Icma.az
close
up
RU
Artur Rasizadədən SENSASİON AÇIQLAMALAR

Artur Rasizadədən SENSASİON AÇIQLAMALAR

Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq.


Bakupost.az sabiq Baş nazir Artur Rasizadənin Musavat.com-a verdiyi müsahibəsini təqdim edir:

- Artur müəllim, doğum gününüzü, 90 illik yubileyinizi təbrik edirəm. Həmçinin “Heydər Əliyev” Ordeninə layiq görülməyinizlə bağlı təbrik edirəm.

- Çox sağ olun, minnətdaram.

Artur Rasizadə 27-ci oldu – “Heydər Əliyev” ordeni daha kimlərə verilib?

- Xatırlayırsınızsa, sizinlə 7 il əvvəlki söhbətimizdə demişdiniz ki, məni ən çox narahat edən Qarabağ məsələsidir. Bu gün Artur müəllim özünü necə hiss edir?

- (Ürəkdən gülür) Mən çox şadam ki, bu yaşa çatdım, torpaqlarımızın azad olunmasını öz gözlərimlə gördüm. Bu, tarixi hadisədir.

- Xocalı soyqırımının törədildiyi gündə doğulan bir insan üçün yəqin ki, doğum gününü qeyd etmək də asan məsələ olmayıb, elə deyilmi?

- Bəli, bəli. Elədir.

- Amma artıq Xocalıya böyük qayıdış başlayıb, Azərbaycan ədaləti bərpa etdi. Yəqin bu gün başqa hisslər keçirirsiniz...

- Doğrudur. Allah Xocalı şəhidlərinə və bütün şəhidlərimizə rəhmət eləsin. Amma istəyirəm Köçəryan, Sərkisyan və digərlərinin ədalət məhkəməsi qarşısında dayanmasını da görüm. Bu, mənim arzumdur. Ya məhkəmə, ya da özlərinə layiq cəza. Özü də beynəlxalq səviyyədə. Çünki elə cinayətlər törədiblər ki, bunu heç vaxt yaddan çıxartmaq olmaz. Heç vaxt.

- Yubiley tədbirinizi necə keçirmək fikrindəsiniz?

- Mən həmişə evdəkilərlə qeyd edirəm. Təntənəli tədbirlərdən, ad günlərindən qaçıram. (Gülür)

- Misir müəllim (Mərdanov-E.P.) sizinlə bağlı çox maraqlı xatirələrini bölüşüb, təbrik yazıb.

- Eləmi? Mən hələ oxumamışam.

- Bildirir ki, Artur müəllim hamıyla oturub-durmur, ancaq çörək kəsdiyi üç-dörd nəfərlə bu günə qədər də isti münasibətlər saxlayır, ildə bir, ya iki dəfə ətrafına toplayıb çay süfrəsi ətrafında şirin söhbətlər edir. Əlavə edib: “Mən çox xoşbəxtəm ki, həmin üç-dörd nəfərin sırasında varam, ildə bir-iki dəfə bu müdrik insanla bir süfrənin arxasında əyləşirəm”.

- Bəli, bəli. Misir müəllimlə birgə işləmişik. Sağ olsun. Minnətdaram.

- Keçəndəfəki söhbətimizdə xatirələrinizlə bağlı kitab yazacağınızı demişdiniz. Yəqin ki, artıq başlamısınız, eləmi?

- Elədir, başlamışam(gülür).

- Çox maraqla gözləyirik. Çünki siz canlı əfsanə sayılan insanlardansınız. Doğum gününüzdə, 90 illik yubileyinizdə ürəyinizdən nələr keçir?

- Ən çox minnətdarlıq...Minnətdarlıq...Görürsən də bu çətin dövrdə nələr baş verir? Ona görə də cənab Prezidentə cansağlığı arzulayıram. Ulu Öndərə qəni-qəni rəhmət olsun. Mən fəxr edirəm ki, Ulu Öndərin həm silahdaşı, həm şagirdi olmuşam. Mən həm də fəxr edirəm ki, cənab Prezidentin uzun illər silahdaşı olmuşam. Başqa nə deyim? Tarix özü

qiymət verdi.

- İlk söhbətimizdə dilə gətirdiyiniz, Qarabağla bağlı sizin də, bütün xalqımız kimi, arzunuz reallaşdı. Bundan sonra ümummilli və ya şəxsi planda hansı arzu-istəyiniz var?

- Xalqımıza birinci növbədə sülh, yüksək rifah arzulayıram. Başqa nə deyə bilərəm? Görürsən də dünya necə dəyişir? Ona görə də hər bir çağırışa hazır olmalıyıq. Gördüyünüz kimi, ən çox güclü və müdafiə qabiliyyətli ölkələrlə hesablaşırlar. Mən də arzu edirəm ki, biz də o sıralarda olaq.

- Böyük Hüseyn Cavidin məqbərəsini ziyarət etmək üçün Zəngəzur dəhlizindən keçən qatarla nə zaman Naxçıvana gedəcəyinizi düşünür və ya arzulayırsınız?

- Mən tam inanıram ki, o gün gələcək. Hələ uşaq vaxtına Naxçıvandan Bakıya qatarla gedib-gəlirdim. Düşünürəm ki, bundan sonra da belə olacaq. Birmənalı. Məndə şübhə yoxdur. Yalnız zaman və bir də o məsələyə qayıdıram ki, özümüz güclü olmalıyıq. Həm iqtisadi cəhətdən, həm də müdafiə qabiliyyətimiz çox güclü olmalıdır.

- Sizinlə söhbət edərkən ani olaraq düşünürəm ki, Cavidin də ruhu şaddır və getdikcə daha da şad olacaq. Çünki Hüseyn Cavid turançılıq ideyasının daşıyıcısı idi və bu yolda şəhid oldu. Turan dünyasının qurulması, Türk Dövlətləri Təşkilatının yaradılması istiqamətində addımları necə dəyərləndirirsiniz?

- Bəli, doğrudur, Cavidin də ruhu şaddır. Turanın qurulması ikinci atılacaq addım ola bilər. Birinci addım Zəngəzur dəhlizinin açılması olacaq. Turanın qapısı. Cavid bunu o vaxt görürdü (gülür).

- Artur müəllim, Zəngəzur dəhlizinin keçəcəyi 43 km-lik dəmir yolu infrastrukturunun dağıdılmasına görə Ermənistan ölkəmizə kompensasiya ödəməli deyilmi? Siz uzun illər iqtisadi komandaya rəhbərlik etmisiniz, yəqin ki, həmin dəmir yolu xəttinin sovetlər dövründə Azərbaycanın əmlakı olması faktı barədə də məlumatlısınız.

- Təbii ki, bizə vurulan zərər mütləq ödənilməlidir. Biz artıq bu məsələni qaldırmışıq, rəqəmlər səslənir. Təbii ki, həm diplomatik sahədə, həm hüquqi müstəvidə nüfuzumuz qalxdıqca, təsirimiz daha da artacaq. O məsələləri mütləq nəzərdə saxlamalıyıq.

- Cənab Prezident Qərbi Azərbaycana qayıdışın da reallaşması məsələsini qətiyyətli şəkildə bəyan edib.

- Bəli. Bu, ədalətli mövqedir. Burada işğalçılıq, ya başqa bir şey yoxdur. Əksinə, tarixi sənədlər var, bu ərazilər 1920-ci ildən sonra Ermənistana necə verilib, bolşeviklərin qərarı ilə və sair. İndi başlayıblar ki, “Stepanakert”. 1923-cü ilədək bu şəhərin adı nə idi – Xankəndi. Bu, tarixdir. Yerevan əvvəldən “Yerevan” idi? Tarix var. Çətinliklə də olsa, bir az gec, bir az tez, həqiqət öz yerini tutur. Baxmayaraq ki, indiki zəmanədə ədalət çox da istifadə olunmayan bir sözdür. Amma ədalət yenə var və olmalıdır.

- Ermənistanla sülh sazişinin imzalanması perspektivi barədə nə kimi gözləntiləriniz var?

- Demək çətindir. Çünki bizim qoyduğumuz şərtlərlə bağlı razılığa gəlməsələr, təbii ki, buna qol çəkmək olmaz. Özü də buna bizim tam haqqımız var. Sən necə konstitusiyaya yaza bilərsən ki, bu ərazilər mənə məxsusdur? Ölkəmizin ərazi bütövlüyünə qəsd etdiyin halda, mən necə səninlə sülh imzalaya bilərəm? Ona görə də birmənalı şəkildə Ermənistan konstitusiyası dəyişməlidir!

- Artur müəllim, indiki hökumət başçısı Əli Əsədovla təmaslarınız, görüşünüz olurmu? Hökumətin fəaliyyəti ilə bağlı nə deyə bilərsiniz? Razısınızmı?

- Mən sənə bir söz deyim: bəziləri düşünür ki, Baş nazir işləmək asan məsələdir. Çətin vəzifədir, çox çətin məsələdir. Yalnız uğurlar, uğurlar, uğurlar! İndi Allaha şükür, işlər pis deyil, yaxşıdır. Prezidentin etimadını doğruldurlar. Özü də təkcə bizim ölkədə deyil, bütün ölkələrdə Baş nazir vəzifəsini daşımaq asan məsələ deyil, bunu camaat bilməlidir. Amma təəssüflər olsun ki, bəzi saytlar yazırlar...Sağ olsun, cənab Prezident Artur Rasizadəni “Heydər Əliyev” Ordeni ilə təltif etdi, amma 20 Yanvar hadisəsində adı keçir. Boş-boş şeylərdir. Amma bir düşünmürlər ki, birinci katib, Moskvadan göndərilən ikinci katib, Baş nazir, Ali Sovetin sədri yerində olan 1-ci müavin Qorbaçova teleqram vurur? Özü də Nazirlər Kabinetinə yox, Prezidentə...Dünyada belə bir şey ola bilərmi?

- Yubiley günündə qanınızı qaraltmaq istəmədim. Amma vaxtaşırı belə iddialar ortaya atılır ki, guya sovet ordusunu Bakıya siz dəvət etmisiniz...

- (Gülür) Təsəvvür elə də, belə şey ola bilməz. Deyən gərək, axı, siz 1,5-2 il hakimiyyətdə oldunuz, bir yoxlayardınız da. Teleqram qeydiyyatdan keçməlidir, onun əsası qalmalıdır. Hə, Rasizadənin anası ermənidir, gəlini də ermənidir. Deyirəm mən çox şad olardım ki, gəlinim erməni olardı, amma taleyim elə olub ki, mənim oğlum yoxdur, bir dənə qızım var...Ə, belə şey olar? Bununla nə qazanırsınız? Bu, hansı dəyirmana su tökməkdir? Gəl mən anamın pasportunu sənə göstərim, gör ermənidir? Lap tutaq ki, erməni olaydı. Rasizadə nə edibsə, hökumət üçün, xalq üçün, millət üçün, ölkə üçün eləyib. Ata-anası tam azərbaycanlı olan bəziləri nə ediblər? Ehh...Bilmirsən savadsızlıqdır, ya başqa dərdləri yoxdur, ya nədir? Mən baş qoşmuram.

- Misir Mərdanovun yazdığı kimi, sizin şadlıq evləriniz, ya villa-saraylarınız olsaydı...

- Oooo (bərkdən gülür). Bir hektar torpaq, ya bir dənə mağaza tapsınlar, mən onlara qurban verirəm.

- Harada yaşayırsınız?

- Sağ olsun cənab Prezident, mən dövlət bağında yaşayıram.

- Misir müəllim sizin Azərbaycan dilində incəliklərinə qədər səlis danışdığınızı da yazıb. Bəzən dilimizə görə də ittiham olunursunuz. Sizinlə sərbəst danışırıq, görürəm ki, ciddi çətinliyiniz yoxdur.

- Açıq desəm, bəli, mən xüsusilə də qabaqlar Azərbaycan dilini rus dili kimi bilmirdim. Bu, mənim nöqsanımdır, bəli. Mən bunu qəbul edirəm. Amma...Məsələn, Yekaterina rus dilini bilmirdi, amma imperiyanı dünya səviyyəsinə qaldırdı. Amma gəlin Cavidin şeirlərindən danışaq, görüm mənim qabağıma çıxa bilərlərmi? (Ürəkdən gülür)

- Cavidi əzbər bilirsiniz, eləmi?

- Bəli, əlbəttə. (“İblis”dən bədahətən söyləyir)

“Oturarlar, söyləşərlər, anlaşılmaz sözləri,

Həp baxarlar, amma görməz gözləri.

İdraksız başçıları, qeyrətsizlik ancaq

Milləti edib əllərdə oyuncaq.

İblis nədir? Cümlə-xəyanətlərə bais...

Ya hər kəsə xain olan insan nədir? İblis! (Ardınca da ürəkdən gülür).

Doğrudan da mən şairlər, yazıçılar kimi dili bilsəydim, çox şad olardım. Amma rus məktəbi qurtarmışam, anam rusdilli olub. Müharibə vaxtı atasız...Mən heç atamı xatırlamıram. Müharibəyə getdi və ilk aylarda həlak oldu. Anam iki uşağı ilə təkbaşına qaldı. Çox dəhşətli taledir. Mən məktəbi Lənkəranda bitirmişəm. O vaxt çörəyi “kartoçka” ilə verirdilər. Aylıq kitabça verirdilər, gedirdik, “kartoçka” ilə 150 qramlıq çörəyi alırdıq. Lənkəran böyük şəhər deyildi, hamı bir-birini tanıyırdı. Biz, balaca uşaqlar acından gecə yata bilmirdik. Gedirdik o dükana, deyirdik səhərki çörəyi axşam ver, biz yeyək. Bax, mən belə böyümüşəm.

-Çox ağır mənzərədir. Siz Lənkəranda neçə il yaşadınız?

- 17 il. Mən Gəncədə doğulmuşam. Atam Gəncədə işləyirdi. Sonra atamı (Tahir Şeyx Məhəmməd oğlu Rasizadə-E.P.) Lənkərana göndərdilər, Lənkəran subtropik bitkilər texnikumunun direktor müavini oldu. Sonra müharibəyə çağırdılar, qayıtmadı.

- Allah rəhmət eləsin. Artur müəllim, bu günlərdə rus məktəbləri ilə bağlı müzakirələr gedir. Rusca təhsil alan biri kimi, sizin fikriniz necədir?

- Mən rus məktəblərinin bağlanmasının əleyhinəyəm. Həm rus dilini, həm ingilis dilini öyrənməliyik. Rusiya bizim qonşumuzdur. Siyasi məsələlər də düzələcək, inşallah. İqtisadi məsələlər var. Rus dilini bilməsəm, mən bütün Orta Asiya ilə necə danışacağam?

- Bəs rus məktəblərinin dövlət hesabına fəaliyyətinə necə baxırsınız?

- Məndən olsa, dövlət hesabına Çin məktəbləri də açardım. Çünki gələcək Çinin əlində olacaq.

- Sonda ABŞ Çinə uduzacaq?

- Bəli. Ancaq zaman. İndi bərabərdirlər.

- Bəs Ukrayna müharibəsi nə ilə bitəcək?

- Ooo. Buna mənim cavabım yoxdur.

- Bu gedişlə deyəsən Ukrayna bölüşdürülür.

- O da ola bilər. İstər-istəməz şəxsiyyətlərdən də çox şey asılıdır. Gördünüz, Bayden özünü başqa cür aparırdı, indiki başqa cür idarə edir. Artıq sənədlər, sazişlər işləmir. Dil məsələsinə qayıdıram, həm rus, həm ingilis - türk dili aydın məsələdir - həm Çin dilini öyrənmək lazımdır. Çin dilini indidən oxumağa başlamaq lazımdır, çünki gələcək onunla bağlı olacaq. Sənə bir söz deyim, Cavid hələ 1914-cü ildə yazmışdı ki, rus dilini öyrənmək lazımdır. Cavid e, pantürkist, buna nə deyirsiniz? Cavid deyirdi bunu, Cavid.

- Qroznı səmasında mülki təyyarəmizin vurulmasından sonra Rusiyanın davranışları Azərbaycanda sərt etirazlar doğurub. Sizcə, Moskva niyə belə davranır və hansı addımları atmalıdır?

- Təəssüflər olsun. Rusiyanın son addımları...Təsəvvür edin, çıxış edib deyir ki, biz Ukraynaya soxulmamışıq, Ukrayna bizə soxulmaq istəyirdi, buna nə cavab verəsən?

- Növbəti dəfə Azərbaycana şimaldan təhlükə ola bilərmi?

- Mən düşünmürəm. Yox. Rusiya birmənalı şəkildə təyyarə hadisəsinə görə Azərbaycandan üzr istəməlidir. Cənab Prezident dedi ki, mən başa düşürəm, bu hadisə bilərəkdən edilməyib, amma bunu boynuna al da. Fakt göz qabağındadır. Siyasət belədir də. Təəssüflər olsun ki, imperiya düşüncələrinə hələ son qoyulmayıb.

- Putin yenidən SSRİ-ni bərpa etmək fikrinə düşə bilərmi?

- SSRİ də olmasa, nəsə ona bənzər şey...


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:44
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 26 Fevral 2025 15:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İki il sonra üstü açılan qətlin Təfərrüatı

03 İyun 2025 04:20see156

Futzal üzrə Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb

03 İyun 2025 10:16see135

Təmkin: “Bizə olan inamı doğrultduq”

03 İyun 2025 09:15see123

Türkiyə ilə Yunanıstan arasında 5,8 bal gücündə zəlzələ baş verib

03 İyun 2025 03:55see123

Gəncədə qohumlar arasında dava Yaralılar var

03 İyun 2025 08:02see121

Ölkəmizin heç vaxt görmədiyi sürətlə silah yığırıq

03 İyun 2025 08:17see120

Bu günə qədər Qareginin ünvanına güldən ağır söz deyilməyib

03 İyun 2025 09:40see120

Yaponiyada isti havada əməkdaşlarına müdafiə təmin edə bilməyən şirkətlər cərimələnəcək

03 İyun 2025 03:07see119

Ağır yanıq xəsarətləri olan Çinarənin anası: Nə dərman, nə yemək ala bilirik

03 İyun 2025 12:20see116

Milan ın sabiq hücumçusu Yaxın Şərqdə oynayacaq RƏSMİ

03 İyun 2025 09:08see116

Marmarisdəki 5.8 bal gücündə zəlzələnin görüntüləri İnsanlar küçələrə axın etdi

03 İyun 2025 10:17see115

Bakıda bu yollarda sıxlıq var SİYAHI

03 İyun 2025 08:26see114

Siyarto: Macarıstan Trampın sülh planını dəstəkləməyə davam edəcək

03 İyun 2025 03:36see114

Qarabağda gecələyən əcnəbi turistlər otellərdə qalmırlar

03 İyun 2025 10:19see114

Pərviz Şahbazov: 2030 cu ilin sonunadək Azərbaycanda 1,5 milyard kubmetr təbii qaza qənaət ediləcək

03 İyun 2025 10:00see113

Şaqqıldyan avtomatlar, Əlikramın "strateji məhsul"u və “Lənkəranın İsveçrəsi”...

03 İyun 2025 10:30see112

3 yaşlı qızını öldürən qadın həbsxanada ÖLÜ TAPILDI

03 İyun 2025 05:00see112

Stress zamanı insanlar emosional yeməyə meyilli olurlar DİETOLOQ AÇIQLADI

03 İyun 2025 10:41see112

Bakıda McDonald s un yanında yanğın VİDEO

03 İyun 2025 11:24see111

Son illər Azərbaycan musiqisində ciddi geriləmələr müşahidə olunur KULTROLOQ ŞƏRH ETDİ

03 İyun 2025 12:05see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri