Icma.az
close
up
RU
Ankara əlini masaya çırpdı: “Terrorıstan” yaradılmayacaq!

Ankara əlini masaya çırpdı: “Terrorıstan” yaradılmayacaq!

Icma.az, Ayna portalına istinadən məlumat verir.

Türkiyə genişmiqyaslı hərbi əməliyyatlara başlaya bilər, Qərb ya haqlının yanında duracaq, ya da...

Türkiyə Silahlı Qüvvələri (TSQ) Suriyada PKK yaraqlılarına qarşı mümkün əməliyyatla əlaqədar döyüş hazırlığı vəziyyətinə gətirilib. Bu barədə “Türkiyə” qəzeti hərbi mənbələrə istinadən yazır.

Ölkənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Ankara Suriyadakı PKK yaraqlılarına ultimatum verib və çağırışlara məhəl qoyulmasa, hərbi əməliyyat aktuallaşa bilər: “Biz aydın tələblər irəli sürdük. Əgər hərbi əməliyyat variantını istəmirsinizsə, o zaman xarici terrorçular və onların liderləri Suriyanı tərk etməli, təşkilatın qalan üzvləri silahlarını yerə qoymalı və yeni Suriya administrasiyası ilə işləməlidirlər. Dəməşq onlarla dialoq aparır. Amma nəticə olmasa, qanuni seçim hərbi əməliyyat olacaq”.

Bundan əlavə, “Hürriyet” qəzeti Qərb ölkələrinin yeni tələblər irəli sürəcəyi təqdirdə, Türkiyə və Suriyanın terrorçu PKK üzvlərinə qarşı genişmiqyaslı hərbi əməliyyat keçirməyi planlaşdırdığını yazır. Nəşrin məlumatına görə, Suriyada yerləşən PKK-çılar alternativ administrasiyanın yaradılmasında israrlarını davam etdirirlər.

Bu fonda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da xəbərdarlıq edib: “PKK silahı yerə qoymasa, başqa administrasiyanın yaradılmasında israr etməyə davam edərsə və Qərb ölkələri bu tələbləri dəstəkləyərsə, Türkiyə Silahlı Qüvvələrinin Suriya ilə birgə genişmiqyaslı hərbi əməliyyatı qaçılmaz olacaq”.

Materialın müəllifləri aydınlıq gətirirlər ki, Qərb ölkələrindən hansı konkret “yeni tələblər”in Ankara və Dəməşqin birgə fəaliyyətinə başlaması üçün tətik ola biləcəyi hələ də bəlli deyil. Məqalədə Türkiyənin Suriyadakı vəziyyəti sabitləşdirmək üçün ciddi səylər göstərdiyi də vurğulanır. Ankara bildirib ki, onun hərəkətləri PKK-nın mövcudluğunu dəstəkləmək deyil, təhlükəni aradan qaldırmaq məqsədi daşıyır. Türkiyə rəhbərliyi özünün “A” planına əməl etməyə davam edir, lakin lazım gələrsə, “B” planını həyata keçirməyə hazırdır.

Yeri gəlmişkən, bir müddət əvvəl Suriyanın şimalında “Sülh çeşməsi” əməliyyatı zonasında yerləşən Tel Abyad bölgəsindən olan tayfalar YPG terrorçularının (PKK-nın Suriya qanadı) əməlləri ilə bağlı Suriyanın yeni administrasiyasına dəstək üçün müraciət ediblər. Xüsusilə TSQ-nin Suriya Milli Ordusu ilə birgə həyata keçirdiyi “Sülh çeşməsi” əməliyyatı zamanı PKK/YPG terrorçularından azad edilən Tel Abyad bölgəsində toplaşan yerli tayfalar yeni hökumətdən işğal altındakı torpaqların terror təşkilatından azad edilməsini istəyib.

Qəbilələr Rakka, Deyr əz-Zor və Həsəkə bölgələrinin sakinlərinin ağır həyat şəraitinə diqqət çəkərkən, PKK/YPG terrorçuları bölgədə təhlükəsizliyi və humanitar vəziyyəti daha da gərginləşdirir. Həmin məlumatda deyilir: “Yerli əhalinin, o cümlədən yetkinlik yaşına çatmayanların terrorçular tərəfindən saxlanılması, köçürülməsi və zorla təşkilata cəlb edilməsi praktikası regiona dağıntılar gətirib. Minlərlə dinc sakin evlərini və torpaqlarını itirib, ailələr qaçqın düşərgələrinə və qonşu ölkələrə səpələnib. Bu arada quldur dəstələri regionun resurslarını oğurlayır, insanları yoxsulluq və məhrumiyyətlər içində qoyur”.

Hesabatda qeyd edilir ki, terror təşkilatı yalnız insanların əzabını daha da artırır və onların geri qayıtmasına mane olur: “Biz beynəlxalq birlikdən bu vəhşi yaraqlılara qarşı ciddi və çəkindirici mövqe tutmasını, işğala son qoymasını və insanların təhlükəsiz şəkildə öz evlərinə qayıtmasını təmin etməyi tələb edirik”.

Bundan əvvəl xəbər verilmişdi ki, yanvarın 5-də Türkiyə ordusu Suriyanın şimalında 32 PKK yaraqlısını məhv edib. TSQ Suriyanın şimalında yerləşən Suluk məntəqəsinə zərbələr endirib. Bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb. Kanal başqa heç bir məlumat verməyib.

Deməli, Türkiyə artıq açıq şəkildə xəbərdarlıq edir ki, PKK-nın Suriya qanadının hərəkətlərinə səbri tükənir. Kürdlərin Ankaranın şərtlərini yerinə yetirməkdən imtina etməsi və bu terror təşkilatının məhv edilməsinin aktiv mərhələsinin başlaması ehtimalı nə dərəcədədir? Əgər belədirsə, PKK Qərb tərəfdaşları və himayədarları tərəfindən müdafiə oluna biləcəkmi, yoxsa xüsusilə Dəməşqdəki yeni hökumətin Türkiyənin mövqeyini daha çox dəstəkləyəcəyini nəzərə alsaq, bu dəfə kənarda qalmağa üstünlük verəcəklər?

AYNA-nın suallarını tanınmış ekspertlər cavablandırıblar.

Türkiyəli politoloq, Ankara Universitetinin professoru Toğrul İsmayıl:

“Biz çox yaxşı bilirik ki, Qərb Suriyada PKK kimi terror qruplaşmalarının fəaliyyəti ilə bağlı ikili oyun oynayır. Yəni amerikalıların İŞİD-ə qarşı döyüşdüyü iddia edilir və buna görə də Türkiyənin böyük terror təşkilatının bir hissəsi hesab etdiyi bu qrupları dəstəkləyir. ABŞ-ın dəstəyi sayəsində bu qruplar regionda öz şərtlərini diktə edirlər. Etnik tərkibi dəyişirlər, başqa şeyləri dəyişirlər, guya böyük ərazilərə nəzarət etdiklərini göstərirlər, halbuki reallıqda belə deyil.

Xüsusilə son vaxtlar Suriyanın şimal əyalətlərində Əsədin gedişindən sonra yerli əhalinin kürd qruplaşmalarına qarşı narazılıq və çox sərt münasibət sərgilədiyinin şahidi oluruq. O cümlədən dinc əhalini məhv etdiklərini xatırlamaq lazımdır.

Türkiyə üçün əsas məqsəd onun sərhədlərində qondarma “Terrorıstan”nın yaradılmasının qarşısını almaqdır. Yəni, guya yerli kürdlər tərəfindən yaradılacaq dövlət, əslində isə həmin terror qrupları tərəfindən yaradılacaq. Bu, ən vacib şeydir. Ankara isə heç kimə belə imkan verməyəcək. Bunu həmişə açıq şəkildə nümayiş etdirib.

Amma Türkiyə silahlı yolla dərhal hərəkətə keçmək, yəni açıq şəkildə müdaxilə etmək istəmir. O istəyir ki, amerikalılar əvvəlcə bu məsələni Suriyanın yeni rəhbərliyi ilə həll etməyə çalışsınlar. Türkiyə Suriyanın ərazi bütövlüyünə uyğunluq prinsipindən çıxış edir. Ancaq terror qruplaşmaları hər hansı təxribatçı hərəkətlərə əl atsa, təbii ki, Türkiyə də adekvat addımlar atacaq. Başqa heç nə olmayacaq. Bu, ölkəmizin milli maraqlarından irəli gəlir.

Qərb ölkələri özlərini Türkiyənin yerinə qoymalı və düşünməlidir: onlar öz qapılarında hansısa terror dövlətinin yaradılmasına icazə verərlərmi? Burada cavab açıq şəkildə mənfidir. Beləliklə, Qərb ölkələrinin bu ikili standartlara son qoymasının vaxtı çatıb. Baxırıq ki, onlar da Qarabağla bağlı Azərbaycana qarşı oxşar münasibət göstərirdilər. Bir sözlə, Türkiyənin məqsədi bəllidir - öz sərhədləri yaxınlığında heç bir “Terrorıstan”nın yaradılmasına imkan verməmək!”.

Rusiyalı şərqşünası və Yaxın Şərq üzrə ekspert Ruslan Süleymanov:

“Həqiqətən də, Suriyada kürdlərlə bağlı hadisələr çox sürətlə inkişaf edir. Ankara 2014-cü ildə elan edilmiş kürd muxtariyyətinin tamamilə ləğv edilməsində, Suriya Demokratik Qüvvələrindən (SDQ) başlayaraq kürd silahlı qruplaşmalarının, eləcə də YPG-nin ləğvində israrlıdır.

Məsələ burasındadır ki, Suriyada yeni hakimiyyət hələ də bu silahlı qruplaşmalarla bağlı dəqiq mövqe bildirməyib. Əvvəla, onların indi buna vaxtları yoxdur. Onlar elektrik enerjisi, yanacaq təchizatı, su təchizatı kimi əsas məsələlərin həlli ilə məşğuldurlar. Bunlar sadəcə olaraq Bəşər Əsəd dövründə həll olunmayan məsələlərdir.

İkincisi, Suriyanın yeni hakimiyyət orqanları ölkədə onsuz da ağır olan vəziyyəti daha da gərginləşdirmək istəmir. Onlar anlayırlar ki, birmənalı olaraq Ankaranın tərəfini tutsalar, kürd silahlı qruplaşmalarına qarşı hərbi əməliyyatlarda iştirak etməli olacaqlar. Əhməd Şəra kimi tanınan yeni Suriyanın lideri Əl-Colani kürd nümayəndələri ilə görüşüb. İlkin razılıq əldə olunub ki, kürdlər Suriyanın yeni hakimiyyət orqanlarına Suriya sərhədlərinə birgə nəzarət etməyə imkan verəcəklər. Kürdlər yeni Suriya bayrağının qaldırılmasına da razılaşıblar. Amma Türkiyə üçün bu kifayət deyil.

Türkiyə bu birləşmələrin tamamilə ləğvini tələb edir. Biz Türkiyənin özündə kürd probleminin həlli prosesinin necə intensivləşdiyini, dekabrın sonunda kürd tərəfdarı Xalqların Demokratiya və Bərabərlik Partiyasının nümayəndələrinin İmralı adasında Abdullah Öcalanı necə ziyarət etdiyini görürük. Bundan sonra onlar bütün türk tərəfləri ilə görüşdülər, lakin bu, Türkiyə daxilindəki prosesi hələ irəli aparmadı və Suriyada hələ də hər hansı bir dəyişikliyə səbəb olmadı. Və Öcalanla görüşlər də Suriyada baş verən hadisələrin nəticəsidir.

Göründüyü kimi, artıq Öcalanın Suriya kürdlərinin silahlı birləşmələri üzərində təsiri yoxdur. Ona görə də Ankara təbii ki, hərbi əməliyyat keçirəcəyi barədə düşünür və bu hazırlıqdan açıq danışır. Amma burada hələ çox şey Trampdan asılı olacaq. Hazırda onun mövqeyi bəlli deyil. Aydındır ki, o, Amerika qoşunlarını tez çıxarmayacaq - Suriyada təxminən 2000 Amerika əsgəri var. Və bu, sövdələşmə mövzusu olacaq. Yenə də kürd faktoru, amerikalıların Suriyanın silahlı kürdlərinə dəstək verməsi Ankaraya təzyiq elementidir və mən düşünmürəm ki, Tramp bundan tez əl çəksin.

Ona görə də Türkiyənin Suriyada hərbi əməliyyat keçirmə ehtimalı hər gün artır. Və hələ ki, kürdlərin qərbli tərəfdaşları və ya İsrailin Türkiyənin əməliyyatı olacağı təqdirdə onlara kömək etməyə hazır olacağına dair heç bir işarə yoxdur. Çox güman ki, kürdlər həm üsyançı Suriya Milli Ordusu, həm də əslində Türkiyə ordusu ilə müstəqil şəkildə qarşılaşmalı olacaqlar. Kiminsə Türkiyə Silahlı Qüvvələri ilə ciddi şəkildə silahlı münaqişəyə girməsi mümkün deyil”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:235
embedMənbə:https://ayna.az
archiveBu xəbər 14 Yanvar 2025 10:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see305

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see289

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see274

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see272

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see234

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see231

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see216

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see216

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see213

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see211

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see209

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see207

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see203

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see198

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see195

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see187

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see184

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see183

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri