ATƏT in Minsk qrupu ləğv olunur: “Bu, Azərbaycanın qələbəsidir”
Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Minsk qrupunun ləğvi Azərbaycan tərəfindən danışıqların ilkin mərhələlərində irəli sürülmüş şərtlərdən biri idi”.
Bu, Azərbaycan Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində deyib.
Dövlətimizin başçısı vurğulayıb ki, Minsk qrupu 1992-ci ildə ATƏM tərəfindən Qarabağ münaqişəsinin həlli üçün yaradılmışdı:
“Ermənistan rəsmi şəkildə Qarabağı Azərbaycanın hissəsi kimi tanıdığını və münaqişənin başa çatdığını bildirdiyi halda, Minsk qrupunun hüquqi mövcudluğu absurddur. Əgər onu saxlamaqda israrlı olsalar, bu, onların Qarabağla bağlı hələ də ərazi iddialarının olduğunu göstərir.
Bu, mövqeyimizin əsasında dayanan məntiq idi. Ermənistanı anlatmaq üçün çox vaxt və səy sərf etdik ki, hər iki tərəf Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə məktub yazsın və bu, Prezident Trampın iştirakı ilə baş verdi. Hazırda proses artıq başlayıb və bu, Minsk qrupunun hüquqi süqutunu ifadə edəcək, çünki o, artıq beş ildən çoxdur ki, fəaliyyətsizdir”.
Qeyd edək ki, Azərbaycan 2020-ci ildə cəmi 44 günə torpaqlarını işğaldan azad etməklə beynəlxalq hüququ və ədaləti özü təmin etdi. Bundan sonra isə ATƏT-in Minsk qrupunun gələcəyi sual altına düşdü.
Faktiki olaraq, 30 il ərzində aparılan danışıqlarda hər hansısa nəticə əldə olunmadı. Sanki bizim işğalla barışmağımız üçün zaman qazanılmağa çalışılırdı. Bəli, ATƏT-in Minsk qrupunun məqsədi bu olduğu üçün fəaliyyətsizlik prinsipi ilə məsələyə yanaşırdı.
Lakin bu gedişata Azərbaycan dövləti son nöqtəni qoydu və münaqişəni kökündən həll etdi. Beləliklə, artıq Minsk Qrupuna ehtiyac olmadı. Prezident İlham Əliyev sözügedən qrupun ləğv olunmasının vacibliyini bir çox beynəlxalq platformadan dilə gətirdi.
Nəticədə, dövlətimizin başçısının haqlı mövqeyi ilə hesablaşmalı oldular. 8 avqustda Ağ Evdə keçirilən üçtərəfli görüşdə ATƏT-in Minsk qrupu ilə bağlı məsələ də öz həllini tapdı. Artıq bununla bağlı rəsmi addımlar atılıb və yaxın perspektivdə Minsk qrupunun ləğvi prosesi baş tutacaq. Bu da ölkəmizin daha bir diplomatik qələbəsi kimi qiymətləndirilir.
Azad Vətən Partiyasının sədri Akif Nağı “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, ATƏT-in Minsk Qrupunun buraxılması artıq rəsmiləşməyə doğru gedir:
“Ümumiyyətlə, Minsk qrupu çox yanlış bir qurum idi. Həmsədrlər məsələnin həlli ilə məşğul olmurdular, öz dövlətlərinin maraqlarını yeritməyə çalışırdılar və Ermənistanın mövqeyini müdafiə edirdilər. Yəni Minsk qrupunun həmsədrləri məsələyə düzgün yanaşmırdılar.
Əsas məsələ Azərbaycan torpaqlarının işğalı faktı idi. Lakin onlar bu faktı təsdiq etmək əvəzinə Qarabağdakı bir ovuc erməninin hüquqlarını qabartamağa çalışırdılar. Artıq şükürlər olsun ki, bu fəaliyyətsiz qurumun buraxılması üçün hazırlıq gedir”.
Partiya sədri diqqətə çatdırıb ki, Azərbaycan rəhbərliyi məntiqli və davamlı şəkildə öz siyasətini yeridir:
“Azərbaycan döyüş meydanında tarixi nəticəyə nail oldu. Düşmənin təxribatlarının qarşısını alaraq, əks-hücum nəticəsində torpaqlarımızı işğaldan azad etdi. Ardınca ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu. Üstəlik, rəsmi Bakı dünyanı bu faktı qəbul etməyə məcbur etdi.
Bütün beynəlxalq və regional təşkilatlar, habelə ən aparıcı dövlətlər belə ölkəmizin haqlı mövqeyini qəbul edirlər. Yəni Azərbaycan müharibə meydanında olduğu kimi diplomatik sahədə də zəfər qazandı”.
Akif Nağı onu da əlavə edib ki, ATƏT-in Minsk qrupu təxribatçı qurum idi:
“Onlar müharibədən sonra belə nələrsə etməyə çalışırdılar. Lakin Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bildirdi ki, artıq Minsk qrupuna ehtiyac yoxdur. Ermənistan uzun müddət buna müqavimət göstərsə də, geri addım atmağa məcbur qaldı.
Rəsmi İrəvan hesab edirdi ki, Minsk qrupu sayəsində hələ də nələrəsə ümidləri qala bilər. Lakin Azərbaycanın haqlı və məqsədli mövqeyi nəticəsində bununla razılaşmağa məcbur oldular. Çünki Azərbaycan heç bir halda Ermənistana revanşist ümidlərə qapılmağa imkan vermir.
Həm Ermənistan, həm də ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycanın haqlı mövqeyi ilə hesablaşamağa məcbur qaldılar. Hesab edirəm ki, bu, Azərbaycan diplomatiyasının çox böyük uğurudur.
Minsk qrupu adlanan təxribatçı qurumun ləğvi regionda sabitliyin və daimi sülhün bərpa olunması üçün ciddi amil olacaq. Bundan sonra bir daha Ermənistan və onların havadarları regionda sabitliyi pozmağa cəsarət etməməlidir”.
Elmir Mustafa
“Cebheinfo.az”


