. Məcbur qaldım... Sənətə də çox xəyanət etməməyə çalışdıq, nisbətən, bədii final tapdıq.

– Anar müəllim, vəsiyyət eləmisiniz?

– “Yaşamaq haqqı” kitabım mənim vəsiyyətimdir. Onun əvvəlində yazmışam ki, ölməyə tələsmirəm, amma vəsiyyət adama yüngüllük gətirir. Bu kitab xalqıma vəsiyyətimdir.

– Onu iki-üç kəlməyə sığışdıra bilərik?

– Mümkün deyil... İstərəm, o kitabı bütün azərbaycanlılar oxusun. İstərəm, cavan yazıçılar o kitabı oxusun. “Anar nə yazıb ki?” deyənlər də “Yaşamaq haqqı”nı oxusun. Eybi yox, oxusun, ondan sonra desin, Anar nə yazıb ki?.. Bilirəm, elə adamlar var ki, mən nə yazsam, deyəcəklər pisdi...

– Bu müsahibə dekabrın 31-i axşam yayımlanacaq. 2025-ci ilin ilk günü söhbətimizi oxuyanlar bu müsahibəni ötən ilin son gecəsinin söhbəti, yaxud ötən ilin son söhbəti kimi səciyyələndirəcəklər. Elə hesab edək ki, ekran qarşısındasınız, bu bayramaxşamı ürək sözlərinizi xalqımızla bölüşün...

– Bütün insanlara xoşbəxtlik, rifah arzulayıram. Nə edim, necə edim deməsinlər. Ailə başçıları ailələrini dolandıra bilsinlər, balalarını böyüdə bilsinlər. Müharibə olmasın, ölüm-itim olmasın. İnsanların fərəhli günləri daha çox olsun. Rusiya-Ukrayna müharibəsi də bitsin...

Söhbəti yekunlaşdıran kimi saatına baxdı. Harasa tələsib-tələsmədiyini xəbər aldım. Dedi, Vaqif Səmədoğlu haqqında sənədli film çəkiblər, onun premyerasına getməliyəm. 86 yaşlı Xalq yazıçısının tələsik hazırlaşıb qapıdan çıxdığını, əli ilə dümağ saçlarını səliqəyə salıb zil qara maşına əyləşdiyini, maşının dar küçələrdən keçib gözdən itdiyini seyr edəndə bu prosesi lentə almadığıma görə təəssüfləndim...
Foto: İlkin Nəbiyev

Kino və kələm şorabası - Seyran Səxavətin yeni hekayəsi Professor Şirməmməd Hüseynovun 100 illiyi münasibətilə sərgi açılıb Öz içində gizli adam - Rəşad Məcid
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:146
embedMənbə:https://kulis.az
archiveBu xəbər 01 Yanvar 2025 13:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Putin bir cümlə ilə özünü təslim etdi...”

18 Avqust 2025 00:45see222

Paşinyan: Ermənistan və Azərbaycan ərazi bütövlüyü məsələsini həll edib

18 Avqust 2025 19:09see217

Ağ Ev bunu təkzib edib...

17 Avqust 2025 20:55see199

Britaniya həmin siyahını İrana verdi: Bu müsəlman ölkəsinin adı var!

19 Avqust 2025 00:40see170

Dünyada ərzaq bahalaşıb Ən çox nələrin qiyməti artıb?

17 Avqust 2025 20:15see143

Vətən sərhədlərində gözlərini qırpmadan keşik çəkənlər... Azərbaycan Sərhəd Mühafizəsi 106 yaşında

19 Avqust 2025 00:40see140

Sevgilisini məhkəmədə uddu Bu qədər təzminat alacaq

18 Avqust 2025 00:56see137

Böyük fəlakət Ölənlərin sayı 645 nəfərə çatdı

18 Avqust 2025 04:45see135

Arsenal səfərdə Mançester Yunayted i məğlub etdi VİDEO

17 Avqust 2025 22:03see131

Çempion PSJ mövsümə bir qollu qələbə ilə başlayıb VİDEO

18 Avqust 2025 01:03see130

“Yay bitməmiş gəzməyə gedə bilsəydik deyənlər üçün 3 günlük ucuz və yaddaqalan marşrutlar

17 Avqust 2025 17:52see127

Uşaqlar üçün kompüter oyunları təhlükəlidir?

17 Avqust 2025 18:27see125

“Ata yurdumda uşaqlıq xatirələrimi yada salıram” DEPUTAT

18 Avqust 2025 08:25see125

Pandemiya ilə bağlı yazılan cərimələr gələn il qüvvədən düşür HÜQUQŞÜNAS FOTO

18 Avqust 2025 15:33see124

Qərb Ukraynada müharibənin bitməsində maraqlı deyil Belarus

17 Avqust 2025 22:11see123

Dilarə Əliyeva qızı və nəvəsinin görüntüsünü paylaşdı

17 Avqust 2025 21:30see122

Qarabağ bu xəritələr əsasında bərpa edilir Video

17 Avqust 2025 18:03see120

Ukrayna Luqansk sərhədlərində 5 minə yaxın əsgərini itirib

18 Avqust 2025 08:08see120

Messi futbol tarixində yeni rekorda imza atıb

17 Avqust 2025 21:06see119

Starlink in işində nasazlıq yarandı

19 Avqust 2025 02:37see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri